23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmizdə aqrar islahatların həyata keçirilməsinin başlıca məqsədi bazar iqtisadi münasibətlərinə uyğun xüsusi təsərrüfat formalarının təşkilinə nail olmaqdan və aqrar bölmənin bütün sahələrində sahibkarlığı hər vasitə ilə inkişaf etdirməkdən ibarətdir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər öz səmərəsini verməkdədir. Bu, xüsusilə “Kənd təsərrüfatı ili” elan edilən 2015-ci ildə daha geniş vüsət almışdır. Əhalinin istehlak səbətində heyvandarlıq məhsullarının xüsusi çəkisi kifayət qədər ağırdır.

Ət və süd məhsullarına olan tələbatı daxili istehsal hesabına ödəmək üçün bu sahəyə sərmayə qoyuluşu ildən-ilə artır, aqrar bölmədə sahibkarlığın inkişafına böyük önəm verilir.
Yaradılmış heyvandarlıq komplekslərinin və kiçik sahibkarlıqla məşğul olanların səmərəli fəaliyyəti nəticəsində muxtar respublikada yüksək məhsuldar heyvanların baş sayı artmış, əhalidə olan yerli mal-qaranın cins tərkibi yaxşılaşmış, nəticədə, heyvandarlıq məhsullarının (ət və süd) istehsalı xeyli çoxalmışdır ki, bu da əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Belə ki, 2015-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada diri çəkidə 17024 ton ət, 67511,8 ton süd istehsal olunmuşdur ki, bu da 2014-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq, 13,7 və 1,7 faiz çoxdur. Heyvandarlıq məhsulları istehsalının həcmi 2 dəfə artaraq 93 milyon 424 min manata çatmışdır.

2015-ci ilin yanvar-sentyabr ayları ərzində heyvandarlıq təsərrüfatlarında süni mayalandırma işi daha da genişləndirilmiş və 3778 baş mal-qara süni yolla mayalandırılmışdır. Əvvəlki dövrdə mayalandırılmış mal-qaradan 3028 baş sağlam bala alınmışdır. Mux­tar respublikaya cari ilin ötən dövrü ərzində 249, ümumilikdə isə 1927 baş damazlıq cins mal-qara gətirilmişdir.
1 oktyabr 2015-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 112 min 598 baş, qoyun və keçilərin sayı 689 min 899 baş olmuşdur ki, bu da 1 oktyabr 2014-cü il tarixə olan göstəriciləri müvafiq olaraq 2,5 və 3,1 faiz üstələyir.
Qeyd etdiyimiz kimi, ölkəmizdə kənd təsərrüfatının prioritet sahələrindən sayılan heyvandarlığın inkişaf etdirilməsinə diqqət və qayğı ildən-ilə artırılır. Ölkə Prezidentinin 2015-ci il avqust ayının 19-da imza­ladığı “Heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında” Sərəncam da bu məqsədə xidmət edir.
2015-ci ilin doqquz ayı ərzində kənd təsərrüfatı sahəsində heyvandarlıq üzrə 8 layihənin maliyyələşdirilməsinə 456,1 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. Şərur rayonunun Arbatan kəndində “Arbatan Şirkəti” MMC tərəfindən təsərrüfatın fəaliyyətinin genişləndirilməsi məqsədilə ümumi sahəsi 550 kv.m olan tövlənin tikintisinin, Şərur rayonunun Həmzəli kəndində fiziki şəxs Yaşar Əliyev tərəfindən 35 baş iribuynuzlu maldarlıq təsərrüfatının, Babək rayonunun Yarımca kəndində fiziki şəxs Muxtar İsmayılov tərəfindən 4 baş iribuynuzlu maldarlıq təsərrüfatının, Culfa rayonunun Dizə kəndində fiziki şəxs Mahmud İbrahimov tərəfindən 350 baş xırdabuynuzlu heyvandarlıq təsərrüfatının ikinci bölməsinin yaradılması istiqamətində işlər başa çatdırılmış, Naxçıvan şəhərində fiziki şəxs Hüseyn Əliyev tərəfindən 25 baş iribuynuzlu və 100 baş xırdabuynuzlu heyvandarlıq təsərrüfatının, Naxçıvan şəhərində fiziki şəxs Azər Şahverdiyev tərəfindən 30 baş iribuynuzlu heyvandarlıq təsərrüfatının, Şərur rayonunun Havuş kəndində “Havuş” MMC tərəfindən min baş keçiçilik təsərrüfatının, Şahbuz rayonunun Nursu kəndində fiziki şəxs Təbriz Kazımov tərəfindən 200 baş xırdabuynuzlu heyvandarlıq təsərrüfatının ikinci bölməsinin yaradılması istiqamətində işlər davam etdirilir.
Qeyd etdiyimiz kimi, bu il ölkə­mizdə, eləcə də muxtar respublikamızda “Kənd təsərrüfatı ili” elan olunmuşdur. Ona görə də cari ildə əsas diqqət aqrar sektorun inkişafına yönəldilmişdir. Heyvandarlığın inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi imkan verəcək ki, bu sahənin aqrar sektorda payının artırılmasına nail olunsun. İndiki məqamda heyvandarlığın inkişafına kompleks yanaşma, həm daha çox ət və süd istehsalına imkan verən xüsusi növ mal-qaranın alınması, bu istiqamətdə məhsuldarlığın artırılmasına hesablanan yeni heyvandarlıq kompleksinin qurulmasına, həm də aqrar sahənin inkişafına şərait yaradacaq. Eyni zamanda bu, imkan verəcək ki, aqrar sektorun ümumi daxili məhsuldakı payını artırmaq mümkün olsun.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR