İran İslam Respublikasında iqtisadiyyatın inkişafı və xarici ölkə investorlarının cəlbi sahəsində ardıcıl tədbirlər görülür. Ölkədə əlverişli investisiya mühiti yaradılmışdır. Haliyədə İranda 7 Azad Ticarət Zonası fəaliyyət göstərir. Bunlardan biri də Araz Azad Ticarət və Sənaye Zonasıdır. İran İslam Respublikasının İslami Şura Məclisinin 2003-cü il 24 avqust tarixli qərarı ilə yaradılan zona 2004-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır.
Araz Azad Ticarət və Sənaye Zonasının mühüm coğrafi şəraitə malik yük dəhlizi üzərində yerləşməsi, istehsal olunan məhsulların ixrac imkanları, uzunmüddətli vergidən azad olma, sənaye maşınlarının və xammalın idxalında gömrük rüsumlarının alınmaması daxili və xarici investorların bura axınının əsas səbəblərindəndir. Sənaye, xidmət, anbarçılıq, kənd təsərrüfatı, ticarət, turizm və avtomobil xidmətləri sahələrində 310 şirkətin fəaliyyət göstərdiyi Araz Azad Ticarət və Sənaye Zonasını sahibkarlar şəhəri də adlandırmaq olar. Burada 96 bina sahibkarların ixtiyarına verilmişdir. Hazırda zonada müxtəlif sahələr üzrə 215 obyekt inşa olunur ki, bunlar da gələcəkdə sahibkarların istifadəsinə veriləcəkdir.
Araz Azad Ticarət və Sənaye Zonasında daxili və xarici investisiya qoyuluşunun həcmi ilbəil artmaqdadır. Belə ki, 2005-2014-cü illərdə ticarət və sənaye zonasında 670 milyon dollardan artıq neft və qeyri-neft məhsullarının ixracı həyata keçirilmiş, 957 milyon dollar məbləğində xarici tranzit işləri görülmüşdür. Bütün bunlar məşğulluq səviyyəsini xeyli artırmışdır. Əgər 2005-ci ildə Araz Azad Ticarət və Sənaye Zonasında 1137 nəfər işləyirdisə, hazırda onların sayı 11 min 384 nəfərə çatmışdır. Bundan başqa, sənaye zonasının əhatə etdiyi Culfa yaşayış məntəqəsində 15 mindən artıq əhali yaşayır.
Son illər turizmin inkişafı azad zonada gəlirlərin artmasına səbəb olmuşdur. İstər yaradılan müasir infrastruktur, istərsə də ərazidə tarixi abidələrin olması xarici turistlərin diqqətini daha çox cəlb edir. Ötən bir il ərzində 6 milyon 430 turist zonaya səfər etmişdir. Hazırda zonanın 700 hektarlıq ərazisini əhatə edən turizm sahəsində 54 layihə icra olunmaqdadır. Bunlardan 14-ü restoran, 13-ü hotel və mehmanxana, 20-si ticarət mərkəzi, 5-i istirahət və 2-si xidmət mərkəzidir.
Araz Azad Ticarət və Sənaye Zonasında aqrar sektorun inkişafı üçün də geniş imkanlar mövcuddur. Gözəl təbii şəraiti, zəngin su ehtiyatı və məhsuldar torpaqların olması kənd təsərrüfatının inkişafına, bu sahədə emal və istehsal sahələrinin yaradılmasına imkan verir. Ərazidə 22 min 590 hektar əkinəyararlı torpaq sahəsi mövcuddur ki, onlardan da səmərəli istifadə olunur. Hazırda ticarət və sənaye zonasında 190 hektar sahəni əhatə edən istixanalar fəaliyyət göstərir. 22 min 400 hektar sahədə isə müxtəlif meyvə bağları və əkin sahələri vardır. Bu bağlar və əkin sahələri əsasən dövlətin və özəl bölmənin investisiyası ilə ərsəyə gəlmişdir.
Bu gün azad zonada xarici investorların cəlbi sahəsində ardıcıl tədbirlər görülür. Ona görə də büdcə gəlirlərinin 70 faizi tikinti və möhkəmləndirmə işlərinə sərf olunur. Son illər müxtəlif sənaye şəhərciklərinin salınması da bu sahədə həyata keçirilən tədbirlərdəndir. Ticarət zonasındakı sənaye şəhərciklərindən biri üçün 135, digəri üçünsə 260 hektar ərazi ayrılaraq sahibkarların ixtiyarına verilmişdir. Hazırda üçüncü şəhərciyin salınması istiqamətində işlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikasında sənayenin və kənd təsərrüfatının inkişafı, bu sahələr üzrə yerli və xarici sahibkarların fəaliyyətinin dəstəklənməsi İranın yaxın vilayətləri ilə muxtar respublika arasında əlaqələrin inkişafına mühüm töhfə verir. Bu əlaqələrin tərkib hissəsi kimi Araz Azad Ticarət və Sənaye Zonası da iqtisadi-ticarət sahəsində əməkdaşlığın inkişafı və sahibkarların qarşılıqlı fəaliyyəti üçün geniş imkanlar açır.