Beynəlxalq Standartlaşdırma Təşkilatının yarandığı gün – oktyabrın 14-ü hər il Azərbaycanda da “Beynəlxalq Standartlaşdırma Günü” kimi qeyd edilir.
Standartlaşdırma məhsul üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyətdir. Beynəlxalq Standartlaşdırma Təşkilatının əsas məqsədi dünyada yaşayan insanların və ətraf mühitin təhlükəsizliyini qorumaqla yanaşı, beynəlxalq ticarətin inkişafı üçün dünya ölkələrini bir-birinə yaxınlaşdırmaq və onların iqtisadi gücünü artırmaqdan ibarətdir. Bu da bütün norma və qaydalara uyğun olan keyfiyyətli məhsul istehsal etmək və onun rəqabət qabiliyyətini yüksəltmək üçün standartlardan istifadənin mühüm şərt olduğunu göstərir. Müasir dövrdə standartlaşdırma çoxşaxəli inkişafın tənzimlənməsi üçün istər ölkədaxili, istərsə də beynəlxalq aləmdə əsas meyar kimi qəbul olunur.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra standartlaşdırma, metrologiya və patent sahələrinin inkişafı təmin edilmiş, bu sahəyə diqqət və qayğı daha da artırılmış, hüquqi baza möhkəmləndirilmişdir. Ölkəmizdə “Standartlaşdırma haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Yeyinti məhsulları haqqında” qanunlar və digər hüquqi sənədlər qəbul edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar standartlaşdırma sahəsini də əhatə edir. Bu gün Azərbaycan Beynəlxalq Standartlaşdırma Təşkilatının, Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Avrasiya Standartlaşdırma Təşkilatının və Türkdilli Ölkələrin Bölgələrarası Standartlaşdırma Birliyinin üzvüdür. Həmçinin bir çox dövlətlərlə standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə ikitərəfli sazişlər imzalanmışdır. Bu gün Azərbaycan markası ilə xarici bazarlara çıxarılan məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl işlər görülür.
Ölkəmizin xarici ticarət əlaqələrinin dərinləşməsi istehsal olunan məhsulların ixrac qabiliyyətinin artırılması üçün beynəlxalq standartların qəbulu və tətbiqini vacib məsələyə çevirir. Buna görə də istehsal prosesinin və istehlakçıların tələblərinə əsaslanan iqtisadiyyatın inkişafına yardım etmək, dünya bazarına keyfiyyətli məhsul çıxarılması prosesini sürətləndirmək məqsədilə beynəlxalq standartların tətbiqi ilə bağlı mühüm proqramlar qəbul edilir. Eyni zamanda ölkəmizdə milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması, müasir tələblərə uyğun yeni milli standartların qəbulu və tətbiqi prosesi də diqqət mərkəzində saxlanılır. Əsas hədəf ölkədə standartlaşdırmanın inkişaf etdirilməsi, beynəlxalq tələblərə cavab verən yeni milli standartların yaradılması və standartlar fondunun təkmilləşdirilməsindən ibarətdir. Çünki standartlaşdırmanın təkmilləşdirilməsi ölkə iqtisadiyyatının, sahibkarlığın inkişafında, istehlakçı hüquqlarının etibarlı qorunmasında, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsində başlıca amildir.
Naxçıvan Muxtar Respublikasında da standartlaşdırmanın inkişafı diqqət mərkəzində saxlanılır, bu sahədə mühüm tədbirlər həyata keçirilir. Hazırda muxtar respublikada keyfiyyətə nəzarət infrastrukturunun inkişafı və tənzimlənməsi standartlaşdırma, akkreditasiya, sertifikatlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət istiqamətləri vasitəsilə həyata keçirilir. Bu istiqamətlər üzrə fəaliyyətin dövlətimiz tərəfindən davamlı dəstəklənməsi isə səmərəliliyin artırılması üçün geniş imkanlar yaradır. Ötən dövrdə ölçmə vasitələrinin yoxlanılması üçün müasirtipli yeni avadanlıqlar alınaraq quraşdırılmışdır. Bu tədbirlərin davamı olaraq hazırda Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üçün yeni inzibati bina inşa olunur.
Muxtar respublika iqtisadiyyatının sürətli inkişafı, istehsal müəssisələrinin dünya standartlarına cavab verən maddi-texniki baza ilə təchiz olunması beynəlxalq tələblər səviyyəsində qəbul edilən yeni standartların tətbiqinə geniş imkanlar açmışdır. İstehlakçıların tələblərinə uyğun iqtisadiyyatın inkişafına nail olmaq, daxili, eləcə də xarici bazara keyfiyyətli məhsul çıxarılması prosesini sürətləndirmək vacib şərtdir. Buna görə də istehsal olunan yerli məhsulların yüksəkkeyfiyyətli, rəqabətqabiliyyətli olması, görülən işlərin və göstərilən xidmətlərin müasir standartlara cavab verməsi qarşıda duran prioritet vəzifələrdəndir. Bu isə standartlaşdırma sahəsində fəaliyyətin müasir tələblər əsasında qurulması ilə mümkündür.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi keyfiyyətə nəzarət infrastrukturunun və bu sahədə texniki tənzimləmə sisteminin qabaqcıl tələblərə uyğunlaşdırılmasını, istehlakçılara təklif olunan məhsulların keyfiyyətinin müasir standartların tələblərinə cavab verməsini və əhalinin etibarlı ərzaq məhsulları ilə təmin olunmasını fəaliyyətində əsas istiqamət kimi götürür. Cari ilin ötən 9 ayı ərzində 104 milli standart və 1 texniki şərt komitənin standartlaşdırma fondunda qeydiyyata alınmışdır. Hazırda standartlaşdırma fondunda Azərbaycan Respublikasında qüvvədə olan 891 milli standart, 17 min 218 dövlətlərarası standart, 24 beynəlxalq standart, 30 Avropa standartı, 1 Rusiya standartı, 28 texniki şərt, 39 təsnifat, 1143 rəhbəredici sənəd, 173 metodiki sənəd, 2 təlimat olmaqla, ümumilikdə, 19 min 549 texniki-normativ hüquqi akt toplanmışdır. İlin əvvəlindən komitə tərəfindən 538-i ərzaq, 1229-u qeyri-ərzaq məhsulu olmaqla, 1767 məhsula uyğunluq sertifikatı verilmişdir. Bu sertifikatların 384-ü milli, 302-si dövlətlərarası, 993-ü beynəlxalq standartlara, 78-i təhlükəsizlik göstəricilərinə, 10-u isə müəssisələr tərəfindən hazırlanmış texniki şərtlərə uyğun olaraq verilmişdir.
Qeyd olunan dövrdə standartların təsərrüfat subyektlərinə çatdırılması və maarifləndirmə tədbirləri məqsədilə hüquqi və fiziki şəxslərlə 197 müqavilə bağlanmış, 54 müəssisədə istehsal olunan 127 məhsulun etiket layihəsi texniki-normativ hüquqi aktlara uyğun olaraq 3 dildə hazırlanmışdır. 167 müəssisənin 711 halda məhsulunun etiketləri ekspertizadan keçirilmiş, aşkar olunmuş nöqsanlarla əlaqədar 56 təsərrüfat subyektinə məktub göndərilmişdir. Muxtar respublikada fəaliyyət göstərən müəssisələrin İSO 9001 “Keyfiyyəti İdarəetmə Sistemləri” və İSO 22000 “Qida Məhsulları Təhlükəsizliyini İdarəetmə Sistemləri” standartlarının tətbiqinə və sertifikatlaşdırılmasına təşviq edilməsi barədə, eləcə də Naxçıvan Biznes Mərkəzində sahibkarlar üçün “Qida təhlükəsizliyi günün aktual məsələlərindəndir” mövzusunda, ictimai iaşə xidməti ilə bağlı texniki-normativ hüquqi aktların tələbləri və məişət xidməti obyektləri üçün peşə standartlarının tətbiqi barədə maarifləndirici seminarlar keçirilmişdir.
Bu gün dünyada keyfiyyət standartlarının tətbiqi əsas meyar sayılır. Müəssisələrin gəlirlərindən, fəaliyyət sahəsindən, işinin həcmindən və bazardakı mövqeyindən asılı olmayaraq, fəaliyyətlərinin ən səmərəli yolu beynəlxalq standartların tələblərinə uyğun idarəetmə sisteminin qurulmasıdır. Bir sözlə, standartlaşdırma müasir iqtisadiyyatın əsas komponentidir. Bu səbəbdən də muxtar respublikamızda əhalinin sağlamlığının və istehlakçıların hüquqlarının qorunması, ətraf mühitin mühafizəsi məqsədilə standartlaşdırma sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər bundan sonra da uğurla davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti