“Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən təbii qaz təchizatının etibarlılığının və səmərəliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər görülür.
İstehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi məqsədilə birliyin müvafiq tədbirlər planına əsasən, sentyabr ayı ərzində də qarşıda duran vəzifələr uğurla yerinə yetirilmişdir. Ötən dövrdə ərazilər üzrə bütün sistem texniki baxışdan keçirilmiş, yararsız vəziyyətdə olan qaz sayğacları istismardan çıxarılaraq yenisi ilə əvəz olunmuş, Naxçıvan şəhərində 2912 smartkarttipli qaz sayğacı quraşdırılmışdır. Xətlərdə təzyiqin normada saxlanılması üzrə gündüz və gecə rejimləri müəyyənləşdirilmiş, sutka ərzində rejim və sərflərin qeydiyyatı aparılmışdır.
Sentyabr ayı ərzində yeni tikilmiş 112 evə qaz xətləri çəkilmişdir. Birliyə tabe şəhər, rayon Qaz İstismarı idarələrinin qəza dispetçer xidmətlərinə təbii qaz istehlakçılarından 1447 çağırış daxil olmuş, qaz təsərrüfatı şəbəkəsində 2021 halda sızma aşkarlanmış və aradan qaldırılmışdır. Həmçinin yeraltı qaz xətlərində korroziyaya uğrayan hissələrin yeni borularla əvəz olunması işləri də davam etdirilmişdir. Ümumilikdə, fərdi və ümumi yaşayış evlərinin qazlaşdırılması, korroziyaya uğramış boruların dəyişdirilməsi, yol-tikinti işlərinin aparılması və digər abadlaşdırma işləri ilə əlaqədar olaraq 17 min 543 paqonometr uzunluğunda boru xətti çəkilmişdir.
Ötən ay təbii qazdan səmərəli istifadə qaydalarının izah olunması, təhlükəsizlik tədbirlərinə əməl edilməsi və israfçılıq hallarına yol verilməməsi məqsədilə əhali arasında maarifləndirici söhbətlər də aparılmışdır.
“Naxçıvanqaz” İstehsalat Birliyinin
mətbuat xidməti