Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, cari təsərrüfat ilini uğurla başa vuran muxtar respublika taxılçıları 2016-cı ilin bol məhsulunun əsasını qoymaq üçün hazırlıq işlərini sürətlə davam etdirirlər. Şum qaldırılması, səpin aparılması, əkilmiş zəmilərin suvarılması bu gün onların başlıca qayğılarıdır. Aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə başa çatdırmaq üçün taxılçılar yaradılmış şəraitdən səmərəli istifadə etməyə çalışırlar. Oktyabrın 1-nə muxtar respublika üzrə 12 min 563 hektar sahədə şum qaldırılması başa çatdırılıb. 2252 hektar sahədə taxıl əkini keçirilib.
Komitədən aldığımız məlumata görə, sahələrə kifayət qədər şum texnikaları çıxarılıb, ehtiyat hissələri və yanacaq tədarükü görülüb. Taxılçıların yüksək kondisiyalı və yerli şəraitə uyğunlaşdırılmış toxumlardan istifadəsi diqqət mərkəzində saxlanılıb. Bu isə belə deməyə əsas verir ki, növbəti mövsümdə də taxılçıların çəkdikləri zəhmət hədər getməyəcək.
Xəbərlər şöbəsi