23 Dekabr 2024, Bazar ertəsi

Son illər muxtar respublikamızda irimiqyaslı layihələr reallaşdırılıb, yerli xammaldan səmərəli istifadə etməklə daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsullar istehsal edən müxtəliftəyinatlı yeni istehsal müəssisələri yaradılıb. Həmçinin fəaliyyəti dayanmış müəssisələrin işi bərpa edilib, mütərəqqi texnologiyalar tətbiq olunub. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublikamızda müxtəlif növdə ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatın çox hissəsi yerli istehsal hesabına ödənilir.

Daxili bazarı yerli məhsullarla təmin edən müəssisələrdən biri də “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Yeraltı və yerüstü sərvətilə zəngin Naxçıvanın təbii resurslarından biri olan Duzdağ yataqları Naxçıvan şəhərindən 12 kilometr aralı məsafədə, dəniz səviyyəsindən 1173 metr yüksəklikdə yerləşir. Məlumat üçün qeyd edək ki, Naxçıvan Duzdağında əsaslı tədqiqat işləri aparılıb və bu araşdırmaların nəticələri “Naxçıvan Duzdağının qədim duz mədənləri” kitabında ətraflı şəkildə öz əksini tapıb. Kitabda Duzdağ mədəninin qədimliyi, bu mədənlərdən e.ə. III-II minillikdən başlayaraq duz çıxarıldığı, mədənçiliyin inkişaf etdirildiyi bildirilır. Tədqiqatlar nəticəsində Duzdağ mədəninin Erkən Tunc dövründə geniş istifadə olunduğu müəyyən edilib, duzun sosial və ictimai münasibətlər faktoruna çevrilərək sənətkarlığın və ticarətin, bununla birlikdə isə Naxçıvan şəhər mədəniyyətinin yaranmasına güclü təsir göstərdiyi aşkarlanıb.

Primitiv üsulla çıxarılan duz məişətdə istifadə olunmaqla yanaşı, mübadilə vasitəsi kimi Böyük İpək Yolu ilə Şərq və Qərb ölkələrinə aparılıb. Duzdağ yatağından sənaye üsulu ilə duz çıxarılmasına ilk dəfə 1927-ci ildə başlanılıb, sovetlər dönəmində bu sənaye müəssisəsində istehsal edilən daşduz ittifaq respublikalarına göndərilib. Lakin ötən əsrin 90-cı illərinin əvvəllərində bu sənaye müəssisəsinin də fəaliyyəti tamamilə dayandırılıb.
1993-cü ildən sonra ölkəmizdə yaradılan sabitlik və iqtisadi inkişaf yeraltı və yerüstü sərvətlərlə zəngin olan muxtar respublikamızın təbii resurslarından səmərəli istifadə olunmasına əlverişli şərait yaradıb. Duz mədənində tikinti-quraşdırma, yenidənqurma, təmir-bərpa, abadlıq işləri aparılıb, istismarı dayanmış və uzunluğu 1700 metr olan 1 nömrəli şaxta, eləcə də mövcud 2 duz emalı sexi müasir texnoloji avadanlıqlarla təmin edilməklə müəssisə yenidən qurularaq istifadəyə verilib. 2005-ci ildə isə istehsal gücü gündə 7 və 20 ton olan 2 yeni duz emalı müəssisəsi tikilərək istehsala başlanılıb. Burada bütün istehsal prosesi avtomatlaşdırılıb, paketləyici avadanlıq quraşdırılıb. Bu da hazır məhsulu 200, 250 və 500 qramlıq taralarda qablaşdırmağa imkan verir.
2010-cu ildə 3 ədəd rəqəmsal yodvuran, 2 ədəd tarixvuran və 1 ədəd duzpaketləyən avadanlıq alınıb quraşdırılıb. Əl əməyi yüngülləşdirilib, yüksəkkeyfiyyətli məhsul istehsalı ilə yanaşı, istehsal edilən məhsulun vaxtında sifarişçilərin ünvanlarına çatdırılması da təmin edilib. Duz mədənində istehsalatda baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə ötən il bir sıra tədbirlər həyata keçirilib, 300 metrlik ehtiyat çıxışı yaradılıb. 1050 metr uzunluğunda olan şaxtaya duz hasilatını davam etdirmək üçün dövlət maliyyə dəstəyi ilə 250 metr əlavə edilib. Maililiyi 75 metr olan şaxtanın daha yüksək səviyyədə və təhlükəsiz işıqlandırılması məqsədilə yeni transformator qoyulub. Bundan başqa, buraya 750 metr yüksək gərginliyə davamlı kabel xətti çəkilib. Şaxtada çökmələrin qarşısını almaq üçün 18 yerdə bərkitmə işləri aparılıb, 2000 metrlik tros kanat yenisi ilə əvəz edilib. Cari ildə də bu istiqamətdə işlər davam etdirilib, avqust ayında 1 nömrəli şaxtada mədənbərkitmə işləri üçün Sahibkarlığa Kömək Fondundan 40 min manat dövlət maliyyə dəstəyi göstərilib. Layihəyə uyğun olaraq işlər vaxtında və keyfiyyətlə yerinə yetirilib.
İstifadəyə verilən yeni istehsal sahələri Naxçıvanın duz yataqlarının istismarı tarixində qurulan ilk müasir istehsal sahələridir. Bu gün duz mədənində yeni texnoloji avadanlıqlarla təmin edilmiş 4 duz emalı sahəsi fəaliyyət göstərir. Gündəlik istehsal gücü 40-45 ton daşduz, 20-25 ton isə üyüdülmüş duz olan “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində 18 çeşiddə duz istehsal olunur və bu məhsullar məişətdə, heyvandarlıqda, kimya sənayesində istifadə edilir. Məişətdə istifadə edilən yodlaşdırılmış duz həm 0,5, 1 kiloqramlıq karton və plastik, həm də 0,2, 0,5 kiloqramlıq polietilen taralarda və 25 kiloqramlıq kisələrdə “Duzdağ” əmtəə nişanı ilə satışa çıxarılır.
80 nəfərin işlə təmin olunduğu müəssisənin ixrac potensialı ildən-ilə genişləndirilir. Xammalın çıxarılmasından satışa göndərilməsinədək bütün texnoloji proseslərə, istehsal olunan duzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Müəssisədə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş laboratoriya fəaliyyət göstərir. Bu da istehsal edilən duzun keyfiyyətinə tam nəzarət etməyə imkan verir. İstehsal prosesinin konveyer üsulu ilə təşkil edildiyi müəssisədə duz yeraltı partlayış üsulu ilə əsas kütlədən ayrılıb kiçik vaqonlara yüklənərək yerüstü sahəyə daşınır. Daşduz yerüstü sahədə çeşidləndikdən sonra emal sahələrinə gətirilir. Daşduz birinci sexdə 2 mərhələdə müxtəlif avadanlıqlarda əzilərək üyüdülüb hər ton duzun tərkibinə 85 qram yod əlavə edilməklə elevatorla ikinci sexə ötürülür. Burada isə ələkdən keçirildikdən sonra paketlənir.
Daxili bazarı keyfiyyətli məhsullarla təmin etmək əzmi ilə çalışan kollektiv cari ilin ilk 9 ayında 3926,1 ton daşduz və 1887,8 ton üyüdülmüş duz istehsal edib. Müəssisə tərəfindən 1348,8 ton daşduz və 2056,7 ton üyüdülmüş duz satılıb. Keyfiyyət göstəriciləri ilə seçilən Naxçıvan duzunun ölkəmizin digər regionlarında da satışını təmin etmək məqsədilə Bərdə şəhərində baza yaradılıb. Müəssisənin balansındakı yük maşınları ilə duz bazaya daşınır, oradan da sifarişə uyğun ətraf rayonlarda fəaliyyət göstərən ticarət obyektlərinə çatdırılır. Ümumilikdə, müəssisədə istehsal olunan daşduzun 83,5 faizi, narın duzun isə 71,06 faizi Bakı şəhərində və ölkəmizin digər regionlarında satışa çıxarılıb. 

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR