“Naxçıvanqaz” İstehsalat Birliyi davamlı təbii qazla təminat üçün qaz təchizatı sistemində texniki baxış tədbirlərini davam etdirir, təbii qaz nəqlinin soyuq hava şəraitinə uyğun gələn texnoloji rejimdə həyata keçirilməsi üçün tədbirlər görür. Yerlərdə istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqlarının müəyyən edilərək yenilənməsinə nəzarət artırılıb, sayğacdankənar istifadə hallarının qarşısının alınması üçün tədbirlər görülüb.
Bu barədə məlumat qəzetimizə “Naxçıvanqaz” İstehsalat Birliyindən daxil olub. Məlumatda bildirilir ki, muxtar respublika üzrə 1 oktyabr 2015-ci il tarixə təbii qaz istehlakçılarının ümumi sayı 85 min 38, o cümlədən 83 min 267 əhali abonenti və 1871 qeyri-əhali abonenti olub. Cari ilin ötən dövründə 1061 abonent, o cümlədən 944 əhali abonenti və 117 qeyri-əhali abonenti tərəfindən daxil olan müraciətlərə əsasən, ev, mənzil və müxtəliftəyinatlı obyektlər qazlaşdırılıb. İstehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi ilə yanaşı, bu sahədə infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzində saxlanılıb. Yeni sosial-inzibati obyektlərin tikilməsi, yolların genişləndirilməsi ilə əlaqədar daşıyıcı-paylayıcı qaz kəmərlərinin yerləri dəyişdirilib və yeni qaz xətləri çəkilib.
Əhali qrupu üzrə təbii qaz istehlakçılarının mavi yanacaqdan istifadəsində müasir standartlara cavab verən texnologiyalardan istifadə etmək məqsədilə Naxçıvan şəhərində ön ödənişli smartkarttipli qaz sayğaclarının quraşdırılmasına başlanılıb. Yeni tikilən yaşayış binalarında və fərdi evlərdə 22 oktyabr 2015-ci il tarixədək, ümumilikdə, 7416 qaz sayğacı quraşdırılıb və bu istiqamətdə işlər davam etdirilir. İlkin olaraq sifariş əsasında Türkiyə istehsalı olan 10 min ədəd sayğac gətirilib. Sayğacların kənar müdaxilələrdən mühafizəsi üçün qutular alınıb. Sayğacların hər biri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçirilir.
“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq sayda ödəmə məntəqələri yaradılıb. Həmin məntəqələr müasir avadanlıqlarla təmin edilib.
Məlumatda o da bildirilir ki, qəza hallarının aradan qaldırılmasında operativliyin təmin edilməsi, yeni qaz xətləri çəkilərkən və bərpa olunarkən mövcud standartların tələblərinin gözlənilməsinə diqqətin artırılması, yaradılmış mal və material ehtiyatlarından səmərəli istifadə edilməsi, işlənən materialların yerinə yenilərinin alınıb gətirilməsi, sabit ehtiyatın yaradılması və işçilərin qış mövsümünə uyğun xüsusi geyim və avadanlıqlarla təmin olunması diqqət mərkəzində saxlanılıb.
Avtomat qazpaylayıcı stansiyalarda avadanlıqlara texniki xidmət işləri qrafik üzrə müəyyən olunan vaxtlarda aparılıb. Təbii qazın mexaniki qarışıqlardan təmizlənməsi üçün tətbiq olunan qaztəmizləyici seperator və süzgəclərə, texnologiyaya uyğun qurulmuş bağlayıcı avadanlıqlara, təzyiq tənzimləyicilərinə, qaz sərfinin hesablanması üçün qaz sərfini ölçən cihazlara, elektrokimyəvi mühafizə qurğularına və bütün texnoloji avadanlıqlara zəruri texniki xidmət göstərilib, detal və hissələr yenisi ilə əvəz olunub. Görülən işlərin nəticəsidir ki, abonentlər fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilir.
Kərəm Həsənov