Muxtar respublikamızda enerji təhlükəsizliyinin tam təmin olunması istiqamətində həyata keçirilən iri layihələrdən biri də bu il Babək rayonunun Xal-xal kəndi yaxınlığında tikintisinə başlanılmış 20 meqavat gücündəki Günəş Elektrik Stansiyasıdır. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi ilə Belçika Krallığının “Soltech” şirkətinin bağladığı müqavilə əsasında həyata keçirilən bu iri layihə gələcəkdə Naxçıvanın enerji təminatının tamamilə yerli ehtiyatlar hesabına ödənilməsində mühüm rol oynayacaqdır. Görülən işlərlə tanış olmaq üçün tikintidə olarkən artıq layihə üzrə xeyli iş görüldüyünü, Günəş panelləri üçün dayaqların hamısının quraşdırıldığını və növbəti mərhələdəki işlərin aparıldığını müşahidə etdik. Obyektdə bildirildi ki, hazırda ikinci struktur işlərinin 65 faizi görülmüş, Günəş panellərinin isə 30 faizi quraşdırılmışdır. İstehsal ediləcək enerjinin şəbəkəyə ötürülməsi üçün lazım olan yarımstansiyaların qurulması və kabel xətlərinin çəkilməsinə də artıq başlanılmışdır. Günəş Elektrik Stansiyasında işlərin vaxtında başa çatdırılması üçün tikinti sahəsinə 30-dan artıq müxtəliftəyinatlı texnika və 400 nəfərdən çox işçi cəlb olunmuşdur. Mütəxəssislərin dediyinə görə, quraşdırma işlərinin uğurla yerinə yetirilməsi bu mühüm obyektin də vaxtında istifadəyə verilməsinə imkan verəcəkdir.
Əli Cabbarov