Muxtar respublikada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son illərdə Naxçıvan şəhərində də mənzil tikintisinin həcmi xeyli artıb. Yeni yaşayış binalarının tikilməsi və mövcud binaların əsaslı şəkildə yenidən qurulmasında əsas məqsəd sakinlərin rahatlığının təmin olunması, onların yaşayış şəraitinin daha da yaxşılaşdırılmasıdır.
Bu tədbirlərin davamı olaraq, hazırda Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsində 8 mərtəbəli yeni yaşayış binasının tikintisi davam etdirilir. Tikinti işlərinə 2015-ci ilin mart ayında başlanılıb. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları binanın bütün mərtəbələrində qəlib-beton, hörgü işlərini başa çatdırıb, suvaq işlərinə başlayıblar. Hazırda daxildə suvaq işləri davam etdirilir. Binanın dam örtüyünün qurulmasına başlanılıb. 450 kvadratmetr sahədə ucaldılan yaşayış binasında 32 mənzil yerləşəcək ki, bu mənzillərdən 8-i üçotaqlı, 24-ü isə ikiotaqlı olacaq.
Son illər Naxçıvan şəhərində müasir yaşayış binalarının, xidmət sahələrinin istifadəyə verilməsi ilə yanaşı, dövlət qurumlarının səmərəli fəaliyyəti də diqqət mərkəzində saxlanılır, yeni inzibati binalar tikilir. Bütün bu tədbirlər əməkdaşların yaxşı şəraitdə işləməsinə hesablanıb.
Bu tədbirlərin davamı olaraq, Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsində Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üçün yeni bina inşa edilir. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən tikilən bina zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olacaq.
Obyektin iş icraçısı Akif Quliyevin bildirdiyinə görə, burada inşaat işlərinə bu ilin aprel ayında başlanılıb. Ötən müddətdə zirzəmi qatında və binanın birinci mərtəbəsində qəlib-beton işləri başa çatdırılıb, ikinci mərtəbədə qəliblərin quraşdırılmasına başlanılıb.
Məlumat üçün bildirək ki, sözügedən komitə üçün inşa edilən yeni binada hər cür şəraitə malik iş otaqları, qurumun əhatə etdiyi sahələrə aid fondlar, mətbəə, arxiv, server otağı, 10000 ədəd kitab üçün nəzərdə tutulmuş elmi kitabxana, laboratoriya, 108 yerlik iclas zalı yaradılacaq, binanı qış aylarında fasiləsiz istiliklə təmin etmək üçün fərdi qazanxana quraşdırılacaq.
Xəbərlər şöbəsi