23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvanın şöhrətini hər yerə yayıb, onu tanıdan çox sayda sərvətləri, bar-bərəkətli torpaqları vardır. İlin hansı fəslində desən, naxçıvanlıların süfrəsi hər cür nemətlərlə, növbənöv yerli meyvələrlə zəngindir. Yaz bitməmişdən yetişən təzə Ordubad, Şərur meyvələri, sonra aşıb-daşan Babək, Culfa bağlarının məhsulları, ardınca da payızın bu bərəkətli çağında Şahbuzun meyvə bağları hamının üzünə gülür.

Torpağın mineral tərkibindəndir, ya içdiyi sudan, amma Şahbuz meyvələrinin öz yeri var. Bal kimi ətirli Kükü alması, Badamlı badamı, qar kimi ağappaq Keçili cəvizi, az qala üçü bir kilo gələn sulu Ayrınc armudu, bir az gec yetişsə də, hamının çox bəyəndiyi Aşağı Qışlaq və Kolanı əriyi, özünəməxsus dadı olan Mahmudoba üzümü Naxçıvan bazarında çoxlarına tanışdır. Bütün bunlar və adlarını çəkmədiyimiz digər meyvələr Şahbuz şəhəri və onun bütün kəndlərinin sərvəti, əhalisinin əsas məşğuliyyətlərindən biridir.

Şahbuzda meyvəçilik çox sərfəli sahədir. Rayonun torpaq-iqlim xüsusiyyətləri, zəngin su sərvətləri imkan verir ki, burada Naxçıvan torpağına məxsus əksər növ meyvələr bar versin. Elə qədimdən də burada müxtəlif meyvə sortları əkilib torpağa uyğunlaşdırılmışdır. Bu gün Şahbuzda meyvə ağacları olmayan həyətə çox çətin rast gələrsən. Həyətyanı sahələrdə yaşı az qala üç yüz ilə çatan qocaman cəviz ağaclarından tutmuş ötən illərdə salınmış cavan bağlaradək hər cür ağaclar vardır. Rayonda 80 yaşlı bağbanla yanaşı, 30 yaşlı gəncin də meyvəçiliyə olan eyni həvəsini görmək mümkündür. Şahbuzla, onun kənd­ləri ilə tanış olanlar bunu təsdiq edərlər. Son illər dövlətin meyvəçiliyə ayırdığı diqqət özünü bu rayonda daha qabarıq göstərib. Rayonda olarkən öyrəndik ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” rayonda meyvəçiliyin inkişafına marağı daha da artırıb. Dövlət proqramına uyğun olaraq, son illərdə burada 60,9 hektar sahədə yeni meyvə bağları salınıb. İndi artıq şahbuzluların öz tələbatlarından dəfələrlə artıq miqdarda məhsulverən meyvə bağları vardır. İlin bu bərəkət aylarında toplanan meyvələrin saxlanılması üçün rayonda 300 tonluq soyuducu anbar da fəaliyyət göstərir. Şahbuzda hər mövsümdə bir neçə ton meyvəsi olan iri torpaq mülkiyyətçisi onlarladır. Muxtar respublikamızda daxili bazarın qorunması istiqamətində görülən tədbirlər və torpaq mülkiyyətçilərinə yaradılmış şərait onları daha çox meyvə bağı salmağa, daha çox məhsul istehsal etməyə həvəsləndirir. Axı Naxçıvan bazarında meyvəyə, xüsusən Şahbuz meyvələrinə tələbat böyükdür. Buna təkcə Naxçıvan şəhərində hər həftənin şənbə və bazar günləri təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasına baş çəkməklə də şahid olmaq olar. Naxçıvanın hər yerindən yarmarkaya gətirilən təzə meyvə-tərəvəz arasında Şahbuz nemətlərinin öz alıcısı var.
İndi Şahbuza yolu düşən olsa, sizi qonaq edən şahbuzlunun açdığı süfrə arxasında hökmən meyvələrdən danışılacaq. Burada yetişən meyvə sortlarından, onların keyfiyyətindən həmsöhbətə danışmağı çox sevirlər. Amma söhbətə də vaxt azdır. Günlər qısalır, önümüzdə yağışlı günlər var. Meyvələrin yarısı isə hələ ağaclardadır.

Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR