23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə bağlı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən muxtar respublikanın ali təhsil müəssisələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələrin iştirakı ilə treninqlər keçirilir.
Növbəti belə tədbir “Naxçıvan” Universitetinin bank işi kabinəsində keçirilib. Tədbirdə maliyyə savadlılığı, ailə büdcəsinin formalaşdırılması və idarə olunmasının əhəmiyyətindən söz açılıb.
Treninqdə çıxış edən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Elçin Əliyev deyib ki, cəmiyyətin hər bir üzvü məhz özünün maliyyə savadı əsasında maliyyə resurslarını idarə edir, pul bazarının iştirakçısına çevrilir. Hazırda inkişaf səviyyəsindən asılı olmayaraq, bütün iqtisadiyyatlarda əhalinin daha optimal və planlaşdırılmış istehlak yönümlü fəaliyyəti təqdir olunur. Ümumiyyətlə, rasional miqyaslarda istehlakın artımı makroiqtisadi inkişaf və iqtisadi artımın stimullaşdırılması baxımından əhəmiyyətlidir. Bununla belə, istehlak ehtiyacları üçün bank xidmətlərindən istifadə zamanı əhali tərəfindən xərclərin düzgün planlaşdırılması və mövcud sərbəst vasitələrdən daha səmərəli istifadə edilməsi onların artıq borclanmaması üçün mühüm amildir. Tələbələrlə maliyyə savadlılığının artırılması sahəsində keçirilən tədbirlərin əsas məqsədi onlarda gəlirlərdən daha səmərəli istifadə, xərclərin optimal bölüşdürülməsi, bank xidmətlərindən istifadə zamanı düzgün qərarların verilməsi, həmçinin sərbəst vəsaitlərin gəlirli sahələrə investisiya edilməsi kimi vərdiş və bacarıqların formalaşdırılmasından ibarətdir.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşlarından Tural Şirəlizadənin, Hafiz İsmayılbəylinin çıxışları da tələbələr tərəfindən maraqla qarşılanıb. Çıxışlarda qeyd edilib ki, ailə büdcəsi ailənin iqtisadi durumunun, həyat səviyyəsinin göstəricisidir, ailə üzvlərinin tələbatlarının ödənilməsinin əsas mənbəyidir. Bütün bunlar ailə büdcəsinin formalaşdırılmasını və səmərəli istifadə edilməsini şərtləndirir. Ailə büdcəsi gündəlik, həftəlik, aylıq və illik büdcə qaydası ilə formalaşdırılır və istifadə olunur. Bu gün muxtar respublikamızda yaşayan ailələrin böyük bir qisminin ailə büdcəsi planlaşdırmasından xəbərsiz olması və ya buna az maraq göstərməsi ailə gəlirlərinin səmərəliliyini aşağı salır. Bu mənada, ailə büdcəsi çox vacibdir.
Bildirilib ki, əgər ailədə büdcə planlaşdırılmırsa, gəlirlər kortəbii şəkildə xərclərə yönəldilirsə, qənaət yoxdursa, ərzaq və qeyri-ərzaq məhsullarının alınmasında israfçılığa yol verilirsə, gəlir çox olsa belə, ailənin xərclərinin qarşısını almaq mümkün olmayacaq. Bu isə ailələrin borclanmasına və ya qarşılaşdığı hər hansı maddi çətinlikdə kredit üçün banklara müraciət etməsinə gətirib çıxarır. Son statistik məlumatlara əsasən, əhali gəlirlərinin, təxminən, 20 faizə qədərini borclanma təşkil edir. Əhalinin müəyyən təbəqəsi qarşılaşdığı hər kiçik maddi problemlə bağlı istehlak krediti almaq üçün banklara üz tutur. Məhz bunun nəticəsidir ki, son vaxtlar istehlak kreditlərinin kredit portfelindəki payı 40 faizə qədər yüksəlib. Mənfi cəhətlərdən biri də ondan ibarətdir ki, ailələrin böyük bir qismi götürdükləri kreditləri öz gəlirlərinə daxil edirlər. Bu cür yanlış yönləndirmə gələcək aylar ərzində ailələrin xərclərinin artımında özünü büruzə verir. Belə ki, alınmış kreditlər, sadəcə, istifadə edildiyi başlanğıc anında ailə daxilində istehlakı canlandırır. Növbəti ayda kredit üzrə geri ödənişlər başlandığı andan etibarən isə ailədaxili xərcləri artırır və alıcılıq qabiliyyətini aşağı salır. Bu baxımdan ailə büdcəsini planlaşdırmaq, ailə üzvlərinin əldə etdiyi gəlirlər və edilən xərcləri müəyyənləşdirmək, bu prosesi hər ay mütəmadi şəkildə davam etdirməklə ailələr qarşılaşa biləcəkləri maddi problemlərin öhdəsindən gələ bilər və əsassız borclanmalara yol verməzlər.
Sonra tədbir iştirakçıları arasında mövzu ilə bağlı anket sorğusu aparılıb. Onlara ailə büdcəsinin formalaşdırılması ilə bağlı bukletlər paylanılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR