22 Dekabr 2024, Bazar

Çalışmaq əzminin mükafatı olan yaxşı yaşamaq hər kəsin tələbatıdır. Belə tələbatların ödənilməsi isə cəmiyyətin ümumi inkişaf səviyyyəsinə uyğun olan iqtisadi-mədəni potensialdan çox asılıdır. İqtisadi imkanlar artıb, sosial-mədəni tələbatlar da genişləndikcə gələn hər yeni bir inkişaf dalğası milyonlarla insanın həyatını kökündən dəyişdirərək daha keyfiyyətli, daha yaradıcı və daha zövqlü bir həyat tərzinə keçid yaradır. Belə bir ümumi inkişafa gedən yolun hər qarışında öz ayaq izlərini qoymaq, bunu hər addımda bacarmaq hər bir vətəndaşın, sadəcə, vətəndaşlıq borcudur.
Cəmiyyətdə heç bir yaxşılıq unudulmadığı kimi, çəkilən heç bir zəhmət də yerdə qalmır, itmir. Müasir Azərbaycan Respublikası öz inkişafının elə bir mərhələsini yaşayır ki, artıq xalqımız yalnız dünyanın super dövlətlərində mövcud olan həyat səviyyəsinə çatmağı qarşısına məqsəd qoymuş, indiyə qədər haqqında eşitdiyi hər hansı bir mədəni tələbatı gündəlik həyatında görməyə başlamışdır. Müstəqilliyin əldə olunması ilə ölkəmiz öz sərvətlərinin əsl sahibi kimi dünyada tanınmağa başlamış və elə bir zaman gəlmişdir ki, Azərbaycan deyəndə bütün haqsızlıqlara sinə gərərək dosta dost olmağı, düşmənə gözdağı verməyi bacaran bir dövlət başa düşülür. Müstəqillik illərində ölkəmizin belə sürətli inkişafının əsas səbəblərindən biri, şübhəsiz, hər kəsin öz sahəsində qurub-yaratmağa, yeniliklərin tətbiqinə, dünya ilə ayaqlaşmaq üçün hər fürsəti dəyərləndirməyə yönəlmiş fəaliyyətidir. Çünki ümummilli liderimiz Heydər Əliyevin qurduğu möhkəm dövlətin daha da qüdrətli olması, onun hər birimizin gələcəyinin qarantına çevrilməsi üçün bu, hər bir azərbaycanlının qarşısında duran ən şərəfli vəzifə idi.

Hər bir dövlətin, regionun tarixində müəyyən çətinliklər olmuşdur. Yalnız çox az hallarda bu çətinliklərin həlli qısa zamanda ümumi yüksəlişə gedən yolla əvəz edilmişdir. Bir çox hallarda isə müəyyən ölkələrdəki böhranlar dərinləşərək onları məhv­olma dərəcəsinə qədər aparıb çıxarmışdır. Ona görə də çətin günlərin əziyyətindən nəticə çıxarmaq, hadisələrin yönünü inkişafa doğru çevirmək üçün rəhbər qətiyyəti qədər insanlarda əməyə, qurub-yaratmağa sevgi də əsas şərtlərdəndir. Bu bir həqiqətdir ki, sülhsevər xalqlar yalnız öz əməyinin hesabına yaxşı yaşamağın yolunu tutmuşlar. Fikrimizin bu yerində bir film epizodunu xatırlatsam, yəqin ki, yerinə düşər. İkinci Dünya müharibəsindən sonrakı illərdə yorulmadan qurub-yaradan insanların əmək şücaətindən bəhs olunan bu sənədli filmdə insanlardan niyə belə əzmlə çalışdıqları soruşulduqda, onlar – işləmək müharibədə döyüşməkdən çətin deyil ki, – deyə cavab verirdilər. Başqa sözlə, əgər yaxşı yaşamaq, keyfiyyətli həyat sürmək istəyirsənsə, səhərin erkənindən əkin-biçinə çıxmağı, qaranlıq düşənə qədər qurub-yaratmağı, gec saatlara qədər yazı masasında oturmağı da bacarmalısan. 
Naxçıvan Muxtar Respublikasının son iki onillikdə çətinliklərlə dolu, ancaq heyrətamiz inkişaf yoluna nəzər salanda qarşımızda həmin filmin tanış cizgiləri canlanır. Diqqətlə baxsaq, muxtar respublikanın hər yerində, üst-üstə qoyulan hər daşında, çəkilən hər yolunda, əkilən hər fidanında yorulmaz gərgin fəaliyyətin izləri açıq-aydın görünür. Düşmən blokadasının təsiri və təsərrüfat-iqtisadi əlaqələrinin qırılması ilə böhran keçirən muxtar respublika iqtisadiyyatının qısa zaman ərzində dirçəldilməsi, Naxçıvanın, bütövlükdə, bir tikinti meydanına çevrilməsi bu gün dünyada bənzərinə az rast gəlinən bir möcüzənin gercəkliyə çevrilməsi ilə nəticələnmişdir. Naxçıvanın ən çətin günlərində onun xilaskarına çevrilmiş xalqımızın ümummilli lideri Heydər Əliyevin dahi dövlətçilik məktəbinin əzmlə davam etdirilməsi ilə muxtar respublika bu gün iqtisadi və sosial məsələlərin həllində nümunə olmaqla yanaşı, regional güc və siyasi cazibə mərkəzi olmaq imkanını da əldə etmişdir. Bunları öz gözləri ilə görənlərdən biri kimi bu yaxınlarda Naxçıvanda səfərdə olmuş dost Gürcüstan Respublikası Prezidentinin sözləri ilə desək: “Əgər möhtəşəm, əzəmətli Bakıdan başqa, həqiqətən, digər yerləri görmək istəyirsənsə, onda Naxçıvana da gəlmək lazımdır”.
2013-cü il Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev” ili elan olunmuşdur. Əslində, hər bir azərbaycanlı, ölkəmizin hər bir vətəndaşı üçün əlamətdar olan bu yubiley ili həyatımızın bütün sahələrində özünü göstərən keyfiyyət dəyişiklikləri ilə bir daha yaddaqalan olacaqdır. Çünki, bütövlükdə, ölkəmiz inkişafın elə bir mərhələsinə daxil olmuşdur ki, artıq insanlar ömrünün hər saatını daha mənalı yaşamaq qayğısını çəkirlər. Cəmiyyətə faydalı olmaqla bu arzunun reallığa çevrilməsi hər bir azərbaycanlı kimi, naxçıvanlıların da gündəlik yaşayış tərzinə çevrilmiş, görülən işə doğma münasibət göstərilməsi gələcəyimizə göstərilən ən böyük diqqət kimi qavranmaqdadır. İndi sadə naxçıvanlı tutduğu vəzifədə öz üzərinə düşəni layiqincə yerinə yetirməklə, hansısa inkişaf etmiş ölkələrdəki model bir sosial həyatı, sadəcə, arzulamaqla deyil, onu öz yaşadığı torpaqda da yaratmaqla yaşamağın hər zamankından daha gözəl olduğuna sanki bir anda inanmağa başlamışdır. Görülən hər bir yaradıcı işlə bərabər, yaranan keyfiyyət dəyişiklikləri isə bu qədim Azərbaycan torpağına göstərilən həssas dövlətçilik münasibətinin və hər addımda izləri görünən Vətən sevgisinin nəticəsidir.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR