23 Dekabr 2024, Bazar ertəsi

 Bu mövzuda treninq keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamına əsasən, Naxçıvan Dövlət Texniki Kollecinin Bank işi ixtisası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən hamiliyə götürülüb. Dünən bankda kollecin həmin ixtisas üzrə ikinci və üçüncü kurs tələbələrinə treninq keçirilib.

Tədbirdə idarənin əməkdaşları Tural Şirəlizadə, Bəhruz Rzayev, Elçin Əliyev və başqaları çıxış edərək bildiriblər ki, muxtar respublikamızda sosial-iqtisadi inkişafın gücləndirilməsi, bank sisteminin inkişafı, iqtisadi və maliyyə savadlılığının artırılması, kollecin məzunlarının ixtisaslı və peşəkar kadr kimi hazırlanması, maliyyə savadlılığının ictimai dəyər kimi tanınması meyarları bu tədbirin həyata keçirilməsində əsas məqsəd olaraq qarşıya qoyulub. Belə tədbirlər kollecdə Bank işi ixtisası üzrə təhsil alan tələbələrin gələcəkdə maliyyə və bank sahəsində müəyyən təcrübəyə malik kadr kimi fəaliyyət göstərmələrinə dəstək olacaq, adıçəkilən sahələrdə və ümumiyyətlə, muxtar respublikada fəaliyyət göstərən idarə və təşkilatların, özəl müəssisələrin, ticarət mərkəzlərinin və digər qurumların maliyyə-uçot bölmələrində tələb olunan ixtisaslı kadr potensialının gücləndirilməsinə öz töhfəsini verəcəkdir.

Treninqdə qeyd olunub ki, bank sektorunda çalışan əməkdaşlar tərəfindən kollec tələbələrinə ölkəmizdə fəaliyyət göstərən müasir bank sistemi haqqında, bankların iqtisadi proseslərdə rolu, bankların iş prinsipləri və digər bu kimi mövzular barədə mühazirələrin, açıq dərslərin, təcrübi məşğələlərin keçirilməsi nəzərdə tutulur.
Tələbələrlə müxtəlif kommersiya banklarında, digər müvəkkil kredit təşkilatlarında təcrübi məşğələlərin təşkili də təmin ediləcək. Təcrübə zamanı tələbələr bankların həyata keçirdiyi əsas funksiyaların, depozit qəbulunun, kredit verilməsinin, kassa-hesablaşma, müştərilərin müraciəti ilə pul köçürülməsi əməliyyatlarının əsas mahiyyətini öyrənəcək və bu sahədə müəyyən praktik biliklər qazanacaqlar.
İlk treninqdə son zamanlar cəmiyyətdə ən aktual məsələlərdən birinə çevrilmiş ailə büdcəsi mövzusunda söhbət aparılıb, bankın əməkdaşları tərəfindən bu məsələnin real həyatımızdakı əhəmiyyəti haqqında danışılıb, potensial gəlir mənbələrinin müəyyənləşdirilməsi, xərclərə qənaət edilməsi baxımından müxtəlif aspektli yanaşmalar tələbələrlə birgə müzakirə olunub.
Qeyd edilib ki, ailə büdcəsi hər bir ailənin gəlir və xərclərini əhatə edir və bunun əsasında ailələr öz yaşayış standartlarını müəyyənləşdirirlər. Ailə büdcəsi hazırlanarkən onun aylıq və ya illik gəliri, bunun da əsasında qida, geyim, təhsil, tibbi, nəqliyyat, istirahət və sair kimi ailə xərcləri əsas götürülür. Dövlət büdcəsi kimi, ailə büdcəsi də həyati əhəmiyyətlidir. Onun necə idarə edilməsini büdcəyə baxmaqla müəyyən etmək olar.
Treninqdə kollecin direktor əvəzi Asəf Ruşanov bu tədbirin təşkilinin əhəmiyyətindən danışıb.
Tədbirə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov yekun vuraraq bildirib ki, bundan sonra görüləcək işlər muxtar respublikamızın gələcək nəslinin erkən yaşlarda iqtisadiyyat və maliyyə biliklərinə yiyələnməsinə və muxtar respublika sakinlərinin maliyyə savadlılığının səviyyəsinin yüksəldilməsinə xidmət edəcək, əldə olunmuş bilik və bacarıqlar gənclərin gələcəkdə bank sektorunda və digər sahələrdə işlə təmin olunmasına müsbət təsir göstərəcəkdir.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR