Muxtar respublika iqtisadiyyatının uğurlu inkişafında hər bir bölgənin, hər bir rayonun öz çəkisi var. Əldə olunan nailiyyətlərdə Şərur rayonunun da payı az deyil. Çünki münbit torpağı, bol su mənbələri hesabına burada hər il bol məhsul yetişdirilir. Dövlətimiz tərəfindən təsərrüfat adamlarına, fermerlərə və fiziki şəxslərə göstərilən diqqət və qayğının nəticəsidir ki, rayonda xüsusən aqrar sektorun çoxşaxəliliyi təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən sahibkarlara verilən güzəştli kreditlər hesabına rayonda soyuducu anbarların, kiçik və ortahəcmli istixana təsərrüfatlarının yaradılması üzrə investisiya layihələri həyata keçirilmişdir.
Yəqin ki, bölgənin kəndlərinə yolu düşənlər buradakı səliqəli, ölçülü-biçili istixanaları görüblər. Açığını deyək ki, sovet dönəmində çox az həyətlərdə gördüyümüz belə istixanalar məhz müstəqillik illərində sürətlə artmağa başlamışdır. Kimlərəsə istixana qurmaq, orada gecə-gündüz işləmək, məhsul yetişdirmək asan gəlməsin. Bu iş zəhmət tələb edir. Amma əməksevər insanlar bunun öhdəsindən lazımınca gəlirlər. Günün həqiqəti budur ki, bu gün Şərurda ən gəlirli sahələrdən birinə çevrilən istixanalar hesabına faraş tərəvəz bolluğu yaranmışdır. Bunun nəticəsidir ki, 2011-ci illə müqayisədə 2012-ci ildə rayonda ümumi tərəvəz istehsalı 54 ton artmışdır.
Daha bir fakt: rayonda 25 hektar sahəni əhatə edən istixana kompleksi var. Təkcə ötən il bu istixanalarda 625 ton tərəvəz məhsulları yetişdirilmişdir. Bundan əlavə, istixanalarda becərilən şitillər 1200 hektar sahəyə köçürülmüşdür. Bütövlükdə isə 1560 hektarda tərəvəz əkini keçirilmiş, 19 min 454 ton məhsul istehsal edilmişdir.
Ayrı-ayrı sahibkarlara, iş adamlarına dövlətimiz tərəfindən hərtərəfli dəstək və qayğı göstərildiyindən onlar öhdələrində olan istixanalardan daha yüksək məhsuldarlıq əldə edirlər. Belələrindən biri Məmmədsabir kənd sakini, iş adamı Yusif Quliyevdir. Onun tərəvəzçilik sahəsində zəngin təcrübəsi vardır. Yusif Quliyevin dediklərindən:
– Sahibkarlığa Kömək Fondundan 38 min manat güzəştli kredit götürməklə, 25 min manat isə özəl investisiyadan istifadə etməklə 2100 kvadratmetr sahədə 6 istixana yaratdıq. 2009-cu ildə isə müəssisəmiz soyuducu anbar tikintisini başa çatdırdı. Obyektin inşasına 180 min manat vəsait sərf olunmuşdur. Bunun 50 min manatını şəxsi vəsaitim, 130 min manatını isə Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına göstərilən maliyyə dəstəyi təşkil etmişdir.
Yeri gəlmişkən onu da deyim ki, kəndimizdə Yasin Həsənov da Sahibkarlığa Kömək Fondunun güzəştli krediti hesabına həyətyanı sahəsində 700 kvadratmetr sahədə nümunəvi istixana kompleksi yaratmışdır. İsgəndər Quliyev, Müslüm Rüstəmov və başqaları da bu işlə məşğul olurlar. Kəndimizdə, bütövlükdə, kiçik və ortahəcmli 111 istixana mövcuddur.
Siyaqut kəndində daha bir istixana kompleksi ilə tanış oldum. Sahibkar Xudaverdi Hüseynəliyevi dinlədim:
– İstixana kompleksi yaradarkən 2011-ci ildə Sahibkarlığa Kömək Fondundan 202 min manat kredit götürmüşəm. 70 min manat isə öz vəsaitimdən istifadə etmişəm. Bunun da 264 min manatı istehsal sahəsinin tikintisinə və avadanlıqlar dəstəsinin alınmasına sərf olunmuşdur. Üç min kvadratmetr sahəsi olan istixanada İtaliya və Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılmışdır. 2011-ci ilin oktyabr ayından fəaliyyətə başlamışıq. Kompleksimizdə 8 nəfər çalışır. İndiyədək 130 tondan çox tərəvəz məhsulları yetişdirib qış mövsümündə muxtar respublika əhalisinə satmışıq.
Öyrəndik ki, Siyaqut kəndində daha iki nəfərin – Səyyad Quliyevin 500, Yunis Ağayevin isə 400 kvadratmetrlik istixanaları vardır.
Kosacan kəndində isə bu il istixana kompleksləri 10 min kvadratmetr sahəyə çatdırılmışdır.
Faraş tərəvəz yetişdirilməsində Oğlanqala kəndinin əmək adamları da irəlidə gedirlər. Artıq Ələkbər Məmmədovun, Səməd və Cavid Şıxəliyevlərin istixana təsərrüfatlarında pomidor bitkiləri çiçək açmışdır.
Düdəngə kəndinin sakini İbrahim Həsənov isə rayon əhalisini istixana təsərrüfatında becərdiyi göyərti ilə bütün payız, qış mövsümü təmin edir. Vurğun Cəfərov isə istixana kompleksində daha çox xiyar yetişdirilməsi ilə məşğul olur. O, nubar məhsulunu mart ayının axırlarında bazara çıxaracaqdır.
Bəli, Şərurda iş adamlarına, fərdi təsərrüfatlara, əkin-biçinlə məşğul olanlara hər cür şərait yaradılmışdır. Bütün bunlar dövlətin sahibkarlığın, özəl sektorun inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərin nəticəsidir.
Cəfər ƏLİYEV