Muxtar respublikamızda həyata keçirilən quruculuq işlərinin bir qolunu təşkil edən məktəb binalarının tikilməsi və yenidən qurulması cari ildə də davam etdirilir. Belə tədbirlərdən Babək rayonunun Nehrəm kəndinə də pay düşüb. Məlumat üçün bildirək ki, son illərdə bu yaşayış məntəqəsində aparılan kompleks quruculuq tədbirləri nəticəsində kənd öz simasını tamamilə dəyişib, müasirliyə qovuşub.
Köklü təhsil ənənələri olan kənddəki 2 nömrəli tam orta məktəbin binasında hazırda əsaslı təmir və yenidənqurma işləri aparılır. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binasında bu tədbirlərə 2014-cü ilin aprel ayından başlanılıb.
Yenidənqurma tədbirini “Dizayn Holdinq” Şirkətlər İttifaqının inşaatçıları həyata keçirib. İnşaatçılar yaradılan şəraitdən səmərəli istifadə etməyə, öhdələrinə götürdükləri obyekti vaxtında təhvil verməyə səy göstəriblər.
Qeyd edək ki, məktəbin köhnə binasında bir korpus saxlanılmaqla əlavə üç korpus tikilib. Yeni məktəb binasında 5 elektron lövhəli sinif, 3 kompüter, 1 şahmat sinfi, müxtəlif fənn kabinələri, laboratoriyalar, yeməkxana, kitabxana, idman zalı və sair müəllim və şagirdlərin istifadəsinə veriləcək.
Hazırda obyektdə son tamamlama işləri görülür, təhsil ocağının həyətyanı sahəsində abadlıq tədbirləri həyata keçirilir.
Xəbərlər şöbəsi