Bu il Azərbaycan dəmir yolu nəqliyyatının yaradılmasının 135 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 5 oktyabr tarixli Sərəncamı ilə hər il oktyabrın 13-ü ölkəmizdə dəmiryolçuların peşə bayramı günü kimi qeyd edilir.
Dəmir yolu nəqliyyatının ən sürətli və parlaq inkişaf dövrü ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdən başlamışdır. 1969-cu ildə respublika rəhbərliyinə gələn ulu öndərimizin həyata keçirdiyi kompleks tədbirlər digər sahələr kimi, dəmir yolu nəqliyyatının da əsaslı inkişafına təkan vermişdir. O dövrə qədər keçmiş SSRİ dəmir yolları sistemində elektrikləşmə, müasir rabitə və işarəvermə, dartı qüvvələrinin tətbiqi, lokomotiv və vaqon parklarının yeniləşməsi, yeni xətlərin çəkilişi, stansiyaların texniki inkişafı sürətlə həyata keçirilirdi. Azərbaycanın dəmir yolu təsərrüfatı isə diqqətdən kənarda qalaraq ümumi inkişafdan geridə qalmışdı. Çünki həmin dövrdə Azərbaycana ancaq aqrar respublika gözü ilə baxılır, sənaye və nəqliyyatın inkişafına diqqət yetirilmirdi. Dahi rəhbər Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı qısa zaman kəsiyində öz bəhrəsini verdi. Dəmir yolu üçün ən əsaslı sayılan yol təsərrüfatının və stansiyaların inkişafı ön plana çəkildi, yeni vağzal binaları inşa olundu. Əgər 1969-cu ilə qədər Azərbaycanda 159 dəmir yolu stansiyası var idisə, qısa müddətdə onların sayı 176-ya çatdırıldı. Bu dövrdə 482,8 kilometr məsafədə yeni dəmir yolu xətləri çəkildi, Ələt-Astara, Naxçıvan-İmişli, Şərur-Culfa və digər sahələrdəki stansiyalarda yoldəyişdirici və işarəvermə qurğuları tam dispetçer mərkəzinə qoşuldu. Həmçinin dəmir yollarının 1284 kilometri tam elektrikləşdirildi.
Naxçıvan dəmir yolu stansiyası bütün dövrlərdə xalq təsərrüfatı yüklərinin və əhalinin daşımaya olan tələbatının vaxtında və təhlükəsiz yerinə yetirilməsində müstəsna əhəmiyyət kəsb etmişdir. Muxtar respublikada yük və sərnişin daşımalarına olan tələbatı təmin etmək, xidmətin səviyyəsini yüksəltmək məqsədilə ulu öndərimizin şəxsi təşəbbüsü ilə 1976-cı ildə dəmir yollarının Naxçıvan Hissəsinin mərkəzi aparatı İmişli stansiyasından Naxçıvan şəhərinə köçürülmüş və hərtərəfli fəaliyyəti təmin olunmuşdur. 1988-ci ildə Culfa-Şərur sahəsinin elektrikləşdirilməsi nəticəsində dəmir yolu nəqliyyatında elektrovoz dartısından istifadə olunmuşdur.
Ötən əsrin 90-cı illərində baş verən hadisələr, erməni hərbi birləşmələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi dəmir yolu şəbəkəsinə də ciddi ziyan vurmuş, 240 kilometrdən artıq dəmir yolu xətti dağıntılara məruz qalmışdır. Nəticədə, Mehri-Kərçivan sahəsində qatarların hərəkəti dayandırılmış, Naxçıvan Muxtar Respublikası ölkədən təcrid edilərək blokada vəziyyətinə düşmüşdür. Blokada şəraitində olmasına baxmayaraq, ümummilli liderimizin gərgin əməyi sayəsində dəmir yolu nəqliyyatı öz fəaliyyətini dayandırmamış, muxtar respublikada daşımaya olan tələbatın ödənilməsinə nail olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra dəmir yolu nəqliyyatı da özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Son illər ölkəmizdə, eləcə də muxtar respublikada bu sahədə həyata keçirilən tədbirlərin həcmi daha da artmış, dəmir yolu nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl və kompleks tədbirlər görülmüşdür. “Blokadanın yaratdığı çətinliklərə baxmayaraq, muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafına xüsusi diqqət yetirilir, bu sahə daim işlək vəziyyətdə saxlanılır. Çünki Naxçıvanın işğalçı ölkə ilə sərhəddə yerləşməsi dəmir yolu nəqliyyatının inkişafını zəruri edir”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılmış, vağzal binaları, stansiyaların idarəetmə mərkəzləri, digər inzibati və yardımçı binalar əsaslı təmir olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə İnkişaf Proqramı” muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Proqrama uyğun olaraq, mühüm dəmiryol qovşağı olan Culfa stansiyasında Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası, Culfa lokomotiv deposu, Lokomotiv Briqadalarının İdarəedilməsi Mərkəzi və radio-rabitə sexi binası əsaslı təmir edilərək istifadəyə verilmişdir. Proqramın icrası çərçivəsində xidməti ərazidəki körpülər təmir olunmuş, yeni dəmir yolu keçidləri tikilmiş və ya yenidən qurulmuşdur. Muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi istiqamətində görülən işlərin davamı olaraq Qarabörk və Vəlidağ stansiyalarında yükləmə və boşaltma meydanı yaradılmış, 2011-ci ildən Vəlidağ stansiyasından Qarabörk stansiyasına qum-çınqıl, Şahtaxtı stansiyasından isə Naxçıvan və Qarabörk stansiyalarına travertin-mərmər bloklarının daşınmasına başlanılmışdır.
Ötən il dekabrın 26-da cəmiyyətin İnfrastruktur İdarəsinin inzibati binası əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir. Hazırda Ordubadda sərnişin vağzalı və yol sahəsinin inzibati binalarının tikintisi, idarəetmə mərkəzi və yol sahəsinin yardımçı binalarının əsaslı təmirinin davam etdirilməsi bu sahədə həyata keçirilən tədbirlərin davamlı xarakter almasının əyani ifadəsidir.
İnfrastrukturun daim yenilənməsi, xidmətin səviyyəsinin yüksəldilməsi muxtar respublikada nəqliyyatın bu növündən istifadə edənlərin də sayının artmasına səbəb olmuşdur. Bu ilin 9 ayında dəmir yolu nəqliyyatından 99 mindən çox sərnişin istifadə etmiş, vaqonlar vasitəsilə 67 min 571 ton tikinti materialları, 88 min 382 kiloqram poçt-baqaj yükü daşınmışdır.
Muxtar respublikada dəmir yolu nəqliyyatı sahəsində ixtisaslı kadrlara olan tələbatın ödənilməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrasına uyğun olaraq Naxçıvan Dövlət Texniki Kollecində və Naxçıvan Dövlət Universitetində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr üçün müasir əyani dərs vəsaitləri ilə təmin olunan auditoriya istifadəyə verilmişdir. Cari ildə universitetin 9 tələbəsi müqavilə yolu ilə mühəndislik vəzifəsinə qəbul edilərək istehsalatda əmək fəaliyyətlərini, 5 nəfəri isə istehsalat təcrübəsini başa vurmuşdur.
Ötən illər ərzində muxtar respublika dəmiryolçularından 2 nəfəri Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2-si “Azərbaycan Respublikasının Əməkdar mühəndisi” fəxri adına layiq görülmüş, 1 dəmiryolçu “Şöhrət”, 18 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Dəmiryolçular bundan sonra da öz işlərini günün tələbləri səviyyəsində quracaq, sərnişinlərə nümunəvi xidmət göstərəcək və muxtar respublikanın sosial-iqtisadi inkişafına öz töhfələrini verəcəklər.
“Naxçıvan Dəmir Yolları” Məhdud
Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti