“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı Kəngərli rayonunun Böyükdüz massivində yeni sənaye şəhərciyi yaradır. Alçıpan örtüklər, gips, əhəng və məsaməli beton istehsal ediləcək yeni zavodların inşasına ötən il başlanılıb, əraziyə elektrik, qaz, su və kanalizasiya xətləri çəkilib. “Gəmiqaya İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin təcrübəli mütəxəssislərinin və müasir maşın-mexanizmlərin cəlb olunduğu obyektdə inşaat işləri vaxtında və keyfiyyətlə aparılıb. Hazırda beton, dəmir konstruksiya işləri başa çatmaq üzrədir.
“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının əməkdaşı Kamal Kərimovun verdiyi məlumata görə, yeni layihələrin reallaşması üçün Sahibkarlığa Kömək Fondundan dövlət maliyyə dəstəyi göstərilib. Layihəyə uyğun olaraq, alçıpan örtüklər, gips, əhəng və məsaməli beton istehsal olunacaq zavodlara Çin Xalq Respublikasının bu sahədə qabaqcıl təcrübəyə malik şirkətlərindən müasir texnoloji avadanlıqlar alınıb gətirilib. İdxal olunan avadanlıqlar həmin şirkətlərin mütəxəssisləri tərəfindən quraşdırılır.
Mütəxəssislər qrupunun rəhbəri Ding Sheng bizimlə söhbətində qeyd etdi ki, 2012-ci ildə tikilib istifadəyə verilən Naxçıvan Sement Zavodunda bizim şirkətdən alınıb gətirilmiş avadanlıqların quraşdırılmasında iştirak etmişik. İkinci dəfədir ki, Naxçıvanda həyata keçirilən yeni layihələrin icrasında mütəxəssis kimi iştirak edirik. Nümayəndəsi olduğum “Jiangsu Pengfei Group Co.LTD” şirkəti dünyada sement zavodları qurmaq sahəsində qabaqcıl təcrübəyə malik Almaniyanın “KHO”, “Polysims”, Danimarkanın “Flsm.dth” firmalarını soba, daşqırıcılar və üyüdücülərlə təmin edir.
Qeyd edək ki, müəssisə muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində inşaat materiallarına artan tələbatın yerli istehsal hesabına ödənilməsi zərurətindən yaradılır. Cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan zavodlarda ildə 2 milyon kvadratmetr alçıpan örtük, 40 min ton gips, 150 min kubmetr məsaməli beton və 36 min ton əhəng istehsal ediləcək ki, bu da daxili bazarın tələbatını tamamilə ödəməklə yanaşı, bu yerli inşaat materiallarının xarici bazarlara çıxarılmasına da imkan yaradacaq. Əvvəllər bu inşaat materiallarına olan tələbat xaricdən idxal olunan məhsullar hesabına ödənilir, əlavə daşınma xərci çəkilirdisə, yeni layihələrin reallaşması ilə bu problem aradan qaldırılacaq.
Bu istehsal müəssisələri əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayacaq, 200 yeni iş yeri yaradılacaq. Onu da qeyd edək ki, müasir texnoloji avadanlıqlardan səmərəli istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanması da diqqət mərkəzində saxlanılır, müəssisədə çalışacaq işçilərin ixtisasartırma kurslarında iştirakı təmin olunur. Bu da imkan verəcək ki, istehsal prosesi yerli mütəxəssislər tərəfindən həyata keçirilsin.
Kərəm Həsənov