Son zamanlar ailə büdcəsinin idarə olunması, bunun üçün maliyyə savadlılığının artırılmasının vacibliyi haqqında çox danışılır. Müasir cəmiyyətdə, xüsusən bazar iqtisadiyyatı şəraitində yaşadığımız bir dövrdə bu nə dərəcədə aktualdır? Yaxud görəsən, orta gəlirli bir ailə bütün zəruri problemlərini həll edərək xoşbəxt yaşaya bildiyi halda, kifayət qədər çox gəliri olub, amma borc batağında hər gün sıxıntı çəkən ailələrin düşdüyü vəziyyətin səbəbləri nədir? Və ya işdə məsuliyyətli olsa da, ancaq ev xərcləri üzərində nəzarətini itirərək istehlak üçün zəruri oldu-olmadı, hər şey əldə etmək üçün kredit yükü altına girən bir çox insanlar ailə büdcəsinin düzgün idarə olunması üçün nələri bilməlidir? Bu və digər maraqdoğuran sualları cavablandırmaq üçün Mərkəzi Bankın Naxçıvan Muxtar Respublika İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin rəisi Elçin Əliyevə müraciət etdik.
– Elçin müəllim, ailə büdcəsi nədir və onu planlaşdırmağın nə əhəmiyyəti vardır?
– Ailə büdcəsi hər bir ailənin gəlir və xərclərini əhatə edir və bunun əsasında ailələr öz yaşayış standartlarını müəyyənləşdirirlər. Hər bir ailənin bir gəlir mənbəyi vardır. Ailə büdcəsi hazırlanarkən də onun aylıq və ya illik gəliri, bunun da əsasında qida, geyim, təhsil, tibbi, nəqliyyat, istirahət və sair kimi ailə xərcləri əsas götürülür. Dövlət büdcəsi kimi, ailə büdcəsi də həyati əhəmiyyətlidir. Onun necə idarə edilməsini büdcəyə baxmaqla müəyyən etmək olar. Misal üçün, bəzi ailələr vardır ki, onlarda faiz miqdarı ilə götürdükdə zəruri xərclərlə müqayisədə göstəriş xatirli bahalı avtomobil, geyim, mobil telefon almağa yönəlmiş xərclər çoxluq təşkil edir və həmin ailələrdə gələcəyə əsl investisiya məqsədi daşıyan uşaqların təhsili, habelə sağlamlıq, fəal istirahət, turizm xərcləri, bir növ, unudulur. Bu da gələcəkdə həmin ailələrdə sağlam cəmiyyət dəyərlərinin daha da möhkəmlənməsi əvəzinə, sadəcə, lüks və ya kommersiya məzmunlu müəyyən ehtiyacların ödənilməsinə şərait yaradır. Bu mənada, ailə büdcəsini planlaşdırarkən gələcəkdə müəyyən məqsədlərə çatmaq üçün gəlirləri artırmaqla bərabər, ifrat xərclərə də qənaət etmək məqsədəuyğundur.
– Ailə büdcəsinin düzgün tərtibi ailələrə nə qazandırır?
– İlk olaraq onu qeyd edim ki, düzgün, yəni real ehtiyaclara əsaslanmış planlaşdırma hər bir ailənin malik olduğu müxtəlif gəlir mənbələrini qiymətləndirməyə və ondan səmərəli istifadəyə səbəb olur. Belə ki, yaxşı düşünülmüş büdcəsi olan ailələrdə gözlənilməz xərclər yarandıqda onun iqtisadi vəziyyəti ağırlaşmır. Belə ailələrdə böyüyən uşaqlar da qazanılan pulun dəyərini daha yaxşı bilir və onlar gələcəkdə ailənin böyükyaşlı fərdi olduqda bu baxımdan məsuliyyətli olur, ailə büdcəsinə, onun planlaşdırılmasına ciddi yanaşırlar. Araşdırmalar göstərir ki, büdcənin ailə üzvlərinin hər birinin iştirakı ilə tərtib olunduğu belə ailələrdə ailədaxili münasibətlər də daha səmimi və mehriban olur, maddi sıxıntılar çox az müşahidə edilir.
– Bu gün ailə büdcəsinin xərcləri əsasən nəyə yönəldilir?
– Bu, bir həqiqətdir ki, insan tələbatları geniş, gəlirlər isə məhduddur. Bu baxımdan hər bir ailə başçısı öz gəlirləri ilə hansı ehtiyaclarını necə ödəyəcəyini yaxşı bilməlidir. Başqa sözlə, pul qazanmaq çətindirsə, onu xərcləmək daha çətindir. Bu mənada, pulu qazanmaqla bərabər, onu xərcləmək də xüsusi bacarıq tələb edir. Bu, bizim söhbətin mövzusu olan maliyyə savadlılığının da əsas predmetidir. Belə ki, bəzi insanların gəlir səviyyəsi, təqribən, eyni olsa da, onların həyat səviyyələri arasında böyük fərqlər vardır. Bunun da səbəbi onların ailə büdcəsi xərclərinin müxtəlif cür xərclənməsidir. Buna görə də gəlirlərimizi yaşayış standartlarımıza uyğunlaşdırmaq lazımdır.
Bu baxımdan bir sıra məqamlar diqqəti daha çox cəlb edir. Belə ki, statistik məlumatlara əsasən, son dövrdə cəmiyyətimizdə əhali gəlirlərinin 75 faizi son istehlaka, 9,5 faizi vergilərə və digər ödənişlərə, 15,5 faizi isə kreditlər üzrə faizlərin ödənilməsinə yönəldilir. Göründüyü kimi, əhali gəlirlərinin böyük bir qismi məhz götürülmüş kreditlər üçün ödənişlərə sərf olunur. Əgər nəzərə alsaq ki, hazırda verilən ümumi kreditlərin 41 faizi istehlak kreditlərinin payına düşür, onda bu kreditlər üçün ödənilən aylıq ödənişlər də büdcəmizin geri dönməyən xərcləri olacaqdır. Digər tərəfdən, alınan bahalı elektron avadanlıqlar, avtomobillər ailə büdcəmizdə uzunmüddətli xərclər yaratmaqla bərabər, eyni zamanda idxalı stimullaşdırır və valyuta şəklində xarici ölkələrin iqtisadiyyatına yönəlir.
– Elçin müəllim, bəs onda vətəndaşlar istehlak kreditləri üçün banklara müraciət edərkən nəyə diqqət etməlidirlər?
– Təəssüflə qeyd etməliyəm ki, bəzi vətəndaşlar kredit öhdəliyinə kifayət qədər məsuliyyətsiz yanaşır və düşünmədən kredit götürmək üçün banklara müraciət edirlər. Bu kredit onlar üçün nə dərəcədə vacibdir və ya hal-hazırkı xərcləri ödəyə biləcək gəlirləri yoxdursa, götürüləcək kreditin necə qaytarılacağı sualının cavabı bəzən heç yada düşmür. Belə düşünülməmiş addımlar ailələrin büdcəsində kəskin şəkildə özünü büruzə verir. Halbuki kredit götürərkən ailənin bütün digər xərcləri də nəzərə alınmalıdır. Ümumi statistikaya əsasən deyə bilərəm ki, istənilən ailənin kredit ödənişi onun gəlirlərinin 20-25 faizini aşmamalıdır. Ailənin digər xərclərini də nəzərə alsaq, aylıq gəlirin bu məbləğdən artıq ödənişi olan kredit almaq maddi çətinliklər yarada bilər.
– Bu gün ailə büdcəsinin planlaşdırılmasına yanaşma necədir?
– Bu barədə cəmiyyətimizin maarifləndirilməsinə ehtiyac duyulur. Əlbəttə, bu gün ailə büdcəsinin idarə olunması anlayışı bir çox insanlar üçün yeni bir məfhumdur. Araşdırmalara görə əhalinin, təqribən, 20 faizi məhz bu cür planlaşdırmalara üstünlük verir. Onu da qeyd edim ki, bu məsələ hələ gənc yaşdakı insanlara aşılanmalı, məktəbli uşaqlara bu sahədə diqqətli olmaq öyrədilməli, ailə gəlirlərinin necə və hansı mənbələr hesabına formalaşdığı, xərclərin necə yaranması izah olunmalıdır. Bu da gələcəkdə onların ailə büdcəsi, onun düzgün idarə olunması haqqında biliklərinin artmasına kömək edəcəkdir.
Müsahibə üçün sağ olun!
Əli Cabbarov