Bu mövzuda AMEA Naxçıvan Bölməsində elmi konfrans keçirilib
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə keçirdiyi elmi konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. O, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlərdən, bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb.
Akademik bildirib ki, Naxçıvan Muxtar Respublikasının müasir sosial-iqtisadi inkişaf səviyyəsində kənd təsərrüfatı da yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bütün bunlar aqrar sektorun sürətli inkişafını təmin etməklə yanaşı, kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini stimullaşdırıb. Aqrar sektora göstərilən diqqət onun muxtar respublika iqtisadiyyatında ümumi payının artmasına və əsas gəlirli sahələrdən birinə çevrilməsinə səbəb olub.
Konfransda Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev “Aqrar sahənin dinamik inkişafı və perspektivləri” mövzusunda çıxış edərək əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat verib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın aparıcı sahələrindən biri də aqrar sektordur. Aqrar islahatların aparılması, yeni mülkiyyət münasibətlərinə əsaslanan təsərrüfat sahələrinin yaradılması istiqamətində görülmüş işlər muxtar respublikada kənd təsərrüfatının dinamik inkişafına şərait yaradıb. Təsdiq olunmuş dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi, meliorasiya və irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların tutumunun artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz müəssisələrinin işə salınması kənd təsərrüfatının inkişafını təmin edib. Son illərdə ümumi sahəsi 100 min kvadratmetrdən artıq olan istixana komplekslərinin, ümumi tutumu 12 min 610 ton olan soyuducu, tutumu 27 min ton olan uzunmüddətli və 43 min ton olan qısamüddətli taxıl ehtiyatı anbarlarının, 17 taxıl emalı müəssisəsinin, 222 heyvandarlıq, 64 quşçuluq, 94 arıçılıq, 12 balıqçılıq, 68 bağçılıq və üzümçülük təsərrüfatlarının yaradılması bunun əyani sübutudur.
Elmi konfransda AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov “Naxçıvan Muxtar Respublikasında meyvəçilik və tərəvəzçilik: imkanlar, perspektivlər”, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əsgər Həsənov “Genetik fondun qorunub saxlanılması və ərzaq təminatı”, AMEA Naxçıvan Bölməsi Elmi-təşkilat şöbəsinin rəisi, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Orxan Bağırov “Naxçıvan Muxtar Respublikasının təsərrüfat əhəmiyyətli çəyirdəkli meyvə bitkiləri”, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun laboratoriya rəhbəri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayev “Naxçıvan Muxtar Respublikası şəraitində stress amillərə qarşı davamlı taxıl sortlarının yaradılması”, həmin institutun böyük elmi işçisi, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent Loğman Bayramov “Naxçıvan Muxtar Respublikasında almanın genofondu” mövzularında məruzə ediblər.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.
Konfransa yekun vuran AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin davamlı xarakter aldığını bildirib.
Xəbərlər şöbəsi