23 Dekabr 2024, Bazar ertəsi

Babək rayonunda həyata keçirilən quruculuq tədbirlərinin davamı olaraq, rayonun Yarımca kəndində yeni obyektlər – kənd mərkəzi, həkim ambulatoriyası və xidmət mərkəzi inşa edilib. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin tikintisini həyata keçirdiyi obyektlərdə hazırda son tamamlama işləri aparılır.

Kənd yaşayış məntəqələrində yeni tibb müəssisələrinin tikintisi, onların müasir avadanlıqlarla təchiz olunması muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarının mühüm istiqamətlərindəndir. İş icraçısı Faiq Allahverdiyevin bildirdiyinə görə, iki mərtəbədən ibarət həkim ambulatoriyası binasında boya işləri başa çatdırılıb. Həkim ambulatoriyası ilə paralel inşaatı aparılan kənd mərkəzinin binası isə zirzəmi ilə birlikdə 3 mərtəbəlidir. Hazırda binanın fasadında boya işləri gedir.
Kənddə inşa edilən xidmət mərkəzinin binasında da işlər yekunlaşmaq üzrədir. Hazırda binanın ətrafında abadlıq işləri aparılır, işıqlandırma sistemləri quraşdırılır. Hər üç obyektin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün məktəbin yaxınlığında yeni transformator quraşdırılıb.
Yarımcada görülən işlər bununla məhdudlaşmır. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsi tərəfindən Yarımca kəndindəki məktəb binasında əsaslı təmir işləri həyata keçirilib. Məktəb binasının arxa tərəfində qazanxana və bufet üçün yeni bina inşa edilib. Məktəbin həyətində genişmiqyaslı abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemləri quraşdırılıb. İş icraçısı Məhərrəm Novruzovun bildirdiyinə görə, hazırda məktəbin həyətindəki köhnə tikililər sökülür, binanın yerləşdiyi ərazi abadlaşdırılır, yaxınlıqdakı hasarlar suvanır. Bundan başqa, “Naxçıvanqaz” İstehsalat Birliyinin əməkdaşları kəndin ərazisindən keçən qaz xətlərini yeniləyirlər.
Babək rayonunun daha bir yaşayış məntəqəsində – Xəlilli kəndində yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin inşası da yekunlaşmaq üzrədir. Hazırda obyektlərdə son tamamlama işləri həyata keçirilir, ətraf ərazilər abadlaşdırılır, yaşıllıqların salınması üçün hazırlıq işləri görülür, işıqlandırma sistemləri quraşdırılır. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan, 144 şagird yerlik məktəb binasında 12 sinif otağı, elektron lövhəli siniflər, fənn kabinələri, laboratoriyalar, idman zalı müəllim və şagirdlərin ixtiyarına veriləcək.
Kənddə inşası tamamlanmış daha bir obyekt isə kənd mərkəzi üçün nəzərdə tutulub. Bina iki mərtəbədən ibarətdir. Burada kənddə fəaliyyət göstərən dövlət qurumlarının hər biri üçün ayrıca iş otaqları ayrılacaq. Mərkəzdə polis sahə, baytarlıq və feldşer-mama məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə fəaliyyət göstərəcək.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin əməkdaşı Əliağa Piriyevlə söhbətimizdə bildirdi ki, kənddə inşa edilən xidmət mərkəzində də işlər yekunlaşıb. Kollektivin səylə çalışması belə deməyə əsas verir ki, adıçəkilən obyektlər yaxın vaxtlarda kənd sakinlərinin ixtiyarına veriləcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR