İqtisadi artımın əldə olunmasında iqtisadi sahələrə kredit dəstəyi mühüm rol oynayır. Məhz bu mexanizm bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın bütün sahələrinin bərabər inkişaf səviyyəsini təmin edir və son nəticədə, cəmiyyətin bütün təbəqələrinin ehtiyac və tələbatlarını ödəyə bilən bir iqtisadi sistemin formalaşmasına vasitəçi olur. Pul-kredit sisteminin köməyi ilə çoxşaxəli iqtisadiyyatın formalaşdırılması mümkün olur ki, burada da kredit qoyuluşlarının sahələr üzrə paylanılmasının effektiv təsiri var.
Verilmiş kreditlər əsaslandırılmış istiqamətdə olduqda və onlar real iqtisadiyyatın tələblərinə uyğun istifadə edildikdə istənilən sahə üzrə öz müsbət səmərəsini verir.
Bu gün muxtar respublikamızın blokada şəraitində olması və bununla əlaqədar məhdud kommunikasiya imkanları burada yerli imkanlar hesabına daha çox məhsul və xidmətlərin istehsalını şərtləndirir. Muxtar respublika iqtisadiyyatının inkişafında Naxçıvanda fəaliyyət göstərən bank sektorunun mühüm rolu vardır.
2015-ci ilin 1 oktyabr tarixinə muxtar respublika iqtisadiyyatına 124 milyon 330 min manatlıq kredit qoyuluşu həyata keçirilmişdir. Bu, ötən ilin müvafiq dövründən 26 milyon 238 min manat çoxdur. Kredit qoyuluşu, əsasən, kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının və iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilmişdir ki, bu da kənd təsərrüfatının inkişafına, yerli sənaye və istehlak malları istehsalının həcminin artmasına, yeni iş yerlərinin açılmasına, rəqabətədavamlı daxili bazarın formalaşmasına təkan vermişdir.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində kredit təşkilatları tərəfindən muxtar respublika iqtisadiyyatına ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon 204 min manat artımla 59 milyon 840 min manat həcmində kredit qoyulmuşdur. Verilmiş kreditlərin 20 milyon 838 min manatı qısamüddətli, 39 milyon 2 min manatı isə uzunmüddətli kreditlərdir.
Muxtar respublikamızda sahibkarlığın inkişafına göstərilən diqqət kredit qoyuluşlarının sahələr üzrə bölgüsündə də özünü göstərir. Belə ki, 2015-ci ilin ilk doqquz ayı ərzində muxtar respublikada fəaliyyət göstərən müvəkkil kredit təşkilatları tərəfindən sahibkarlığın inkişafı məqsədilə verilmiş kreditlər cəmi kreditlərin 72 faizini təşkil etmiş, sahibkarlığın inkişafı üçün 42 milyon 812 min manat kredit verilmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 milyon 178 min manat artmışdır. 2014-cü ilin ilk doqquz ayı ərzində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə verilmiş kreditlərin həcmi 25 milyon 634 min manat idi.
Cari ilin doqquz ayı ərzində sahibkarlığın inkişafı məqsədilə verilmiş kreditlərin 9 milyon 799 min manatı Sahibkarlığa Kömək Fondunun vəsaitləri hesabına, 33 milyon 13 min manatı isə bankların öz vəsaiti hesabına təmin edilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə hər iki mənbə hesabına verilmiş kreditlərin həcmində 17 milyon 178 min manat artım müşahidə olunmuşdur. Kənd təsərrüfatı ilə məşğul olan sahibkarların maliyyələşdirilməsi əsas diqqət mərkəzində saxlanılmış və bu məqsədlə 17 milyon 19 min manat kredit resursu cəlb edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 807 min manat çoxdur. Sənaye sahəsində fəaliyyət göstərən sahibkarlara verilmiş kreditlərin həcmi isə 14 milyon 188 min manat təşkil etmişdir. Bu sahədə verilmiş kreditlərin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon 930 min manat artıma nail olunmuşdur. Tikinti sahəsinə 557 min manat, ticarət sahəsinə 5 milyon 127 min manat kredit verilmişdir. Nəqliyyat, rabitə və informasiya sahələrinə isə 5 milyon 921 min manat həcmində kredit vəsaiti cəlb edilmişdir ki, bu da ötən ilin doqquz ayı ilə müqayisədə 5 milyon 906 min manat çoxdur.
Muxtar respublikada fəaliyyət göstərən kredit təşkilatları tərəfindən əhaliyə kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi ilə əlaqədar 11 milyon 852 min manat kredit verilmişdir.
Azərbaycan Respublikası üzrə 2015-ci il ərzində verilmiş kredit resurslarına tətbiq olunan ən aşağı faiz dərəcələrini ölkənin iqtisadi regionları arasında ənənəyə sadiq qalaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar təklif etmişdir. Belə ki, 1 sentyabr tarixinə Naxçıvan Muxtar Respublikasında verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 13,8 faiz olmuşdur.
Faiz dərəcələrinə müvafiq artan kredit portfelində isə Azərbaycan Respublikası üzrə cəmi vaxtı keçmiş 1 milyard 333 milyon 600 min manat kredit borclarının 0,9 faizi Naxçıvan Muxtar Respublikası üzrə verilən vaxtı keçmiş kredit borclarının payına düşür.
Gənclərin mənzilə olan tələbatlarının ödənilməsi məqsədilə verilmiş ipoteka kreditlərinin həcmi isə 5 milyon 177 min manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 199 min manat çoxdur.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 7 milyon 434 min manat, o cümlədən xarici valyuta ilə 3 milyon 570 min manat təşkil edir. Banklara qoyulan əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 245 min manat artmışdır.
Muxtar respublikamızda bank sektorunun fəaliyyəti genişləndikcə əhalinin bank xidmətlərinə olan marağı artır və daha geniş xidmət şəbəkəsindən yararlanmağa başlayır. Və nəticə etibarilə sakinlər banklara daha çox etibar edirlər. Banklar tərəfindən xidmət olunan müştərilərin sayının artmasına səbəb olan amillərdən ən əsası isə onlar tərəfindən təklif edilən xidmətlərin keyfiyyətinin ilbəil daha müasir standartlara cavab verməsidir.
Banklar tərəfindən 2015-ci ilin 1 oktyabr tarixinə 2294 hüquqi, 44062 fiziki şəxs olmaqla, 46356 müştəriyə xidmət göstərilmişdir. Xidmət olunan hesabların 41817-si işlək hesab olmuşdur ki, onların 1362-si hüquqi, 40455-i fiziki şəxsdir.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində 49 hüquqi, 8077 fiziki şəxs olmaqla, 8126 müştəriyə yeni bank hesabı açılmışdır. Açılmış bank hesablarının 8072-si fəaliyyət göstərir ki, onların 49-u hüquqi, 8023-ü fiziki şəxsdir.
“Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı”na uyğun olaraq, nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, innovativ ödəniş alətlərindən və xidmətlərindən istifadənin kütləvi hal alması və elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilmiş, dövlət təşkilatlarında əhaliyə göstərilən xidmətlər üzrə rüsum və xidmət haqlarının nağdsız ödəniş alətləri vasitəsilə ödənilməsi imkanları artırılmışdır.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının iştirakı ilə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılmış POS-terminallardan müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılmasının monitorinqi keçirilmiş, nağdsız əməliyyat aparmayan mal satan və xidmət göstərən sahibkarlarla maarifləndirici görüşlər təşkil edilmiş, müvafiq tövsiyələr verilmişdir. Tədbirlər planında nəzərdə tutulmuş işlərin icrasının nəticələrini cəmiyyətə çatdırmaq məqsədilə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən “Nağdsız ödənişlər: mövcud vəziyyət, inkişaf perspektivləri” adlı jurnal nəşr edilmişdir. Jurnalda görülmüş işlərlə bərabər, nağdsız ödənişlərlə bağlı ictimaiyyəti maraqlandıran bir çox mövzulara toxunulmuş və muxtar respublikanın bütün rayonlarının bu sahədə apardıqları fəaliyyətin nəticələri ayrı-ayrılıqda təhlil edilmişdir. Jurnalda həm bank işinin təhlili ilə məşğul olan iqtisadçılar üçün, həm də bu sahəyə marağı olan bütün vətəndaşlar üçün məqalələr öz əksini tapmışdır.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 16 min manat artaraq 12 milyon 498 min manat olmuşdur.
2015-ci ildə qarşıya qoyulmuş əsas hədəflərimizdən biri də Naxçıvan şəhərində sərnişindaşımada gediş haqlarının nağdsız ödəniş alətləri vasitəsilə ödənilməsi imkanının yaradılmasından ibarətdir.
Ödəniş sistemlərinin inkişaf etdirilməsi, iqtisadi fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsi, ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması üçün POS-terminalların quraşdırılması daim diqqət mərkəzində saxlanılmış, 1 oktyabr 2015-ci il tarixə onların sayı 1019 ədəd olmaqla keçən ilin müvafiq dövrü ilə müqayisədə 202 ədəd artmışdır.
Muxtar respublika üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartlarının sayı ötən ilin müvafiq dövründə 198 min 747 ədəd təşkil edirdisə, hazırda elektron ödəniş kartlarının ümumi sayı 217 min 482 ədədə çatmış və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 min 735 ədəd artmışdır. Bu gün artıq muxtar respublika sakinlərinin hər iki nəfərdən biri ödəniş kartı ilə təmin olunmuşdur. Ancaq bununla bərabər vətəndaşların, xüsusilə kənd yerlərində əməkhaqqı, pensiya və müavinətlərin tamamilə ödəniş kartları vasitəsilə ödənilməsinin təşkili daim diqqət mərkəzində saxlanılır.
Muxtar respublikada fəaliyyət göstərən bank qurumları tərəfindən elektron ödəniş məkanının formalaşdırılması, valyuta mübadiləsi əməliyyatlarının qanunvericiliyə və mövcud qaydalara uyğun aparılması, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, nağdsız hesablaşmaların həcminin artırılması, iqtisadiyyatın real sektoruna, xüsusilə kənd təsərrüfatı və sənayenin inkişafına kreditlərin verilməsi davam etdiriləcəkdir.
Tural ŞİRƏLİZADƏ
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin aparıcı mütəxəssisi