Cari ilin ötən dövründə Naxçıvanda 30 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb
Sahibkarlığın inkişafı sahəsində nailiyyətlərin əldə olunmasında ölkəmizdə qəbul edilmiş dövlət proqramları xüsusi əhəmiyyətə malikdir. Dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə dəstəyi sistemi formalaşdırılıb. Belə proqramlar eyni zamanda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sistemliliyini təmin edib, bu tədbirləri vahid strategiyanın həyata keçirilməsinə yönəldib. Ölkəmizdə dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplərin təkmilləşdirilməsi, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksəkkeyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi müəyyən edilən iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.
Böyük uzaqgörənliklə işlənib hazırlanmış və həyata keçirilən iqtisadi inkişaf strategiyasının muxtar respublikamızda da uğurla davam etdirilməsi burada müasir, güclü infrastrukturun qurulmasına, özəl sektorun inkişafına, bu istiqamətdə bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsinə, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılmasına, yeni müəssisələrin qurulmasına, iş yerlərinin açılmasına zəmin yaradıb.
Ötən müddət ərzində muxtar respublika rəhbərinin qayğısı ilə sahibkarlığın inkişafı istiqamətində ardıcıl, səmərəli və sistemli tədbirlər görülüb, sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi mexanizmi formalaşdırılıb. Muxtar respublikada özəl bölmənin inkişafında, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsində İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində Sahibkarlığa Kömək Fondunun işinin səmərəli təşkili xüsusilə əhəmiyyətlidir. Fondun məqsədi muxtar respublikada sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına, əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına kömək etməkdən, onlara maliyyə dəstəyi göstərməkdən ibarətdir.
Fondun vəsaitləri sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. 2015-ci ilin ilk 9 ayı ərzində fond tərəfindən 19 yeni layihə olmaqla, 21 layihənin maliyyələşdirilməsinə 9 milyon 758 min manat həcmində güzəştli kreditlər verilib. Ümumilikdə, fond tərəfindən indiyə qədər 1196 layihənin maliyyələşdirilməsinə 117 milyon manatdan çox vəsait sərf olunub. Həmin vəsait sənaye, xidmət, kənd təsərrüfatı təyinatlı sahələrin maliyyələşdirilməsinə yönəldilib. Beləliklə, müxtəlif sənaye məhsulu yönümlü 8 yeni və 1 icrası davam etdirilən olmaqla, 9 layihənin maliyyələşdirilməsinə 2.061.000 manat, kənd təsərrüfatı məhsulları istehsalı, o cümlədən arıçılıq, qarğıdalı əkini, heyvandarlıq və istixana komplekslərinin inkişafı yönümlü 11 yeni və 1 icrası davam etdirilən olmaqla, 12 layihənin maliyyələşdirilməsinə 1.134.200 manat, xidmət sahələrinin inkişafı yönümlü 2 yeni layihənin maliyyələşdirilməsinə 6.563.000 manat kredit verilib.
Sahibkarlıq fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması, onların hüquqlarının müdafiəsi də diqqətdə saxlanılıb, sahibkarlar nəzarət kitabçaları ilə təmin edilib, nazirlikdə yaradılmış “Qaynar xətt” vasitəsilə sahibkarlıq subyektləri ilə maarifləndirmə istiqamətində işlər aparılıb, onların problemləri öyrənilib və nazirliyin səlahiyyətləri daxilində həllinə köməklik göstərilib.
Sahibkarların fəaliyyətinin dövlət tərəfindən müdafiə olunması, yerli istehsalçıların mənafeyinin qorunması və digər bu kimi funksiyaların yerinə yetirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən biri də bəzi fəaliyyət növlərinin lisenziyalaşdırılmasıdır. Bu sahədəki qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərdən sonra 2015-ci ilin ötən dövrü ərzində muxtar respublikada 323 fəaliyyət növü üzrə xüsusi razılıq (lisenziya) verilib.
Sahibkarların icazələr haqqında ətraflı məlumatlandırılmasını təmin etmək, sahibkarlıq fəaliyyətinə başlamaq, eyni zamanda öz fəaliyyətini genişləndirmək istəyənlər üçün tələb olunan icazə xarakterli sənədlərin, icazələrin verilmə və qüvvədəolma müddətlərinə dair bütün məlumatların vahid mənbədən əldə edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında” 31 oktyabr 2011-ci il tarixli Fərmanına uyğun olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri icazələr barədə məlumatı əks etdirən internet portalı (www.icazeler. nax.az) yaradılıb.
Hər il ənənəvi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sahibkarlarla keçirdiyi görüş də sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasında mühüm rol oynayır. Sahibkarlarla builki görüş Naxçıvan Biznes Mərkəzində keçirilib, tədbirdə muxtar respublikada istehsal olunan ərzaq və qeyri-ərzaq məhsullarının, əl işləri və sənət əsərlərinin sərgisi təşkil olunub, prioritet hesab edilən sahələrin yaradılması üçün 6 sahibkarlıq subyektinə güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər məhsulların istehsalı və ixracı müəssisəsinin, məsaməli beton, elektrik açarları istehsalı sahələrinin, iaşə obyektinin, eləcə də maldarlıq və heyvandarlıq təsərrüfatlarının yaradılmasına sərf olunacaqdır.
Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əlaqələrinin inkişaf etdirilməsi, istehsal olunan məhsulların ixrac imkanlarının artırılması, xarici ölkələrdə tanıdılması məqsədilə onların nəinki ölkə daxilində, xaricdə keçirilən biznes-forum, konfrans, sərgi və digər tədbirlərdə də iştirakı təmin edilir. 2015-ci ilin ötən dövrü ərzində, ümumilikdə, 15 beynəlxalq əhəmiyyətli tədbirdə muxtar respublikadan 60 nümayəndə iştirak edib. Almaniyanın paytaxtı Berlin şəhərində keçirilmiş “Beynəlxaq Yaşıl Həftə-2015” və Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş “Gulfood-2015” beynəlxalq qida sərgisində muxtar respublikadan 12 növdə, 57 çeşiddə məhsullar nümayiş etdirilib.
Sahibkarlığa göstərilən qayğı, öz növbəsində, yerli istehsalın inkişafına da şərait yaradır. Yerli istehsalın inkişaf etdirilməsi isə daxili bazarın qorunmasında, xaricə valyuta axının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amil nəzərə alınaraq muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni istehsal və xidmət sahələri yaradılır, yaxud mövcud olanların fəaliyyəti bərpa edilir. 2015-ci ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikasında 30 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb. Naxçıvandakı istehsal müəssisələrində 119 növdə, 507 çеşiddə ərzaq, 238 növdə, 599 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 357 növdə, 1106 çeşiddə məhsul istеhsаl оlunur. Müəssisələr tərəfindən 107 növdə ərzаq, 229 növdə qеyri-ərzаq olmaqla, cəmi 336 növdə məhsulа оlаn tələbаtın tаmаmilə yеrli istеhsаl hеsаbınа ödənilməsi, bu il 32 layihə üzrə işlərin davam etdirilməsi idxaldan asılılığın ciddi şəkildə azaldılmasında və əhalinin keyfiyyətli məhsullarla tələbatının ödənilməsində mühüm rol oynayır.
Qeyd edilənlər bundan sonra da ümumi iqtisadi inkişafda sahibkarlığın xüsusi çəkisinin artacağını göstərir. Çünki artıq ölkəmizdə sahibkarlıq üçün möhkəm baza yaradılıb. İqtisadi inkişafın aparıcı qüvvəsi hesab olunan özəl sektora, sahibkarlığa diqqət və qayğı hər zaman olduğu kimi, bundan sonra da artırılacaq və ölkəmiz daha da güclənəcək, möhkəmlənəcəkdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat və Sənaye Nazirliyinin
mətbuat xidməti