Yüksək keyfiyyətli məhsulları ilə istehlakçıların rəğbətini qazanan “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının “Cahan çay” Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı ildən fəaliyyətə başlamışdır. Müəssisədə ABŞ, İtaliya və Macarıstan istehsalı olan avadanlıqlar quraşdırılmaqla və qabaqcıl texnologiya tətbiq olunmaqla “Əlincə”, “Tudor”, “Araz çay” adlı məhsullar istehsal edilir. Nəfis tərtibatla bəzədilmiş 100, 250 və 500 qramlıq qutularda muxtar respublikamızda, ölkəmizin paytaxtı Bakı şəhərində və digər regionlarda satışa çıxarılan çay alıcıların rəğbətini qazanmışdır.
İstehsal prosesi tam avtomatlaşdırılmış müəssisədə xammalın qəbulundan son məhsuladək olan texnoloji proseslərə, texniki təhlükəsizlik və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Çay yarpağı dünyanın bir sıra ölkələrindən, o cümlədən Çindən və Seylon adasından xammalın növündən asılı olaraq, 26-55 kiloqramlıq xüsusi mühafizə olunmuş taralarda idxal olunur. Müəssisədə “Seylon” çayının 4 növü qablaşdırılır. Seylon adasından çayın ixracına görə birinci yer tutan “Akbar Brothers” LTD (Şri Lanka) Şirkəti ilə tərəfdaşlıq sayəsində “Cahan Tea” həm “Akbar” brendinin Azərbaycanda paylanması, həm də yüksək keyfiyyətli Seylon çay yarpağı əsasında öz brendlərinin istehsalı ilə məşğuldur. Bu səbəbdəndir ki, “Cahan Tea” çay forumlarının, festivalların və sərgilərin daimi iştirakçısıdır.
Bazar iqtisadiyyatının tələblərinə uyğun yüksək keyfiyyətli məhsul istehsal edərək rəqabətqabiliyyətli müəssisəyə çevrilən “Cahan çay” MMC çay bazarında özünəməxsus yer tutmuşdur. Müəssisədə istehsal olunan məhsullara artan tələbatı ödəmək üçün mövcud imkanlardan səmərəli istifadə olunur, daha müasir texnoloji avadanlıqlar tətbiq edilir, müəssisənin istehsal gücünün artırılması məqsədilə kompleks tədbirlər həyata keçirilir. Müəssisədə Türkiyədən alınmış istehsal gücü dəqiqədə 20-25 və istehsal gücü dəqiqədə 15-20 paket olan müasirtipli vertikal paketləmə avadanlıqları quraşdırılmışdır. Təbii ki, müasir texnoloji avadanlıqların tətbiq olunması yüksək keyfiyyətli məhsul istehsalı ilə yanaşı, müəssisənin istehsal gücünün artmasına da geniş imkanlar açmış, birnövbəli iş rejimində məhsul istehsalı 80-100 tona çatdırılmışdır. Yeni çeşiddə çay istehsalı da diqqət mərkəzində saxlanılmış, 2012-ci ildə “Tudor” çayının daha 3 çeşiddə – iriyarpaqlı, berqamont ətirli çay və yaşıl çay istehsalına başlanılmışdır. Həmin çaylar 100, 250 və 500 qramlıq alüminium falqalarda paketləndikdən sonra karton taralara qablaşdırılaraq satışa çıxarılır. Yaxın vaxtlarda isə “Tudor” çayının dəmir qutularda 4, birdəfəlik istifadə üçün paketlərdə isə 3 növdə istehsalına başlanılacaq. Bunun üçün Macarıstan və Türkiyədən son model texnoloji avadanlıqlar alınıb gətirilərək quraşdırılmış, kifayət qədər xammal və material ehtiyatı yaradılmışdır. Dəmir taralar Türkiyə və Çin Xalq Respublikasından alınmışdır. Ümumilikdə, 3 istehsal xətti mövcud olan müəssisədə daha 2 istehsal xətti – birdəfəlik istifadə üçün paketləmə və dəmir qutulara qablaşdırma xəttinin quraşdırılması başa çatdırılmış, hazırda sınaq-yoxlama işləri aparılır.
Yeddi ilə yaxındır ki, fəaliyyət göstərən şirkətdə məhsulun keyfiyyəti və etibarlı tərəfdaşlığı bütün dövrlərdə biznesin uğurunu təmin edən vacib amil olmuşdur. Elə bu səbəbdəndir ki, şirkət böyüdükcə tərəfdaşlarının sayı da artır. “Cahan çay” çay satışına görə ölkəmizdə aparıcı yerlərdən birini tutur. Bunu təkcə gündən-günə artan istehlakçı sayı deyil, rəqabət aparan şirkətlər də təsdiq edir. Müəssisədə istehsal olunan məhsulların gələcəkdə xarici bazarlara çıxarılması da planlaşdırılır.
Daxili bazarın tələbatına uyğun yüksək keyfiyyətli məhsul istehsal edilən müəssisədə 22 nəfər daimi işlə təmin olunmuşdur.
Kərəm HƏSƏNOV