23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvanterminalkompleks” Birliyi üçün müasir infrastruktur yaradılıb

Qeyd edək ki, Culfa şəhərində yerləşən “Naxçıvanterminalkompleks” Birliyi muxtar respublikanın yaşı bir əsrdən artıq olan, xüsusən də sovet dövründə xarici iqtisadi əlaqələrdə mühüm rol oynayan gömrük orqanlarındandır. Bu gömrük orqanı ötən əsrin əvvəllərində Rusiya Xarici Əlaqələr Departamentinin yerli şöbəsi kimi məhz Culfa şəhərində fəaliyyətə başlamışdır. Sovet İttifaqından bu istiqamətdə xaricə hərəkət edən və xaricdən gələn qatarların sənədlərinin yoxlanılması və yola salınması birbaşa Moskvaya tabe olan bu qurum tərəfindən həyata keçirilmişdir. 1905-1907-ci illərdə bu orqanın fəaliyyəti üçün lazımi şərait yaradılmış, xidməti bina tikilmişdir. “Naxçıvanterminalkompleks” Birliyi bu vaxta qədər həmin binada fəaliyyət göstərmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin strukturunda təsərrüfathesablı şəkildə fəaliyyət göstərən bu qurum dövlətin iqtisadi maraqlarının qorunması istiqamətində geniş səlahiyyətlərə malikdir. Birlik tərəfindən gömrük prosedurları altında yerləşdirilməli olan mal və nəqliyyat vasitələrinin bəyan edilməsi və gömrük bəyannamələrinin tərtib edilməsi üzrə gömrük brokeri xidməti göstərilir, idxal, ixrac və tranzit yüklərin tərəzilərdə çəkilməsi təmin olunur. Hüquqi və fiziki şəxslər tərəfindən xarici dövlətlərə, o cümlədən xarici dövlətlərin ərazisindən keçməklə Azərbaycan Respublikasının digər bölgələrinə yüklərin daşınmasının təşkili və bu işin təkmilləşdirilməsi məqsədilə lazımi tədbirlərin görülməsi, avtomaşınlara beynəlxalq yük qaiməsinin yazılması, qanunvericiliklə müəyyən olunmuş qaydada muxtar respublika ərazisində gömrük və müvəqqəti saxlanc anbarlarının, rüsumsuz ticarət və firma mağazalarının təsis və fəaliyyətinin təmin edilməsi, müvafiq dövlət orqanları tərəfindən müsadirə edilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərracları vasitəsilə realizəsi də birliyin əsas fəaliyyət istiqamətlərindəndir.

“Naxçıvanterminalkompleks” Birliyi üçün yeni infrastrukturun qurulması xidmətlərin keyfiyyətlə yerinə yetirilməsinə, gömrük əməkdaşları üçün əlverişli iş şəraitinin yaradılmasına xidmət edir. Yeni infrastruktur zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olan inzibati bina və anbar kompleksindən ibarətdir. Gömrük brokeri xidmətinin göstərildiyi rəsmiləşdirmə zalı birinci mərtəbədə yerləşir. Burada həmçinin xarici iqtisadi fəaliyyət iştirakçılarına və digər şəxslərə hüquqi dəstək göstərilir. Bəyanetmə Azərbaycan gömrük sisteminin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi üzərindən aparılır. Burada elektron növbə sistemi mövcuddur.
Növbətçinin xidmət yerində barmaq izi və ya üz tanıma ilə qeydiyyat aparılmaqla əməkdaşların işə davamiyyətinə elektron qaydada nəzarət olunur. Muxtar respublika gömrük sistemində formalaşdırılmış işə davamiyyətə elektron nəzarət sistemi imkan verir ki, birliyin digər gömrük orqanlarında xidmət edən əməkdaşlarının da işə davamiyyətinə nəzarət edilə bilsin. Anbarlar da daxil olmaqla ərazidə quraşdırılmış kameraların görüntülərinə də növbətçi hissədə qoyulmuş müşahidə monitorunda baxılır.
İnzibati binanın ikinci mərtəbəsində 40 yerlik iclas zalı və digər xidməti otaqlar yerləşir. Foyedə gündə­lik məlumatların və mühüm yeniliklərin gömrük orqanı əməkdaşlarına operativ qaydada çatdırılması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsindən idarə olunan elektron məlumat və qəzet guşələri vardır.
Birliyin ərazisində qurulan anbar kompleksi muxtar respublikamızda gömrük anbarı işinin müasir tələblər səviyyəsində təşkilinə və xidmətin təkmilləşdirilməsinə imkan verir. Anbar kompleksi bir açıqtipli, yəni istənilən şəxslər tərəfindən istifadə oluna bilən və yeddi qapalıtipli, yəni müəyyən şəxslərin mallarının saxlanması üçün nəzərdə tutulan gömrük anbarlarından, o cümlədən xüsusi şərait tələb edən məhsulların saxlanılması üçün iki ədəd soyuducu anbardan ibarətdir. Anbar kompleksinin hər iki tərəfində platforma mövcuddur. Platformalar istər qatarla, istərsə də avtomaşınlarla daşınan yüklərin yoxlanılması, yüklənib- boşaldılması üçündür. Qeyd edək ki, “Naxçıvanterminalkompleks” Birliyi muxtar respublikamızda dəmir yolu ilə daşınacaq yüklərə gömrük nəzarətini həyata keçirmək imkanına malik yeganə gömrük orqanıdır.
Platformanın yaxınlığında inşa olunmuş birmərtəbəli binada isə xidməti otaqlar və yeməkxana vardır.
Ərazidə yüklərin çəkilməsi üçün 60 tonluq tərəzi quraşdırılmış, mövcud dəmiryol xətti yenidən qurulmuşdur.
Kompleksin həyətində yaşıllaşdırma və abadlıq işləri görülmüş, müasir işıqlandırma sistemi qurulmuş, 12 ədəd təhlükəsizlik kamerası quraşdırılmışdır.
Təbii ki, “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni gömrük kompleksinin qurulması muxtar respublikaya gələn, tranzit keçən və bu ərazidən çıxan yüklərə və nəqliyyat vasitələrinə həyata keçirilən gömrük nəzarətinin səmərəliliyini artıracaqdır. Yaradılmış yüksək iş şəraiti göstərilən xidmətlərin keyfiyyətinin artmasına, həmçinin gömrük rəsmiləşdirilməsinin daha da sürətlənməsinə şərait yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR