Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatlarına əsasən, 2015-ci il ərzində verilmiş kredit resurslarına tətbiq olunan ən aşağı faiz dərəcələrini ölkənin iqtisadi regionları arasında ənənəyə sadiq qalaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar təklif edib. Belə ki, 1 sentyabr tarixinə Naxçıvan Muxtar Respublikasında verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 13,8 faiz olub.
Kreditlərin orta illik faiz dərəcəsi Lənkəran iqtisadi rayonunda 24 faiz, Aran və Dağlıq Şirvan iqtisadi rayonlarında 22,8 faiz, Şəki-Zaqatalada 21,8 faiz, Quba-Xaçmazda 20,5 faiz, Yuxarı Qarabağda 19,6 faiz, Gəncə-Qazaxda 19,3 faiz, Abşeronda 19 faiz, Kəlbəcər-Laçın iqtisadi rayonunda isə 17,1 faiz səviyyəsində müşahidə olunub.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən qəzetimizə daxil olan məlumatda bildirilir ki, muxtar respublikada kreditlərin ən aşağı faiz dərəcələri ilə təklif edilməsi eyni zamanda verilmiş kreditlərin həcmində də özünü büruzə verib. 2015-ci ilin yanvar-sentyabr ayları ərzində muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi məqsədilə 59 milyon 840 min manat həcmində kredit resursu verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 milyon 204 min manat çoxdur.
Mərkəzi Bankın məlumatına əsasən, 1 oktyabr 2015-ci il tarixə Azərbaycan Respublikası üzrə vaxtı keçmiş kredit borcları 1 milyard 333 milyon 600 min manatdır. Muxtar respublikanın vaxtı keçmiş kredit borclarının ölkə üzrə vaxtı keçmiş kredit borcunda payı isə 0,9 faiz təşkil edir.
Xəbərlər şöbəsi