23 Dekabr 2024, Bazar ertəsi

Əhalini ərzaqla, heyvandarlığı yemlə və sənayeni xammalla təmin etmək üçün taxıl bitkilərinin əhəmiyyəti olduqca böyükdür. Odur ki, Yer kürəsində taxıl istehsalını artırmaq müasir dövr üçün ən vacib tədbirlərdən biridir.
Taxılçılıq muxtar respublikada kənd təsərrüfatının ən vacib sahələrindəndir. Ərazinin torpaq-iqlim şəraiti bu vacib sahənin inkişafı üçün əlverişlidir. Odur ki, intensiv becərmə texnologiyalarına üstünlük verməklə əkin sahələri ilbəil genişləndirilir.
Dövlətimizin aqrar sahənin, xüsusilə taxılçılığın inkişafı üçün gördüyü tədbirlərlə yanaşı, kənd təsərrüfatına az yararlı torpaqların əkin dövriyyəsinə qatılması, məhsuldar toxum sortlarından istifadə olunması, mütərəqqi metodlardan olan şırım üsuluna üstünlük verilməsi, suvarma şəbəkələrinin genişləndirilməsi və sahibkarların texnika ilə təmin olunması taxıl istehsalını xeyli artırmışdır.
Hazırda gələn ilin məhsulu üçün payızlıq taxıl əkilir. Taxılçılıqla məşğul olan fermerler yadda saxlamalıdırlar ki, yüksək məhsuldarlığa nail olmaq üçün bütün aqrotexniki tədbirlər, yəni sahənin əkin üçün seçilməsindən başlamış biçinə qədər olan bütün texnoloji proseslər vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir.

Taxıl əkiləcək sahədə növbəli əkinə ciddi əməl olunmalıdır. Taxılın, əsasən, kartof, tərəvəz, bostan, çoxillik otlar və sair bitkilərdən sonra əkilməsi məqsədəuyğundur. 2-3 ildən artıq eyni sahədə taxıl əkilməsi məsləhət deyildir. Taxıl əkiləcək sahə sələf bitkilər yığılan kimi hər hektara imkan daxilində 20-30 ton üzvi, 250-300 kiloqram fosfor və 100 kiloqram kalium gübrələri verilərək 28-30 santimetr dərinlikdə şumlanmalıdır.
Gübrələrin miqdarının torpaqların qida maddələri ilə təminolunma xəritələrinə uyğun olaraq müəyyən edilməsi məsləhətdir.
Torpağa üzvi və mineral gübrələrin verilməsi qida maddələrinin balansını nizamlamaqla torpaqda gedən mikrobioloji proseslərin fəallaşmasına da səbəb olur. Təcrübələr göstərir ki, fosfor və kalium gübrələrinin illik normasının şumaltına verilməsi daha məqsədəuyğundur.
Payızda şumaltına fosfor gübrəsinin verilməsi çox vacibdir. Fosfor torpağı qida maddəsi ilə zənginləşdirməklə onu yumşaq saxlayır və bitkinin inkişafını sürətləndirməklə əlverişsiz iqlim şəraitinə, xəstəlik və ziyanvericilərə qarşı müqavimətini artırır.
Bitkilərin güclü böyüməsini, inkişafını və qışdan salamat çıxmasını təmin etmək və eləcə də əlverişsiz şəraitə müqavimətini artırmaq üçün torpağa fosfor gübrəsinin verilməsinin böyük əhəmiyyəti vardır. El arasında ona “bar gübrəsi” də deyirlər.
Payızlıq taxıllar qida elementlərini, əsasən, vegetasiyanın ilk dövrlərindən mənimsəməyə başlayır və bu dövrlərdə bitkilərin fosfora tələbi sonrakı inkişaf mərhələlərinə nisbətən yüksək olur. Bu zaman taxılın zəif inkişaf etmiş kök sistemi torpağın çətin həll olan birləşmələrindən fosforu mənimsəməyə qabil olmur. Səpin zamanı cərgələrə fosforun verilməsi bu gübrələrdən istifadə olunmasının çox effektli üsullarından biridir. Ona görə də bitkiləri ilk dövrdən qida maddələri ilə təmin etmək lazımdır. Həmin vaxtda verilmiş fosfor gübrəsi bitkilərin boy atmasını və xüsusilə kök sisteminin böyüməsini sürətləndirir. Bundan başqa, az münbit olan torpaqlarda bitkiləri azotla normal təmin etmək məqsədilə səpindən əvvəl azotlu gübrələrin illik normasının 20-30 faizi torpağa verilir və ya toxumla birlikdə üst qata səpilir.
Taxıl əkiləcək sahənin şumunun keyfiyyətli və səpindən 2-3 ay tez aparılması məhsuldarlığı 2-3 sentnerə qədər yüksəltməyə təsir göstərə bilir.
Aqrotexniki tədbirlər içərisində məhsuldarlığa ən çox təsir göstərən səpindir. Taxılçılıqla məşğul olan sahibkarlar yadda saxlamalıdırlar ki, aqrotexniki tədbirlərdən heç biri taxılın məhsuldarlığına, onun böyümə və inkişafının gedişinə səpin müddəti qədər güclü təsir göstərə bilmir. Səpin optimal müddətdə aparılmalıdır. Təcrübələr göstərir ki, payızda bitkilərin güclü və mərhələli inkişafı toxumların vaxtında səpilməsindən asılıdır ki, bu da bitkilərin əlverişsiz qışlama şəraitinə davamlılığını təmin edir.
Payızda bitkilərin xəstəliklərə tutulması, zərərvericilərlə zədələnməsi və dənin yetişmə vaxtı da səpin müddətindən asılıdır. Bütün bunlar bitkilərin sıxlığına, dənin keyfiyyətinə və məhsuldarlığa təsir göstərir. Ona görə də səpin optimal vaxtda başa çatdırılmalıdır. Optimal müddətdə səpin aparılmış sahələrdə bitkilər şaxtalar düşənə kimi kifayət qədər yan köklər əmələ gətirir, möhkəmlənir və kollanırlar. Belə bitkilər qışın əlverişsiz şəraitinə davam gətirə bilir.
Gecikmiş səpinlərdə isə cücərtilər payızda kollana bilmir və zəif halda qışlamaya başlayır. Payızda zəif kök atmış bitkilər isə qışa az davamlı olur, onların çoxunu şaxta tələf edir və nəticədə, əkinlərdə seyrəklik əmələ gəlir.
Muxtar respublikamızda optimal səpin müddəti oktyabrın 5-dən noyabrın 30-na kimidir. Hava şəraiti imkan verərsə, səpin dekabr ayında da aparıla bilər.
Yüksək məhsul götürmək üçün toxumun keyfiyyətli olması vacibdir. Səpin üçün yüksəkkeyfiyyətli toxum materialının hazırlanması uzunmüddətli bir işdir.
Taxıl bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə etmək üçün yerinə yetirilən kompleks aqrotexniki tədbirlər içərisində ərazinin torpaq-iqlim şəraitinə uyğun taxıl sortlarının seçilməsi, rayonlaşdırılmış səpin materiallarından istifadə edilməsi və toxumun səpin üçün düzgün hazırlanması xüsusi yer tutur. Bioloji xüsusiyyətlərinə görə torpaq-iqlim şəraitinə uyğun rayonlaşdırılmış taxıl sortları əkildikdə taxılın məhsuldarlığı xeyli artır.
Toxum materialının ekspertizası göstərir ki, onlar bir çox parazit göbələklərin, yəni bərk və tozlu sürmə sporları, kif göbələklərinin sporları, kök çürüməsi xəstəliklərinin törədiciləri ilə yoluxur. Bu xəstəliklərin təsiri nəticəsində toxumun cücərmə faizi və keyfiyyəti aşağı düşür, nəticədə, səpin normasına düzgün əməl edilsə də, sahədə istənilən sayda və sağlam cücərti alınması mümkün olmur.
Aparılmış müşahidələr göstərir ki, sürmə sporları ilə yoluxmuş sahələrdə bitkilərin sıxlığı 32 faiz, hündürlüyü 13 faiz, kollanması 11 faiz, bərk sürmə sporları ilə yoluxmuş sahələrdə isə sünbüllərdə dənlərin sayı 10-15 faiz aşağı düşür.
Toxumla yayılan xəstəliklərin qarşısını almaq və ona qarşı mübarizə aparmaq üçün səpiləcək materialın dərmanlanması ən vacib təsərrüfat tədbirlərindən biridir. Toxum materialını səpinə 1-2 ay qalmış dərmanlamaq daha səmərəli və keyfiyyətli üsul hesab edilir. Çünki həm dərmanın məsarif norması azalır, həm də onun təsir gücü artır.
Taxılın səpin norması sələflərdən, torpağın münbitliyindən, səpin müddətindən və üsulundan, əkiləcək sortun bioloji xüsusiyyətlərindən, toxumun təmizliyindən asılı olaraq dəyişə bilər. Gecikmiş səpinlərdə səpin norması 10-15 faiz artırıla bilər. Səpin aşağı norma ilə aparılarsa, bitkilər seyrək olur, alaqların inkişafı üçün şərait yaranır. Ona görə də belə əkinlər az məhsul verir. Səpin norması çox olduqda isə sahədə bitkilər sıx olur, bir-birlərini kölgələndirir, torpaqda su və qida maddələri çatışmır. Nəticədə, seyrək və cılız dənli kiçik sünbüllər əmələ gəlir.
Bir hektara orta hesabla 220-250 kiloqram buğda, 160-180 kiloqram arpa toxumu səpilməsi məsləhətdir.
Səpin zamanı muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğun gələn “Bərəkətli-95”, “Qiymətli-2/17”, “Əzəmətli-95”, “Nurlu-99”, “Ruzi-84”, “Qobustan”, “Dağ-daş”, “Quality”, “Quadilop”, “Bezostaya-1” sortlarından istifadə edilməsi məsləhətdir.
Taxılçılıqla məşğul olan sahibkarlar bu sortları muxtar respublikada fəaliyyət göstərən toxumçuluq təsərrüfatlarına müraciət etməklə əldə edə bilərlər.
Səpin zamanı toxumlar torpağa elə dərinlikdə basdırılmalıdır ki, onlar rütubət, istilik və hava ilə normal təmin oluna bilsinlər. Normal rütubətli və yaxşı becərilmiş torpaqlarda toxumlar 5-6 santimetr dərinlikdə basdırılmalıdır. Nəzərə almaq lazımdır ki, toxum torpaqda dayaz basdırılarsa, taxılın kök sistemi torpaqla zəif əlaqədə olur və taxıllarda kök yatması baş verir. Bu, ən böyük yatmadır və gələcəkdə böyük məhsul itkisinə səbəb olur.
Səpin qurtaran kimi mora və ya şırım açılaraq suvarma aparılmalıdır. Aparılmış müşahidələr göstərir ki, muxtar respublika şəraitində taxıl sahələrinin suvarılmasında şırımlarla suvarma ən əlverişli üsuldur. Bu suvarma üsulu səth ilə suvarmada suyun ən yaxşı paylanma üsullarından biri sayılır. Səthi yaxşı hamarlanmış və şırım istiqamətində mailliyi az olan taxıl sahələrində bu üsul daha əlverişlidir. Şırımlarla suvarmanın mora ilə suvarmaya nisbətən üstünlüyü suya qənaət edilməsi, torpaq strukturunun pozulmaması, qaysaq əmələ gəlməməsi, əl əməyindən az istifadə olunması, mora üsuluna nisbətən torpaq su ilə tam doyduğundan quraqlığa qarşı davamlı olması, suvarmada və becərmədə işlərin mexanikləşdirilməsi üçün əlverişli şərait yaranması və nəticədə, bitkilərin məhsuldarlığının artmasıdır. Şırımların dərinliyi, şırımarası məsafə və şırımların uzunluğu yer səthinin mailliyi və torpağın mexaniki tərkibindən asılıdır. Şırımlarla suvarmada mühüm məsələlərdən biri suvarmanın düzgün təşkilidir. Əks halda, su itkiləri, torpaqların şorlaşması, torpağın yuyulması nəticəsində suvarma eroziyası halları baş verər. Ona görə də göstərilən qaydalara düzgün əməl edilməlidir.
Qeyd olunan aqrotexniki tədbirlərə əməl olunarsa, yüksək məhsuldarlığın əsası qoyular və gələcəkdə bol və keyfiyyətli məhsul əldə edilər.

Məmmədqulu SƏFƏROV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR