Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
Ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan qısa müddətdə kənd təsərrüfatının inkişaf göstəricilərinə görə ittifaq respublikaları sırasında qabaqcıl yerlərdən birini tutmuşdur. Bu dövrdə ölkəmizdə sənayenin inkişafı ilə yanaşı, aqrar sahədə də kompleks tədbirlər görülmüş, yeni su anbarları tikilmiş, kanallar çəkilmiş, kənd təsərrüfatı emalı müəssisələri fəaliyyətə başlamışdır. Nəticədə, əkinçilik, heyvandarlıq və bağçılıq inkişaf etdirilmiş, bol məhsul istehsalının əsası qoyulmuşdur. Müstəqilliyin ilk illərində ölkədə baş verən özbaşınalıq nəticəsində aqrar sahədə yaradılan bu infrastruktur tamamilə dağıdılmışdır. Lakin həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli lider kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm qərarlar qəbul etmişdir. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bununla da, Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmış, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşmışdır. 1993-2003-cü illərdə isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə kompleks tədbirlər görülmüş, uğurlu aqrar islahatlar həyata keçirilmiş, qanunvericilik bazasının yaradılmasına başlanılmış, “Aqrar islahatların əsasları haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanunları, Torpaq, Meşə və Su məcəllələri qəbul edilmişdir.
Ulu öndərin müəyyənləşdirdiyi aqrar islahatlar bu gün ölkəmizdə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aqrar-sənaye kompleksinin inkişafını diqqət mərkəzində saxlayır, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində konkret tədbirlər görülür, dövlət proqramları qəbul olunur. Ölkə başçısının 2015-ci il 12 yanvar tarixli Sərəncamına əsasən, 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.
Bu gün muxtar respublikada kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Aqrar sahədə aparılan islahatlar kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafına səbəb olmuşdur. 2000-ci ildə muxtar respublikada 205 kəndi, 132 kolxoz, sovxoz və birlikləri əhatə etməklə aparılan torpaq islahatı başa çatdırılmış, 72 min 758 ailəyə və ya 241 min 46 nəfərə torpaq sahəsi verilmişdir. Bundan sonra kənd təsərrüfatının inkişafında dönüş yaradılmış, bol məhsul istehsalının əsası qoyulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Hər bir ölkənin müstəqil inkişafını şərtləndirən əsas amillərdən biri də ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Bu gün ölkəmizdə qəbul olunmuş dövlət proqramlarının icrası və həyata keçirilən digər tədbirlər kənd təsərrüfatının ardıcıl inkişafını təmin etmişdir. Naxçıvan Muxtar Respublikası da Azərbaycanın tərkib hissəsi kimi yaradılan bu şəraitdən bəhrələnir, muxtar respublika aqrar region kimi inkişaf edir”.
Son illər muxtar respublikada kənd təsərrüfatı sahəsinin inkişafı diqqət mərkəzində saxlanılmış, istehsalın artırılmasına və intensiv amillər hesabına məhsuldarlığın çoxaldılmasına hesablanmış dövlət proqramları qəbul olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada aqrar sahənin davamlı inkişafını təmin etmişdir.
Kənd təsərrüfatı məhsullarının istehsalçılarını stimullaşdırmaq məqsədilə aqrar sahəyə dövlət büdcəsindən subsidiyaların ayrılması bu sahənin inkişafına xüsusi təkan vermişdir. Belə ki, əkin sahələrinin hər hektarının becərilməsi üçün torpaq mülkiyyətçilərinə istifadə olunan gübrələrin 70 faizinin pulsuz verilməsi, satılan texnikaların dəyərinə 40 faiz güzəşt tətbiq edilməsi, toxumçuluq və tingçiliklə məşğul olan təsərrüfatlara subsidiyaların ödənilməsi, yanacaq-sürtgü materiallarına görə verilən yardımların 25 faiz artırılması kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara göstərilən mühüm dövlət dəstəyidir. Hazırda muxtar respublikada kənd təsərrüfatının bitkiçilik sahəsi müasir aqrokimyəvi və aqrotexniki tədbirlərə əsaslanan intensiv metodlarla inkişaf etdirilir, məhsuldarlıq ilbəil artırılır. Bunun nəticəsidir ki, 1995-ci illə müqayisədə 2015-ci ilin məhsulu üçün taxıl əkini sahəsi 1,8 dəfə, məhsul istehsalı isə 4,5 dəfə artmışdır. Belə ki, bu il muxtar respublika ərazisində 36 min 237 hektar sahədə taxıl əkilmiş, sahələrdən 106 min 282 ton məhsul toplanmışdır.
Aqrar sahə ilə məşğul olanlara güzəştli kreditlərin verilməsi də bu sahə üzrə sahibkarlığın inkişafına və bol məhsul istehsalına səbəb olmuşdur. Hazırda muxtar respublikada kənd təsərrüfatında özəl bölmənin payı 98,4 faizə çatır. Son illər bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada kənd təsərrüfatı məhsullarının emalı müəssisələri fəaliyyətə başlamış, kəndlərdə kiçik fermer təsərrüfatları yaradılmış, yeni soyuducu anbarlar, istixana kompleksləri istifadəyə verilmişdir. Ötən dövrdə ümumi tutumu 12 min 730 ton olan 22 soyuducu anbar, eləcə də 27 min tonluq uzunmüddətli və 43,4 min tonluq qısamüddətli taxıl anbarları istifadəyə verilmişdir. Əhalinin ilboyu tərəvəz məhsulları ilə təmin edilməsi üçün yaradılmış istixana komplekslərinin ümumi sahəsi 100 min kvadratmetrə çatdırılmışdır.
Toxumçuluq kənd təsərrüfatının vacib sahələrindən biridir. Hazırda muxtar respublikada 5 toxumçuluq və 1 tingçilik təsərrüfatı fəaliyyət göstərir. Bu təsərrüfatlarda yerli və məhsuldar toxum sortları bərpa olunaraq torpaq mülkiyyətçilərinə verilir.
Muxtar respublikada əkinçiliyin inkişafı istiqamətində görülən işlər sırasında suvarma sistemlərinin təkmilləşdirilməsi mühüm yer tutur. Son illər yeni nasos stansiyalarının istifadəyə verilməsi, su anbarlarında yenidənqurma işlərinin aparılması, kanalların çəkilməsi torpaq sahələrinin su təminatını xeyli yaxşılaşdırmış, əkin sahələri genişləndirilmişdir. Belə ki, 2014-cü ildə Araz çayından qidalanan “Azərbaycan” nasos stansiyasının 16,6 kilometr uzunluğundakı təzyiqli boru xətti yenilənmiş, mövcud supaylayıcı hovuzda təmir-bərpa işləri aparılmış, 3 kilometr özüaxımlı boru xətti çəkilmişdir. Nəticədə, Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin 2 min hektardan artıq torpaq sahəsi dayanıqlı suvarma suyu ilə təmin edilmişdir. Həmçinin Uzunoba Su Anbarının yenidən qurulması suvarma təchizatını daha da yaxşılaşdırmış, 40 kilometr uzunluğunda çəkilən boru xətti vasitəsilə Kəngərli rayonunda 4 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır. Bundan başqa, Sədərək rayonunda tikilmiş nasos stansiyası hesabına 1500 hektara yaxın torpaq sahəsi suvarma suyu ilə təmin olunmuşdur. Bu sahədə işlər “Kənd təsərrüfatı ili”ndə də davam etdirilir. Hazırda Heydər Əliyev Su Anbarının sol sahil kanalının əhatə etdiyi 2 min hektar torpaq sahəsində yeraltı suvarma şəbəkəsinin tikintisi aparılır.
Muxtar respublikada kənd təsərrüfatının mühüm və gəlirli sahələrindən biri olan heyvandarlığın inkişafına da daim diqqət yetirilir. 2002-ci ildən maldarlıqda süni mayalandırma üsulunun tətbiqinə başlanması mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına və baş sayının artırılmasına əsaslı zəmin yaratmışdır. Hazırda muxtar respublikada 112 min 598 baş iribuynuzlu mal-qara, 689 min başdan artıq xırdabuynuzlu heyvan saxlanılır. Heyvandarlığın inkişafı ilə yanaşı, ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin olunması, heyvan mənşəli xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin aparılması işi də diqqət mərkəzindədir. Dövlət Baytarlıq Xidməti tərəfindən mütəmadi olaraq mal-qara və quşlar arasında müxtəlif xəstəliklərə qarşı profilaktiki peyvəndləmə və dezinfeksiya işləri aparılır, epizootiya əleyhinə və bioloji təhlükəsizliyin qorunması məqsədilə ardıcıl tədbirlər görülür.
Bağçılıq muxtar respublikada qədim təsərrüfat sahələrindəndir. Naxçıvanda yetişdirilən meyvələr öz dadı-tamı ilə seçilir. Bu səbəbdən muxtar respublikada meyvə istehsalının artırılması sahəsində işlər davam etdirilir, yeni bağçılıq təsərrüfatları yaradılır, ənənəvi meyvə sortları bərpa olunur. Hər il muxtar respublikada tonlarla meyvə yetişdirilir. Bu işdə muxtar respublikada keçirilən iməciliklərin də mühüm rolu vardır. Belə ki, iməciliklər zamanı yeni yaşıllıq zolaqları ilə yanaşı, həm də yüz hektarlarla sahədə meyvə tingləri əkilir. Bir faktı qeyd edək ki, son illər muxtar respublika ərazisində 4 min hektardan artıq meyvə bağı salınmışdır.
Müasir kənd təsərrüfatı texnikalarından istifadə olunması işin səmərəliliyinin artırılmasında mühüm şərtdir. Ona görə də muxtar respublikada nümunəvi aqroservis xidməti təşkil olunur, sahibkarlar kənd təsərrüfatı texnikaları və aqreqatları ilə təmin edilirlər. Ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 1684 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. Təkcə 2015-ci ilin yanvar-sentyabr ayları ərzində 168 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası güzəştli şərtlərlə sahibkarlara satılmışdır.
Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi olaraq muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olunmuş, daxili bazarda məhsul bolluğu yaradılmışdır. “Kənd təsərrüfatı ili” olan 2015-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 297 milyon 854 min manat həcmində kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çoxdur. Bol məhsul istehsalı daxili tələbatı ödəməklə yanaşı, həm də ixrac potensialı yaratmışdır. Belə ki, cari ilin ötən dövrü ərzində muxtar respublikadan ümumi dəyəri 82 milyon ABŞ dollarından artıq olan kənd təsərrüfatı məhsulu ixrac edilmişdir.
İstehsal prosesində düzgün aqrotexniki qaydalara əməl etmək kənd təsərrüfatının inkişafında əsas məsələdir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollektivi bu məsələni daim diqqət mərkəzində saxlayır, sahibkarlar və torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işləri aparılır. Bu il 57 mövzu üzrə tövsiyə xarakterli bukletlər hazırlanaraq torpaq mülkiyyətçilərinə və sahibkarlara paylanılmış, muxtar respublikanın teleradiolarında maarifləndirici verilişlər hazırlanmış, qəzetlərdə məqalələr dərc edilmişdir.
Peşə bayramlarını qeyd edən kənd təsərrüfatı işçiləri bundan sonra da muxtar respublikada qarşıya qoyulan vəzifələrin icrasını diqqət mərkəzində saxlayacaq, aqrar sahənin inkişafını təmin edərək bol məhsul istehsalına nail olacaqlar.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti