Son illər muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sektorunda həyata keçirilən tədbirlər Naxçıvanın aqrar regiondan sənaye regionuna çevrilməsinə şərait yaradıb, nəticədə, muxtar respublikada müxtəlif çeşidlərdə yüksəkkeyfiyyətli məhsullar istehsal edən rəqabətqabiliyyətli müəssisələr fəaliyyətə başlayıb.
Belə müəssisələrdən biri də “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisədə Almaniya, İtaliya və Türkiyə respublikalarından alınmış müasir texnoloji avadanlıqlar quraşdırılıb, müxtəlif çeşiddə keyfiyyətli məhsul istehsalı üçün geniş imkanlar yaradılıb. Mebel fabrikində divan, kreslo və yumşaq oturacaqlı stullar, döşəmə, həmçinin ofis, mətbəx, yataq mebelləri, qapı-pəncərə, dekorasiya və qapı-pəncərələrin boyanması üçün boyaqxana sexləri fəaliyyət göstərir.
Burada ağac profilli qapı və pəncərələr, modern və klassik üslubda dizayn edilmiş mebellər, sosial və inzibati binalar üçün müxtəlif avadanlıqlar istehsal edilməklə yanaşı, dizayn-dekorasiya xidmətləri də göstərilir. Fabrikdə tətbiq olunan keyfiyyətə nəzarət sistemi mebel istehsalında istifadə olunan materialların və hazır məhsulların davamlılığını, uzunömürlülüyünü təmin edir. Material kimi istifadə olunan məhsulların bir qismi Türkiyə Respublikasından, Afrika ölkələrindən, Gürcüstandan idxal olunur. Digər materialların bir qismi isə Naxçıvana məxsusdur.
Müəssisədə istehsal prosesi avtomatlaşdırılıb, texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla normal iş şəraiti yaradılıb. Burada fəaliyyət göstərən laboratoriyada müasir avadanlıqlar quraşdırılıb ki, bu da istər xammal, istərsə də hazır məhsulların keyfiyyət göstəricilərinə nəzarətin təmin olunmasına imkan verir. Hazırlanan məhsullar “Gəmiqaya” əmtəə nişanı ilə fabrikin sərgi-satış salonunda, Naxçıvan şəhərinin “Təbriz” küçəsində, Babək məhəlləsində və Ordubad şəhərində fəaliyyət göstərən mebel mağazalarında satışa çıxarılır. Müəssisədə istehsal olunan klassik, avanqard və modern mebellər ölkəmizin paytaxtında və digər regionlarda da alıcılar tərəfindən rəğbətlə qarşılanır. Hazırda Bakı şəhərinin Nərimanov və “Neftçilər” prospektlərində, Sumqayıt, Goranboy, Lənkəran şəhərlərində satış mərkəzləri fəaliyyət göstərir. Müəssisənin satış mərkəzlərinə müraciət edən müştərilərə zövqlərinə və ev şəraitinə uyğun müxtəlif çeşiddə mebellər təklif olunur. Müştərilər hazır mebelləri satış mərkəzlərindən seçə və ya sifariş verə bilərlər.
Hazırda istehlakçılar tərəfindən həm klassik, həm də modern üslubda hazırlanan mebellərə böyük tələbat var. Naxçıvan şəhərində ayrı-ayrı ünvanlarda fəaliyyət göstərən mebel mağazalarında müştərilərin bu yerli məhsula olan münasibətlərini öyrəndik. Naxçıvan şəhər sakini Nazilə Əhmədova dedi ki, yeni mənzil almışıq. Evimizin dizaynına uyğun mebel seçdik. Burada öyrəndik ki, mebellərin çatdırılması və quraşdırılması fabrikin mütəxəssisləri tərəfindən pulsuz yerinə yetirilir. Mebellərin keyfiyyətindən və göstərilən xidmətdən çox razıyıq.
Ordubad rayon sakini Gülnar Əsədova isə alıcı zövqünü oxşayan hər cür mebellərin olduğunu bildirdi və onu da qeyd etdi ki, müştərilərə seçim etmək imkanı yaradılıb. Hər bir evin ölçüsünə və dizaynına uyğun mebelləri sifariş vermək mümkündür. Bu, çox yaxşı haldır və hər bir müştərinin ürəyincədir.
Naxçıvan şəhər sakini Mahir Qafarov: İstehsal olunan məhsulların keyfiyyətli olması işin bir tərəfidirsə, onu olduğu kimi müştəriyə çatdırmaq başqa bir tərəfidir. Yəni bir-birini tamamlayan ayrı-ayrı sahələrdir. Ailə həyatı qurub Bakı şəhərində yaşayan övladım üçün mebel almaq istəyirdim. Öyrəndim ki, Bakı şəhərində də müəssisənin mebel mağazaları fəaliyyət göstərir. Həm məhsulun keyfiyyətindən, həm də göstərilən xidmətdən çox razıyam.
Məhsulları keyfiyyəti ilə seçilən “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti qısa zamanda rəqabətqabiliyyətli müəssisəyə çevrilib. Burada istehsal olunan mebellər daxili bazarda özünə böyük istehlakçı kütləsi toplayıb. Müəssisədə istehsal olunan mebellərin xarici bazarlarda tanıdılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, biznes forumlarda və sərgilərdə iştirak edilir, xarici şirkətlərin nümayəndələri ilə fikir mübadilələri aparılır, bu sahə ilə məşğul olan sahibkarların təcrübələrindən bəhrələnməklə xarici bazarlardan alıcı cəlb edilməsinə çalışılır. Həyata keçirilən kompleks tədbirlərin nəticəsidir ki, müəssisənin Gürcüstanın Tbilisi və Batumi şəhərlərində satış mərkəzləri yaradılıb. Digər xarici ölkələrdə də müəssisədə istehsal olunan mebellərin satışa çıxarılması nəzərdə tutulur.
Fabrikdə 348 nəfər daimi işlə təmin olunub. Kollektiv əməyin məhsuludur ki, “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsullarına tələbat artıb, ixrac potensialı genişlənib.
İqtisadi əlaqələri genişlənən müəssisədə daxili bazarın tələbatına uyğun yeni istehsal sahələrinin yaradılması mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılıb, silikon yorğan, döşək və yataq bazası istehsalı sahələrinin biznes-planı hazırlanıb Sahibkarlığa Kömək Fonduna təqdim olunub. Ümumi dəyəri 1 milyon 800 min manat olan layihənin reallaşması üçün Sahibkarlığa Kömək Fondundan 2014-cü ilin iyun ayında 1 milyon 200 min manat dövlət maliyyə dəstəyi göstərilib və layihənin icrasına başlanılıb. Layihəyə uyğun olaraq, müəssisənin ərazisində yeni istehsal sahəsi inşa olunub. Türkiyənin “Elektroteks” və “İMS Makina” şirkətlərinin avadanlıqları alınıb gətirilib və idxal olunan dəzgahlar həmin şirkətlərin mütəxəssisləri tərəfindən quraşdırılıb. Bu istehsal sahəsində çalışan yerli mütəxəssislərin ixtisasartırma kurslarında iştirakı təmin olunub. İstehsal gücü saatda 200 ədəd yorğan, gündə 100 ədəd döşək və 100 ədəd yataq bazası olan yeni istehsal sahəsi daxili bazarı yerli məhsullarla təmin edir.
Kərəm Həsənov