Nadir və qiymətli dərman bitkilərindən olan zoğal kiçik ağac və kol bitkisidir. Naxçıvanda qədimdən becərilir. Hətta Culfa ilə Şahbuz rayonlarının sərhəd zolağında 100 il əvvəl Zoğala adında kənd də olmuşdur. Əsasən cır və mütəxəssislər tərəfindən peyvəst üsulu ilə becərilən hibrid növləri vardır. Yeganə bitkidir ki, erkən yazda hələ yarpaq açmamış fevralda çiçəkləyir, arıçılara bahardan müjdə verir. Baltutar bitkidir. Meyvələrindən təzə və qurudulmuş halda istifadə olunur. Zoğalın meyvəsində 10-11 faiz limon, alma, kəhrəba turşuları, 20-25 faiz saxaroza, fruktoza, qlükoza şəkərləri, A, B, C, D, K vitaminləri, boyaqçılıqda işlənən aşı maddələri vardır.
Xalq təbabətində zoğalın təzə dərilmiş meyvələrindən alınan şirə şəkərli diabetdə ürək yanğısının qarşısını alan sərinləşdirici nemət sayılır. Çəyirdəkləri qovrulub toz halına salınaraq ishal və dizenteriyada ən kəsərli dərman kimi işlədilir.
Zoğalın meyvəsindən mürəbbə, kompot, cem, püre, marmelad, kisel, sirop, turşu, lavaşa, hətta ishal, bağırsaq sancılarına qarşı şərab da hazırlanır. Birinci Dünya müharibəsində rus ordusunun vitamin çatışmazlığı (skorbit) xəstəliyinə düçar olmuş əsgərləri zoğal lavaşaları ilə müalicə olunmuşlar.
Ölkəmizdə olduğu kimi, muxtar respublikamızın bəzi meşəliklərində – xüsusən Ordubadın Nüsnüs dağlarında təbii olaraq yayılıb bitir və hər il bol məhsul verir. Həvəskar bağbanlar onun peyvəst növlərini də yetişdirirlər.
Nadir bitkilərin muxtar respublikamızın torpaq və iqlim şəraitində introduksiyasına marağım məni respublikamızın şimal bölgəsi – Quba, Xaçmaz, Şəki, Zaqatala, Qusar rayonlarına getməyə vadar etdi. Təcrübəli bağbanların Krımdan gətirib becərdikləri kəhrəba rəngli sapsarı mürəbbəsi olan ağ zoğalın da xırda fidanlarını əldə etmişəm. Bütün bitkilərdən fərqli olaraq zoğal calağa yaxa vermir, ipə-sapa yatmır. Çünki hələ şaxtalar çıxmamış erkən yazda çiçəkləyən zoğal yarma calağına çətin tabe olur. Göz calağında isə 100 calaqdan kim 10-15 hibrid calağa nail olursa, bu, ən yaxşı göstərici sayılır. 3-4 ilə cücərtisini aldığım zoğal toxumlarından əldə etdiyim cır şitilləri böyütsəm də, göz calağı ilə çox çətinliklə artıra bilirəm. Oduncağı sərtdir, qabığı çətin ayrılır.
Zoğalın meyvəsindən dadlı mürəbbələr hazırlamaq mümkündür. Ancaq bəzi qadınlar bunun üsulunu yaxşı bilmədiklərindən mürəbbəni bir bişirimə başa çatdırırlar. Bu da onun tərkibindəki ən faydalı komponentlərin təsirdən düşməsinə səbəb olur. Mürəbbələrin şahı olan zoğal süfrələrin bəzəyidir. Soyuqdəymənin əlacıdır. Zoğal mürəbbəsi bişiriləndə çalışmaq lazımdır ki, meyvələr bir ölçüdə olsun, irili-xırdalı olmasın. İlk olaraq çeşidlənərək yuyulmuş meyvələr 80 dərəcə suda 5 dəqiqə pörtülür. 1 kiloqram meyvə üçün 1,2-1,5 kiloqram şəkər tozu götürülür. 2 stəkan suyun qarışığında şərbət hazırlanır. Şirə şirli ləyəndə olan meyvənin üstünə tökülüb vam odda qaynadılır. Meyvə neçə kiloqramdırsa, şəkər də həmin ölçüdə olmalıdır. Elə ki, mürəbbə qaynara düşdü, oddan götürülüb 6-8 saat soyudulur. Sonra yenidən vam odda 7-8 dəqiqə qaynadılır və yenə oddan düşürülür, 5-6 saat soyudulur. Mürəbbənin üstündə əmələ gələn köpük də vaxtında götürülür. Yenə təkrar qaynadılır. Çalışmaq lazımdır ki, mürəbbənin cəmi qaynama müddəti 30-40 dəqiqədən artıq olmasın. Mürəbbənin rəngi şəffaflaşıb meyvələr ləyənin dibinə çökəndə axırıncı olaraq oddan götürülür. Ətirli və tamlı olsun deyə içərisinə azacıq vanil, yaxud 5-6 ətirşah çiçəyinin yarpağı əlavə edilir. Soyudulur, quru, təmiz bərnilərə yığılıb ağzı kip bağlanaraq quru və sərin yerdə saxlanılır. Belə üsulla hazırlanan zoğal mürəbbəsi birbaşa qaynadılıb hazırlanan mürəbbədən ikiqat faydalı və müalicəvi əhəmiyyətə malik olur.
Zoğal lavaşası tam yetkin meyvədən hazırlanır. Suda pörtülüb süzgəcdən keçirilən zoğal məti sinilərdə Günəş altında qurudulur. Güvə və digər həşəratlardan qorumaq üçün azacıq duzlanır. Diş dibinin qanaması, vitamin çatışmazlığında zoğal lavaşası alça, ərik, albuxara lavaşalarını üstələyir. Çəyirdəyi çıxarılaraq qurudulan zoğal meyvələri ilboyu öz dad-tamını saxlayır.
Zoğalın artırılmasında ən sadə üsul firqəndədir, yəni budaqları basdırılan qaydada üstü torpaqla örtülür. Suya çox tələbkardır. Belə olduqda firqəndələr bir ildən sonra kəsilərək köklü kiçik ting kimi daimi yerinə köçürülür. Zoğalın 200-300 illik yaşlı ağaclarının ölkəmizin çox yerlərində uzun ömürlə yaşayıb bar verməsi mümkündür. Oduncağı dülgərlikdə ən qiymətli material hesab olunur. Zoğal ağaclarından hazırlanan əlağacı ən dözümlü ağac sayılır. Olduqca faydalı olan zoğal bitkisini becərmək, bara salmaq vaxt və zəhmət tələb edir.
Qaşdar ƏLİYEV