Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyində “Payızlıq taxıl əkinlərinin optimal müddətdə həyata keçirilməsi” mövzusunda tarla seminar-müşavirəsi keçirilib.
Müşavirəni giriş sözü ilə “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Bəhruz Bayramov açaraq aqrar sahəyə göstərilən dövlət qayğısı, kənd təsərrüfatının dinamik inkişafı və taxılçılıqda əldə olunan nailiyyətlərdən danışıb.
Aqrar sektorda əhəmiyyətinə görə əvəzsiz sahə olan taxılçılıqda yüksək məhsuldarlığa nail olunması yolları, eləcə də bu günün tələblərinə cavab verəcək texnologiyaların tətbiqinə dair nazirliyin əməkdaşları Zərrab Əfəndiyev, Sabir Səfərov, Həsən Əmrahov müşavirə iştirakçılarına geniş məlumat veriblər. Müşavirədə Babək rayonu və Naxçıvan şəhərinin torpaq mülkiyyətçiləri, sahibkarlar iştirak ediblər. Taxılçılıqla bağlı suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.
Xəbərlər şöbəsi