23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması, yeni istehsal və xidmət sahələrinin yaradılması, sosial sahənin inkişafı üzrə həyata keçirilən tədbirlər cari ilin doqquz ayı ərzində də davam etdirilmişdir.
Bu dövr ərzində sosial-iqtisadi inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalının həcmi bir il öncəyə nisbətdə 5,7 faiz artaraq 1 milyard 751 milyon 523 min manat təşkil etmiş, hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalının həcmi 6,3 faiz artaraq 3967 manatı ötmüşdür. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,7 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 59,9 faiz təşkil etmişdir.

2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2015-ci ilin yanvar-sentyabr ayları ərzində sənaye məhsulunun həcmi 1,3 faiz, əsas kapitala yönəldilən investisiyalar 2,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 9,1 faiz, nəqliyyat sektorunda yük daşınması 2,2 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 2 faiz, pərakəndə əmtəə dövriyyəsi 7,3 faiz, əhaliyə göstərilən pullu xidmətlər 4,6 faiz, ixracın həcmi 6,3 faiz, əhalinin gəlirləri 5,9 faiz, hər bir nəfərə düşən gəlirlər 4,9 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 1,4 faiz artmışdır.

Makroiqtisadi göstəricilər

*) müqayisəli qiymətlər üzrə

Sənaye

Muxtar respublikada müasir sənaye müəssisələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması məhsul istehsalının həcmini artırmışdır.
2015-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 736 milyon 354 min manat həcmində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 1,3 faiz üstələyir.
Sənaye məhsulu istehsalının 96,1 faizi malların, 3,9 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 34 milyon 375 min manatlıq, qeyri-dövlət sektorunda isə 701 milyon 979 min manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 95,3 faizi özəl sektorun payına düşmüşdür.

Sənaye məhsulu istehsalının dinamikası, min manat

 Cari ilin ötən dövrü ərzində muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 43 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 45 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilmişdir. 

Sənaye sahəsinin inkişafı istiqamətində bank və kredit təşkilatları tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində təsərrüfat subyektlərinə 14188,4 min manat həcmində kreditin verilməsi təmin olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 6,3 dəfə çoxdur.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş, 2015-ci ilin ötən dövrü ərzində 214 milyon 470 min ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur.

Hərbi quruculuq

Muxtar respublikada etibarlı ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilmişdir.
Cari ilin yanvar-sentyabr aylarında Naxçıvan şəhərində qərargah binasının, yaşayış binasının, əsgər yataqxanasının, iki anbarın tikintisi başa çatdırılmış, mərkəzi hərbi xəstəxananın, yaşayış binasının, iki əsgər yataqxanasının, əsgər yeməkxanasının, texniki nəzarət məntəqəsinin, anqarın tikintisi davam etdirilmişdir.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında yeni infrastruktur obyektlərinin inşası davam etdirilir.
Şərur rayonunda “N” hərbi hissəsi üçün infrastruktur obyektlərinin və Kəngərli rayonunda su anbarının tikintisi, Ordubad rayonunda “N” hərbi hissədə infra­struktur obyektlərinin və avtomobil yolunun yenidən qurulması davam etdirilir.
Cari ilin ötən dövrü ərzində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissə və bölmələrinə 10 ədəd yeni “NAZ-Lifan” markalı xidməti avtomobil, 20 ədəd “Kamaz” markalı yük maşını, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasına 2 ədəd yeni “Hyundai” markalı avtobus, 1 ədəd “Ford Cargo” markalı avtomobil, 1 ədəd tibbi yardım maşını və 5 ədəd motosiklet verilmiş, maddi-texniki baza daha da möhkəmləndirilmişdir.

Tikinti-quruculuq və su təchizatı tədbirləri

Muxtar respublikanın dinamik inkişafının təmin edilməsində investisiya qoyuluşları mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə cari ilin yanvar-sentyabr ayları ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 712 milyon 306 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki müvafiq göstəricidən 2,3 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 626 milyon 499 min manatı və ya 88 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
Ötən dövr ərzində muxtar respublikada 231 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur. 174 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində 19 inzibati binanın tikintisi və ya yenidən qurulması başa çatdırılmışdır. 18 inzibati binanın tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.
Muxtar respublikada yaşayış məntəqələrinin abadlaşdırılması, həmin yaşayış yerlərində səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər cari ilin ötən dövrü ərzində də davam etdirilmiş, 12 kənd mərkəzi istifadəyə verilmiş, hazırda 11 kənd mərkəzinin inşası davam etdirilir.
Cari ilin ötən dövrü ərzində yaşayış məntəqələrində kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması məqsədilə 5 ədəd kommunal təyinatlı avtomobil alınmışdır.
Muxtar respublikada 1 yaşayış binasının tikintisi, 4 yaşayış binasının yenidən qurulması, 1 yaşayış binasının əsaslı təmiri başa çatdırılmışdır. 4 yaşayış binasının tikintisi, 4 yaşayış binasının yenidən qurulması davam etdirilir.
Bundan əlavə, Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksinin də tikintisi davam etdirilir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2015-ci ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 359 min 853 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 0,5 faiz çoxdur.
Naxçıvan şəhərində əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində 1 oktyabr 2015-ci il tarixə 224,8 kilometr məsafədə içməli su və 219 kilometr məsafədə kanalizasiya xətləri çəkilmişdir.
Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının mərkəzləri və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi istiqamətində, ümumilikdə, 546,1 kilometr məsafədə içməli su və 333,9 kilometr məsafədə kanalizasiya xətləri çəkilmişdir. Muxtar respublikada içməli su və kanalizasiya xətlərinin çəkilişi, 19 subartezian quyusunun tikintisi üzrə işlər davam etdirilir.

Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri

Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi üzrə həyata keçirilən tədbirlər “Kənd təsərrüfatı ili” elan edilmiş 2015-ci ilin ötən dövrü ərzində də diqqətdə saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Aparılmış tədbirlərin nəticəsidir ki, cari ilin ötən dövrü ərzində bitkiçilik məhsulları istehsalının həcmi 2008-ci ilin yanvar-sentyabr aylarına nisbətən 2,7 dəfə artaraq 204 milyon 430 min manata, heyvandarlıq məhsulları istehsalının həcmi isə 2 dəfə artaraq 93 milyon 424 min manata çatmışdır.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılmaqdadır. Həyata keçirilən tədbirlərə uyğun olaraq “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 179 ədədi 2015-ci ilin yanvar-sentyabr aylarında olmaqla, cəmi 1684 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq muxtar respublikaya gətirilmişdir. 2015-ci ilin ötən dövrü ərzində 168 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq güzəştli şərtlərlə lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir.
Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 aprel tarixli Sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkmələrin aparılmasında istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımın həcmi 25 faiz artırılaraq 50 manata çatdırılmışdır. Ötən dövr ərzində məhsul istehsalçıları 5939,1 ton mineral gübrə ilə təmin olunmuşlar.
2015-ci ilin məhsulu üçün muxtar respublikada 61 min 414 hektar sahədə əkin aparılmışdır ki, bu da 2014-cü ilin məhsulu üçün əkilmiş sahədən 585 hektar çoxdur.

Cəmi əkin sahələri, hektar

Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Hazırda Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunur. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının satışının da həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Ötən dövr ərzində muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılmış və 2015-ci ilin məhsulu üçün 36237 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 30166 hektarı payızlıq, 6071 hektarı isə yazlıq taxıldır. Bir il öncəyə nisbətdə taxıl əkini sahələrinin həcmi 487,3 hektar artmışdır. Taxıl zəmilərinin 26746 hektarında buğda, 9491 hektarında isə arpa əkilmişdir. Cari ildə taxıl zəmilərindən 106 min 282 ton məhsul toplanmışdır ki, bu da 2014-cü illə müqayisədə 3,1 faiz çoxdur.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılmışdır. 2015-ci ildə 2967 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2014-cü ildə əkilmiş sahədən 5 hektar çoxdur. 1 oktyabr 2015-ci il tarixə 2962 hektar sahədən 44946,3 ton kartof yığılmışdır ki, bu da bir il öncəki göstəricini 8,6 faiz üstələyir.
Aqrar sektorun inkişafında mühüm təsir vasitəsi olan soyuducu anbarların yaradılması istiqamətində 2015-ci ilin ötən dövrü ərzində tutumu 480 ton olan 2 soyuducu anbar istifadəyə verilmiş, soyuducu anbarların sayı 22-yə, ümumi tutumu isə 12 min 730 tona çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər meyvə və tərəvəz istehsalının artımına müsbət təsir göstərmişdir. 2015-ci ilin yanvar-sentyabr aylarında meyvə istehsalının həcmi bir il öncəyə nisbətən 8,2 faiz, tərəvəz istehsalı isə 11,8 faiz artmışdır.
Muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə 2015-ci ilin ötən dövrü ərzində 6 istixana təsərrüfatı yaradılmış, 2 istixana təsərrüfatının yaradılması hazırda davam etdirilir.
1 oktyabr 2015-ci il tarixə 112871 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 4473,8 ton dən üçün qarğıdalı, 690,2 ton dən üçün günəbaxan, 71275,8 ton tərəvəz, 36049,9 ton ərzaq üçün bostan məhsulları, 37319 ton meyvə, 9552,5 ton üzüm toplanmışdır. Hazırda bir neçə məhsul növü üzrə yığım davam edir.
Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı da diqqətdə saxlanılmış, 2 heyvandarlıq təsərrüfatının yaradılması, 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 3 heyvandarlıq təsərrüfatının yaradılması və 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi isə hazırda davam etdirilir.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində heyvandarlıq təsərrüfatlarında süni mayalandırma işi daha da genişləndirilmiş və 3778 baş mal-qara süni yolla mayalandırılmışdır. Əvvəlki dövrdə mayalandırılmış mal-qaralardan 3028 baş sağlam bala alınmışdır. Muxtar respublikaya cari ilin ötən dövrü ərzində 249, ümumilikdə isə 1927 baş damazlıq cins mal-qara gətirilmişdir. “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli Sərəncamı əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə 100 manat həcmində subsidiyanın müəyyən olunması bu sahənin inkişafına ciddi təkan verəcəkdir.
1 oktyabr 2015-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 112 min 598 baş, qoyun və keçilərin sayı 689 min 899 baş olmuşdur ki, bu da 1 oktyabr 2014-cü il tarixə olan göstəriciləri müvafiq olaraq 2,5 və 3,1 faiz üstələyir.
Daxili bazarda tələbatın yerli istehsal hesabına ödənilməsi istiqamətində ötən dövr ərzində 1 balıqçılıq təsərrüfatı fəaliyyətə başlamış, Naxçıvan “Balıqçılıq Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində muxtar respublikanın su hövzələri üçün müxtəlif balıq sortlarının yetişdirilməsinə şərait yaradılmışdır. Bundan əlavə, 1 quşçuluq və 1 arıçılıq təsərrüfatlarının yaradılması, 1 arıçılıq təsərrüfatının isə genişləndirilməsi üzrə işlər hazırda davam etdirilir.
2015-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada diri çəkidə 17024 ton ət, 67511,8 ton süd istehsal olunmuşdur ki, bu da 2014-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq 13,7 və 1,7 faiz çoxdur.
Cari ilin ötən dövrü ərzində kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 17018,9 min manat məbləğində kreditlərin verilməsi təmin olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 28,8 faiz çoxdur.
2015-ci ilin yanvar-sentyabr aylarında 2014-cü ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox, yəni 297 milyon 854 min manat həcmində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir.

Kənd təsərrüfatının ümumi məhsulu, min manat

 

Kənd təsərrüfatı sahəsinin dinamik inkişafı ixracın həcminə də müsbət təsir göstərmiş və cari ilin ötən dövrü ərzində muxtar respublikada 82 milyon ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur.
Meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi diqqət mərkəzində saxlanılmış, cari ilin ötən dövrü ərzində Kəngərli rayonunda yeni nasos stansiyası və suvarma şəbəkəsi istifadəyə verilmişdir.
Ordubad rayonunda Aza-Dəstə kanalının tikintisi, Dəstə kəndinə Araz çayından suvarma su xəttinin, Şərur rayonu­nun Püsyan kəndində suvarma boru xəttinin çəkilişi başa çatdırılmışdır.
Şərur rayonunun Xanlıqlar və Püsyan kəndləri arasındakı suvarma kanalının yenidən qurulması, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində kollektorun təmizlənməsi başa çatdırılmışdır.
Babək rayonunun Qoşadizə kəndində drenaj və suvarma, Xal-xal və Cəhri kəndlərində drenaj xətlərinin çəkilişi, Culfa rayonunda “Xanəgah” sol kanalının təmizlənməsi, “Yaycı” gölünün sugətirici kanalında və “Bam” kanalında bərpa işləri, Gal kəndində suvarma su xəttinin təmiri başa çatdırılmışdır.
Babək rayonunda yeraltı suvarma və drenaj şəbəkələrinin tikintisi, Şərur rayonunda kollektor-drenaj şəbəkələrinin təmizlənməsi davam etdirilir.
Araz çayında sahilbərkitmə işlərinin, Şərur rayonunda Arpaçayda, Babək rayonunun Vayxır kəndi ərazisində, “Qahab” selovunda və Naxçıvançayda istiqamətləndirici bəndlərin tikintisi davam etdirilir.
Babək rayonunda Uzunoba Su Anbarına sugətirici kanalın təmiri, Nehrəm kəndində kollektorun təmizlənməsi, Sədərək rayonunda kollektor və drenajların bərpası, Araz çayından sugətirici kanalın təmizlənməsi davam etdirilir.
Şərur, Babək, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının ərazilərində kanal və arxların lildən təmizlənməsi işləri davam etdirilir.
Muxtar respublikada 5 subartezian quyusunun tikintisi, 10 subartezian quyusunun bərpası, 9 kəhrizin təmiri başa çatdırılmış, 1 subartezian quyusunun tikintisi, 1 subartezian quyusunun bərpası və 6 kəhrizin təmiri davam etdirilir.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni meşəliklərin salınması davam etdirilmiş, ilin əvvəlindən 250 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 217 min ədəd ağac və bəzək kolları əkilmişdir.

Nəqliyyat, informasiya və rabitə, energetika

Muxtar respublikada artan əhali tələbatına müvafiq olaraq müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Cari ilin ötən dövrü ərzində Qıvraq-Püsyan-Xanlıqlar, Kırna-Gal avtomobil yollarının, Şərur rayonunun Cəlilkənd, Püsyan və Kürçülü, Babək rayonunun Xal-xal, Şahbuz rayonunun Gömür kəndlərində və Kəngərli rayonunun Qıvraq qəsəbəsində daxili avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır.
Naxçıvan şəhərində yerüstü piyada keçidinin, Qaraçuq kəndində avtomobil yolunun, Şərur rayonunun Tənənəm kəndində avtomobil yolunda istinad divarının tikintisi, Ordubad rayonunun Tivi və Culfa rayonunun Bənəniyar kəndlərində avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır.
Ümumilikdə, 2015-ci ilin ötən dövrü ərzində 32,1 kilometrlik asfalt yollar salınmışdır.
Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi, Nizami, İ.Səfərli küçələrində və “5-ci” məhəllədə avtomobil yollarının yenidən qurulması davam etdirilir.
Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması davam etdirilir.
Culfa rayonunda Əlincə qalasına gedən avtomobil yolunun tikintisi, Dizə-Gal avtomobil yolunun, Şərur rayonunun Axaməd və Yuxarı Yaycı, Babək rayonunun Xəlilli, Ordubad rayonunun Gilançay, Culfa rayonunun Saltaq və Qızılca, Kəngərli rayonunun Yurdçu kəndlərində avtomobil yollarının yenidən qurulması davam etdirilir.
Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə Naxçıvan şəhərində 7 ədəd yeni avtobus marşruta buraxılmış, yeni taksi xidməti fəaliyyətə başlamışdır. Ordubad rayonunun ucqar kəndlərinə bir istiqamət üzrə yeni marşrut açılmış, qonşu ölkələrlə sərnişindaşıma xidmətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.
Ordubad dəmir yolu sərnişin vağzalı binasının və Ordubad yol sahəsinin inzibati binasının tikintisi, Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilir.
Şərur və Ordubad şəhərlərində aviakassa binalarının tikintisi başa çatdırılmışdır. Naxçıvan Beynəlxalq Hava Limanında yenidənqurma işləri davam etdirilir.
İlin əvvəlindən ötən dövr ərzində muxtar respublikada nəqliyyat sektorunda 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,2 faiz, sərnişin daşınması isə 1,6 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 36 milyon 301 min manat gəlir əldə edilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 2,1 faiz çoxdur.
Muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. 2015-ci ilin ötən dövrü ərzində bu sahənin inkişafı üzrə Babək rayonunda rabitə evi istifadəyə verilmişdir. Burada yeni nəsil rabitə və poçt avadanlıqları quraşdırılmış, dövri mətbuatın satışı, teleqram, məktub, pul baratları və bağlamaların qəbulu və göndərişi, rabitə, elektrik enerjisi, təbii qaz və sudan istifadə haqlarının yığılması, mobil cihazların qeydiyyatı və digər bank-maliyyə xidmətlərinin göstərilməsi üçün şərait yaradılmışdır.
Muxtar respublikada poçt sisteminin təkmilləşdirilməsi məqsədilə cari ilin yanvar-sentyabr ayları ərzində 11 poçt şöbə və bölməsi avtomatlaşdırılmış, ümumilikdə, 129 poçt bölməsində kommunal xidmət haqlarının yığılmasına başlanılmış, hazırda digər xidmət növlərinin təşkili üzrə işlər davam etdirilir.
Naxçıvan şəhərində, Şərur rayonunun Kürkənd və Kürçülü, Babək rayonunun Qoşadizə və Xal-xal, Culfa rayonunun Gal kəndlərində yeni poçt bölmələri istifadəyə verilmiş, Culfa rayonunun Bənəniyar kəndində poçt bölməsi əsaslı təmir edilmişdir.
Naxçıvan şəhərinin Qaraçuq və Şahbuz rayonunun Gömür kəndlərində poçt bölmələri yeni binalara köçürülmüş, Ordubad rayonunun Dəstə və Kotam, Culfa rayonunun Şurud kəndlərində və Şərur rayonunda Cəlilkənddə poçt bölmələri lazımi avadanlıqlarla təmin olunmuşdur.
Şərur rayonunun Kürçülü kəndində 384, Babək rayonunun Qoşadizə kəndində 336, Culfa rayonunun Şurud və Gal kəndlərinin hər birində 384 nömrə tutumlu avtomat telefon stansiyaları qurulmuş, Babək rayonunda ümumi tutumu 1024 nömrə olan mərkəzi avtomat telefon stansiyası yeni rabitə evinə, Naxçıvan şəhərinin Qaraçuq və Ordubad rayonunun Tivi kəndlərindəki avtomat telefon stansiyaları yeni binalara köçürülmüşdür.
Cari ilin ötən dövrü ərzində muxtar respublika ərazisində rəqəmli radio yayımı təmin edilmişdir.
Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası 2015-ci ilin yanvar-sentyabr aylarında da davam etdirilmiş, 28 fərdi mənzilə optik kabel xətti çəkilmişdir.
Muxtar respublikada cari ilin ötən dövrü ərzində 119,4 kilometr məsafədə fiber-optik kabel xəttinin çəkilişi aparılmışdır.
“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 4-cü nəsil LTE şəbəkə sisteminin yaradılması üzrə işlər davam etdirilir.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada 2417 ədəd yeni telefon sabit şəbəkəyə qoşulmuş, 1 oktyabr 2015-ci il tarixə hər yüz ailəyə düşən telefon aparatlarının sayı 72-yə çatmışdır. Bu dövr ərzində hər yüz nəfərə düşən mobil telefonların sayı isə 104 ədəd təşkil etmişdir.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2014-cü ilin müvafiq dövründəki göstəricini 2 faiz üstələyərək 36 milyon 465 min manat olmuşdur. Ümumi xidmətlərin 84,7 faizi mobil rabitə xidmətinin payına düşmüşdür ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 1,9 faiz çoxdur.
Elektroenergetika sektorunda davamlı olaraq yeni güclərin yaradılması, infrastrukturun müasir standartlar səviyyəsində yenilənməsi cari ilin ötən dövrü ərzində də davam etdirilmişdir.
Muxtar respublikada alternativ enerji mənbələrinin yaradılması istiqamətində Babək rayonunun Xal-xal kəndi ərazisində Günəş elektrik stansiyasının inşası davam etdirilir. Bundan əlavə, Ordubad rayonunda su elektrik stansiyasının tikintisi də uğurla icra olunur. Bu gün davam etdirilən enerji layihələrinin icrası yaxın illərdə muxtar respublikada elektrik enerjisinə olan tələbatın su və Günəş elektrik stansiyalarının hesabına təmin olunmasına imkan yaradacaqdır ki, bu da muxtar respublikada enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, ekoloji tarazlığın qorunmasına müsbət təsir göstərəcəkdir.
Cari ilin yanvar-sentyabr ayları ərzində Kəngərli rayonunda 35 meqavolt-amper gücündə 110/35/10 kilovoltluq “Qıvraq” yarımstansiyasında tikinti-quraşdırma, Babək rayonunda 1260 kilovolt-amper gücündə 35/10 kilovoltluq “Nehrəm” yarımstansiyasında yenidənqurma işləri başa çatdırılmış, Babək rayonunda 90 meqavolt-amper gücündə “Araz” yarım­stansiyasında avadanlıqların yenilənməsi işləri hazırda davam etdirilir.
Muxtar respublikada 68 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətləri çəkilmiş, 31 ədəd müxtəlif güclü transformator yarımstansiyası quraşdırılmışdır.
Təbii qazla təminat üzrə 1 oktyabr 2015-ci il tarixə muxtar respublikada 83 min 267 əhali abonenti mavi yanacaqla təmin olunmuşdur.
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin ərazisində yanacaqdoldurma məntəqəsinin tikintisi başa çatdırılmışdır.

Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri və məşğulluq məsələləri

Muxtar respublikada sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 32563,5 min manat təşkil etmişdir. Bu kreditlərdən 22145,5 min manatı fərdi sahibkarlığın inkişafına, 10418 min manatı isə yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə sərf olunmuşdur. Ümumilikdə, cari ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada bank və kredit təşkilatları tərəfindən 59840,1 min manat həcmində kreditlərin verilməsi təmin edilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 43,7 faiz çoxdur.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada 17 hüquqi və 2307 fiziki şəxs qeydiyyata alınmışdır.
Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 357 növdə məhsul istehsal olunur. Bu məhsulların 119 növü ərzaq, 238 növü qeyri-ərzaq məhsullarıdır. 107 növdə ərzaq, 229 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 336 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
Cari ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 5,9 faiz artaraq 1 milyard 299 milyon 120 min manata, onun hər bir nəfərə düşən həcmi isə 4,9 faizlik artımla 2943 manata çatmışdır. Bu dövr ərzində orta aylıq əməkhaqqının məbləği 393,6 manat təşkil etmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 1,4 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası məqsədilə muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada 2559 yeni iş yeri yaradılmışdır ki, bunun da 2503-ü və ya 97,8 faizi daimi iş yerləridir.

İstehlak bazarı

Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 33 milyon 366 min manat həcmində istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da bir il öncəki göstəricidən 6,4 faiz çoxdur.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Kürçülü, Kürkənd və Püsyan, Babək rayonunun Qoşadizə, Ordubad rayonunun Tivi, Culfa rayonunun Gal, Bənəniyar və Şurud, Şahbuz rayonunun Gömür kəndlərində xidmət mərkəzlərinin tikintisi, Şərur rayonunda Cəlilkənddə və Babək rayonunun Xal-xal kəndində xidmət mərkəzlərinin yenidən qurulması başa çatdırılmışdır.
Naxçıvan şəhərinin Bulqan, Şərur rayonunun Axaməd, Yuxarı Yaycı və Oğlanqala, Babək rayonunun Yarımca və Xəlilli, Ordubad rayonunun Gilançay, Culfa rayonunun Saltaq və Qızılca, Kəngərli rayonunun Yurdçu kəndlərində xidmət mərkəzlərinin tikintisi, Şahbuz rayonunun Daylaqlı kəndində xidmət mərkəzinin yenidən qurulması davam etdirilir.

Xarici ticarət, bank işi və sığorta fəaliyyəti

Yeni istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması daxili bazarda məhsul bolluğu yaratmaqla bərabər, muxtar respublikanın ixrac potensialını da artırmışdır.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 341 milyon 641 min ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 296 milyon 472 min 300 ABŞ dollarını ixrac, 45 milyon 168 min 700 ABŞ dollarını idxal təşkil etmiş və 251 milyon 303 min 600 ABŞ dolları həcmdə müsbət saldo yaranmışdır. 2014-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə ixracın həcmi 6,3 faiz artmış, idxalın həcmi isə 45,4 faiz azalmışdır.
Muxtar respublikada ümumi inkişafa uyğun olaraq bank sektorunun da fəaliyyəti diqqətdə saxlanılmışdır.
Əhalinin nağdsız ödəniş vasitələrindən istifadə imkanlarının yaxşılaşdırılması məqsədilə cari ilin yanvar-sentyabr ayları ərzində 152 POS-terminal quraşdırılmış və bu göstərici 1 oktyabr 2015-ci il tarixə 1019-a çatmışdır. POS-terminallardan geniş istifadə vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına müsbət təsir göstərmişdir.
1 oktyabr 2015-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 46356-ya çatmışdır ki, bunun da 41817-si və ya 90,2 faizi aktiv hesablardır. Cari ilin ötən dövrü ərzində açılmış 8126 bank hesabının 8072-si və ya 99,3 faizi aktiv hesablar olmuşdur.
Səmərəli sığorta sisteminin formalaşdırılması istiqamətində tədbirlər davam etdirilməkdədir. Cari ilin ötən dövrü ərzində bütün sığorta növləri üzrə daxilolmalar 4 milyon 494 min 700 manat olmaqla, bir il öncəki müvafiq göstəricini 135 min 400 manat və ya 3,1 faiz üstələmişdir.

Təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm

Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri davam etdirilir. Cari ilin ötən dövrü ərzində Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu yaradılmışdır. Mərkəzdə universitetin professor-müəllim və tələbə kontingenti haqqında məlumatlar, idarəetmə ilə bağlı sənədləşmə işləri, müəllimlərin elektron imzaları yeni qurulmuş sistemə köçürülmüş, tədris planları və mühazirələrin elektron bazası yaradılmışdır.
“Universitet” televiziyasında videodərslərin hazırlanması və distant tədrisin tətbiqi məqsədilə avadanlıqlar qurulmuş, virtual studiya yaradılmış, “Universitet” televiziyasının və “Nuhçıxan” radiosunun Naxçıvan şəhərində rəqəmsal formatda yayımı təmin edilmişdir.
“Naxçıvan” Universitetində müasir tədris şəraitinin yaradılması və tədrisin daha da keyfiyyətli aparılması məqsədilə yeni universitet şəhərciyi istifadəyə verilmişdir. Universitet şəhərciyinə rektorluq binası, 2 tədris korpusu, kitabxana, sosial xidmət mərkəzi, yataqxana, idman və konfrans zalları daxildir. Universitetdə hazırda 4 fakültə, 9 kafedra və 5 şöbə fəaliyyət göstərir.
Muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı üzrə ixtisaslı kadrların yetişdirilməsi əsas şərtdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı bu sahəyə kompleks şəkildə yanaşmanı təmin etmiş, ixtisaslı kadrların hazırlanmasına geniş imkanlar yaratmışdır.
Naxçıvan Musiqi Kollecinin binasının əsaslı təmiri, Naxçıvan Dövlət Texniki Kollecinin, Ordubad şəhərində Texniki-Peşə və Sürücülük Məktəbinin binalarının yenidən qurulması davam etdirilir.
Muxtar respublikada təhsilin səviyyəsinin daha da yüksəldilməsi, texniki fənlər üzrə şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmış, hazırda təhsil ocağında inşa işləri davam etdirilir.
Bu dövr ərzində Ordubad şəhərində 810 şagird yerlik 3 nömrəli, Babək rayonunun Xal-xal kəndində 192 şagird yerlik, Culfa rayonunun Gal kəndində 96 şagird yerlik tam orta məktəb binalarının tikintisi, Şərur rayonunda Kürkənddə 198 şagird yerlik, Kürçülü kəndində 234 şagird yerlik, Babək rayonunun Qoşadizə kəndində 360 şagird yerlik, Ordubad rayonunun Tivi kəndində 216 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması, Şərur rayonunda Cəlilkənddə 270 şagird yerlik tam orta məktəb binasının əsaslı təmiri başa çatdırılmışdır.
Şərur rayonunun Axaməd, Babək rayonunun Xəlilli, Ordubad rayonunun Gilançay, Culfa rayonunun Saltaq və Qızılca, Şahbuz rayonunun Daylaqlı kəndlərində məktəb binalarının və Şərur şəhərində 2 nömrəli məktəb binasının tikintisi, Şərur rayonunun Oğlanqala, Babək rayonunun Yarımca, Kəngərli rayonunun Yurdçu kəndlərində məktəb binalarının və Babək rayonunun Nehrəm kəndində 2 nömrəli məktəb binasının yenidən qurulması, Şərur rayonunun Yuxarı Yaycı kəndində məktəb binasının əsaslı təmiri davam etdirilir.
Şahbuz şəhərində uşaq bağçası binasının tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində və Sədərək rayonunda uşaq musiqi məktəbi binalarının tikintisi davam etdirilməkdədir.
Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, həmçinin təhsil hüquqlarının təmin olunması da daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısının daha bir ifadəsidir.
Hazırda muxtar respublikanın bütün təhsil müəssisələrində ən müasir kompüter avadanlıqlarından istifadə olunur. Muxtar respublikanın ümumtəhsil məktəblərində 3801 dəst kompüter quraşdırılmış, hər 12 şagird bir dəst kompüterlə təmin olunmuşdur. İstifadədə olan 3801 dəst kompüterin 3253-ü və ya 85,6 faizi internetə qoşulmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərində tədrisin daha keyfiyyətli aparılması məqsədilə 600-dən çox elektron lövhə quraşdırılmışdır.
Həyata keçirilən tədbirlər təhsildə keyfiyyət göstəricilərinin artmasına səbəb olmuşdur. Belə ki, muxtar respublikada 2015-ci ildə məktəbi bitirən 3331 məzundan 2638-i ali məktəblərə qəbul üçün sənəd vermiş, onlardan 1582-si tələbə adını qazanmışdır. Məzunlardan 36-sı xüsusi təyinatlı ali hərbi məktəblərə qəbul olunmuşdur. Ümumi orta təhsil bazasından orta ixtisas məktəblərinə sənəd verən məzunlardan isə 310-u tələbə adını qazanmışdır. Həmçinin bu il muxtar respublikanın ümumtəhsil məktəblərindən 977 şagird Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün sənəd vermiş və onlardan 251-i liseyə qəbul olunmuşdur. Məzunlar ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinə daha çox üstünlük vermişlər. 2015-ci ildə 1137 nəfər, yaxud qəbul olanların 72 faizi Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçmişdir. Bundan başqa, məktəbi yüksək nəticələrlə başa vuraraq “qızıl” və “gümüş” medallara layiq görülmüş 28 məzun onlara göstərilən etimadı doğrultmuş, qəbul imtahanlarında 500-700 arası bal toplamışlar. Ümumilikdə, cari ildə muxtar respublikanın ümumtəhsil məktəbi məzunlarından 313-ü ali məktəblərə qəbulda 500-700 arasında bal toplamışdır. Bir məzunumuz isə ən yüksək nəticə göstərmişdir.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin, Ordubad rayonunun Tivi kəndində həkim ambulatoriyası binasının, Şərur rayonunun Kürçülü və Kürkənd, Babək rayonunun Qoşadizə və Xal-xal, Culfa rayonunun Gal kəndlərində feldşer-mama məntəqələrinin tikintisi, Şərur rayonunda Cəlilkənddə həkim ambu­latoriyası binasının yenidən qurulması başa çatdırılmışdır.
Babək rayonunun Yarımca, Culfa rayonunun Xanəgah kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Şərur rayonunun Oğlanqala və Culfa rayonunun Saltaq kəndlərində həkim ambulatoriyası binalarının yenidən qurulması davam etdirilir.
Sosial layihələr çərçivəsində cari ilin yanvar-sentyabr aylarında yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 347 cərrahi əməliyyat, o cümlədən 96 nəfər xəstədə açıq ürək, 82 nəfər xəstədə göz və 153 nəfər xəstədə digər müxtəlif əməliyyatlar aparılmış, 16 nəfər xəstənin ürək damarlarına stent qoyulmuşdur.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 2 milyon 497 min manatdan artıq ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Ünvanlı dövlət sosial yardımı alanların sayı ümumi əhalinin 2,5 faizini təşkil etmişdir ki, bu da öz minimal həddi ilə ümumi inkişafa uyğundur.
Ümumilikdə, bu dövr ərzində 494 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində sosial-məişət xidmətləri göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 220 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə 267 uşağın müalicəsi təşkil edilmişdir.
Ötən dövr ərzində sağlamlıq imkanları məhdud 161 nəfər sanatoriya və müalicə pansionatlarına yollayışlarla təmin edilmiş, 200 nəfərə protez-ortopedik xidməti göstərilmiş, 286 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuşdur.
Sağlamlıq imkanları məhdud 15 nəfər Türkiyə Respublikasına müalicəyə göndərilmiş, 32 nəfərin ölkə daxilində müalicəsinə, 51 nəfərin isə sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilmişdir.
Cari ilin ötən dövrü ərzində sosial qayğıya ehtiyacı olan 10 nəfərə minik avtomobilləri verilmiş, Bilik Günü münasibətilə sağlamlıq imkanları məhdud 261 uşaq məktəbli geyimi və ləvazimatları ilə təmin edilmişdir.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, muxtar respublika əhalisinin sayı 1 sentyabr 2015-ci il tarixə bir il öncəyə nisbətdə 4 min 134 nəfər artaraq 442 min 722 nəfər olmuşdur.
Muxtar respublikada informasiya və kommunikasiya texnologiyalarının inkişafı dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsinə də şərait yaratmışdır.
Cari ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində təşkil edilmiş səyyar xidmət vasitəsilə yerlərdə vətəndaşlara mülkiyyət haqqında sənədlərin, ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi və digər xidmətlər göstərilmişdir.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Cari ilin ötən dövrü ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 85 milyon 491 min manatdan çox vəsait yönəldilmişdir.
Aparılmış məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2015-ci ilin yanvar-sentyabr ayları ərzində pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 53 faizi məcburi dövlət sosial sığortahaqqı kimi muxtar respublikada toplanmışdır. Bu göstərici 2014-cü ilin müvafiq dövründə isə 51 faiz təşkil etmişdir. 2015-ci ilin yanvar-sentyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun cəmi daxilolmaları 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artmışdır.
Muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı üzrə ardıcıl tədbirlər görülür. Bu sahədə infrastrukturun yenilənməsi istiqamətində cari ilin ötən dövrü ərzində Kəngərli Rayon Uşaq-Gənclər Şahmat Məktəbi binasının tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində Atıcılıq və əyləncə mərkəzi yaradılmış, Şərur rayonunun Yuxarı Aralıq kəndində stadion yenidən qurulmuşdur.
Muxtar respublikada milli-mənəvi dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi diqqətdə saxlanılmış, mədəniyyət obyektlərinin inşası və bərpası istiqamətində Şərur rayonunda Cəlilkənddə Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin tikintisi, mədəniyyət evinin yenidən qurulması, tarixi Buzxana abidəsinin bərpası, məscidin təmiri başa çatdırılmışdır.
Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin ev-muzeyinin tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində Möminə xatın türbəsinin, Culfa rayonunda Əlincəqala tarixi abidəsinin, Gülüstan türbəsinin bərpası davam etdirilir.
Naxçıvan şəhərində Əziz Əliyev küçəsində parkın tikintisi başa çatdırılmış, Şahbuz şəhərində Bayraq Meydanının tikintisi davam etdirilir.
Şərur rayonunda Kürkənddə məscidin tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində məscidin, hamam kompleksinin tikintisi, Şərur rayonunun Xanlıqlar kəndində İmamzadənin bərpası davam etdirilir.
Son illər muxtar respublikada infrastruktur quruculuğu üzrə aparılan məqsədyönlü tədbirlər, o cümlədən yeni turizm obyektlərinin istifadəyə verilməsi turizmin inkişafına yeni imkanlar açmışdır. 2015-ci ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 305 min 897 nəfər turist səfərə gəlmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 2,5 faiz çoxdur.

Hüquq-mühafizə orqanları ilə iş

Muxtar respublikada hüquq-mühafizə orqanlarında çalışanların iş şəraitinin daha da yaxşılaşdırılması, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi tədbirləri davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasının tikintisi başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksinin tikintisi, Sədərək rayonunda Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin yenidən qurulması davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Avtomobillərin Müayinə Mərkəzinin və Ordubad Rayon Avtomobillərin Müayinə Mərkəzinin tikintisi başa çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yeməkxanasının tikintisi başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabitləri üçün yataqxana binasının tikintisi davam etdirilir.
Cari ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni yanğınsöndürən avtomobillər və səfərbərlik ehtiyatları verilmişdir.
Aparılan təhlillər göstərir ki, iqtisadi və sosial sahələrdə qeydə alınmış dinamik inkişaf templəri muxtar respublikanın uzunmüddətli inkişafını, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını təmin edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR