23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamına əsasən, hər il oktyabrın 20-si ölkəmizdə energetika sahəsində çalışanların peşə bayramı günü kimi qeyd olunur.
Azərbaycanda iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektroenergetikanın inkişafı da ümummilli liderimizin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsi, ölkədə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində gərgin fəaliyyət göstərmişdir. O vaxta qədər ölkədə bütün elektrik stansiyalarının ümumi gücü 2200 meqavat təşkil edirdi və elektrik enerjisi təminatının tam ödənilməsində problemlər mövcud idi. Ümummilli liderin səyləri və təşkilatçılığı sayəsində hər birinin gücü 300 meqavatlıq 8 blokdan ibarət olan Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının tikintisinə başlanıldı və hər il bir bloku istifadəyə verilən bu stansiya sayəsində Azərbaycan enerji sistemi bölgənin aparıcı sisteminə çevrildi. Həmin dövrdə İran İslam Respublikası ilə birgə tikilən 22 meqavatlıq Araz SES, 330 kilovoltluq Mingəçevir-Abşeron hava elektrik verilişi xətləri, yeni transformator yarımstansiyaları istismara verilmişdir. Müstəqillik illərində də ümummilli liderimiz ölkəmizdə enerji təhlükəsizliyinin təmin olunmasını diqqət mərkəzində saxlamış, bu sahənin maddi-texniki təchizatı xeyli gücləndirilmişdir.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkə iqtisadiyyatının bütün sahələri, o cümlədən elektrik enerjisi üzrə proqramlar hazırlanaraq uğurla icra edilir. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının həyata keçirilməsi iqtisadiyyatın hərəkətverici qüvvəsi olan elektrik enerjisi sistemində də inkişafı təmin etmişdir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində blokada şəraitində yaşayan Naxçıvan ciddi enerji böhranı ilə üzləşən zaman ulu öndərin apardığı danışıqlar nəticəsində 1993-cü ildə İran İslam Respublikasından 42 meqavat, Türkiyə Respublikasından isə 63 meqavat elektrik enerjisi nəqlinə başlanılmışdır. Bu dövrdən başlayaraq muxtar respublikada müxtəlif gücə malik olan transformator yarımstansiyaları quraşdırılmış, yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilmiş, idxal olunan elektrik enerjisinin itkisiz paylanması, avadanlıqların yüklənməsinin qarşısını almaq və enerji təchizatının etibarlılığını yüksəltmək məqsədilə ardıcıl tədbirlər görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2005-ci il 2 may tarixli Sərəncamına uyğun olaraq, 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qaz ilə işləmə rejiminə keçirilmiş, 220 kilovoltluq “Babək” yarımstansiyasında yenidənqurma işləri aparılmışdır. Sərəncama uyğun olaraq, həmin il ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası və Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə yeni su elektrik stansiyası istismara verilmişdir. 2010-cu ildə isə 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyasının, ötən il isə Arpaçay Su Anbarı üzərində 20,5 və 1,4 meqavat gücündə 2 su elektrik stansiyasının tikilib istifadəyə verilməsi Naxçıvanın etibarlı enerji təminatına səbəb olmuşdur. Bütün bunların nəticəsidir ki, bir zamanlar yalnız idxal hesabına elektrik enerjisinə olan tələbatını qismən ödəyən Naxçıvanda bu gün daxili istehsal hesabına ən ucqar dağ kəndi belə, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanın enerji təminatı məsələləri ön plandadır. Biz hamımız yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvanı elektrik enerjisi ilə təmin etmək üçün çox böyük problemlər mövcud idi. Ulu öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələlərinin həllinə start verildi və bu gün biz bu siyasəti uğurla davam etdiririk. Son illərdə Naxçıvanda 5 elektrik stansiyası tikilmişdir. Demək olar ki, Naxçıvanda enerji təhlükəsizliyi məsələləri tam şəkildə öz həllini tapmışdır”.
Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər əhalinin tələbatını ödəməklə yanaşı, həm də Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın davamlı inkişafını təmin etmişdir. Buna görə də enerji təchizatının yaxşılaşdırılması və müasirləşdirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada mövcud elektrik stansiyalarının, yarımstansiya və elektrik verilişi avadanlıqlarının təmiri ilə yanaşı, yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi sahəsində də mühüm işlər görülür. Hazırda Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Həmçinin 14 meqavat gücündə Tivi Su Elektrik Stansiyasının tikintisi məqsədilə layihələndirmə işləri aparılır.
Naxçıvanın əlverişli iqlim və coğrafi şəraiti alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Hazırda bu imkanlardan səmərəli istifadə olunur. Muxtar respublikada nəinki Azərbaycanda, hətta Qafqaz və region ölkələrində ən böyük Günəş elektrik stansiyası inşa olunur. Babək rayonunun Xal-xal kəndində 35 hektarlıq ərazidə tikilən Günəş elektrik stansiyasında ən müasir Günəş panelləri, invertor və transformatorlar quraşdırılır. Stansiyanın gücü 20 meqavat olacaq və burada il ərzində 30 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcəkdir.
Elektrik enerjisi sahəsinin inkişafını daim diqqət mərkəzində saxlayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muxtar respublikada il ərzində istehsal olunan elektrik enerjisinin çox hissəsi bərpa olunan enerji mənbələri, yəni su elektrik stansiyaları hesabına ödənilir. Bu da elektroenergetikanın inkişafı sahəsində qazanılan ən mühüm nailiyyətlərdən biridir. Hazırda yeni Günəş elektrik stansiyası qurulur. Bütün bunlar muxtar respublikada gələcək tələbat da nəzərə alınmaqla uzun müddət elektrik enerjisi təminatının daxili istehsal hesabına ödənilməsinə imkan verəcəkdir”.
Muxtar respublikada istehsal olunan elektrik enerjisinin istehlakçılara fasiləsiz və keyfiyyətli çatdırılması məqsədilə yeni transformator yarımstansiyaları tikilir, mövcud olanlar yenidən qurulur. Son illər “Xal-xal”, “Koroğlu”, “Xalça­çılıq”, “Şərur”, “Naxçıvan” və “Ordubad” transformator yarımstansiyaları müasir şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Bu il isə Kəngərli Rayon Elektrik Şəbəkəsinin inzibati binası və 35 meqavolt-amperlik “Qıvraq” yarımstansiyası, Babək rayonu ərazisində “Nehrəm” yarımstansiyası tikilib istifadəyə verilmişdir. Ümumiyyətlə, 2015-ci ilin ötən 9 ayında muxtar respublikanın şəhər və kənd­lərində 31 ədəd yeni transformator qoyulmuş, 68 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq elektrik verilişi xətləri çəkilmiş, 6 kilometr uzunluğunda hava elektrik verilişi xətləri yeraltı kabellərlə əvəz edilmişdir.
Bu gün elektroenergetika sahəsində ixtisaslı kadr hazırlığına da xüsusi diqqət yetirilir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada elektrik stansiyalarının tikintisi və yenidən qurulması, elektrik təchizatı avadanlıqlarının quraşdırılması, bütövlükdə, yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı bu sahədə mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradır. Sərəncamın icrasına uyğun olaraq, Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr Naxçıvan Dövlət Energetika Agentliyinə hamiliyə verilmişdir. Gənc­lərin istehsal və iş sahələrinə cəlbi onların təcrübi biliklərinin möhkəmləndirilməsinə və peşəkar kadr kimi yetişməsinə imkan verir.
Muxtar respublikanın energetikləri elektrik enerjisindən səmərəli istifadə olunması, enerji itkisinin minimum səviyyədə saxlanılması və sərfiyyata uyğun enerji dəyərinin ödənişinin təmin olunmasında səylə çalışırlar. Bütün işlədicilərin istifadə etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün rəqəmsal elektron sayğaclar qoyulur, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilir. Hazırda Naxçıvan şəhərində Smartkarttipli sayğacların quraşdırılması davam etdirilir. Artıq mənzillərdə 6500 ədəd belə sayğac qoyulmuşdur. Həmçinin əməkdaşlar tərəfindən elektrik enerjisindən səmərəli istifadə edilməsi, israfçılığın, elektrik enerjisindən qanunsuz və sayğacdankənar istifadə edilməsinin qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin və onun yerli strukturlarının kollektivləri yaşayış məntəqələrinin, istehsal və xidmət sahələrinin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchizatını daim diqqət mərkəzində saxlayırlar. Energetika işçiləri bundan sonra da muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikası Dövlət
Energetika Agentliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR