İnsan orqanizminin sağlamlığı üçün onun bütün növ qidalarla bəslənməsi mühüm şərtdir. Bu baxımdan müntəzəm olaraq balıqla qidalanmağın faydaları haqqında da çox deyilib. Ürək və beyin fəaliyyətinin normal olması, yoluxucu xəstəliklərə qarşı güclü bədən müqavimətinə, yaxşı görmə qabiliyyətinə, möhkəm dişlərə, gözəl dəriyə və saçlara malik olmaq üçün həkimlər balıq əti və balıq yağını həmişə tövsiyə ediblər. Təsadüfi deyil ki, qədimdə də balıq əti insanın ilk qida mənbəyindən biri olub.
Naxçıvanın zəngin təbii sərvətləri arasında su və sudan əldə olunan nemətlər də az deyil. Bu baxımdan müxtəlif balıq növlərinin təbii halda yetişdiyi çay, göl və su anbarlarımız xüsusi əhəmiyyət kəsb edir. Bu su hövzələrində muxtar respublika əhalisinin tələbatını tam şəkildə ödəyə bilən yüksəkkeyfiyyətli balıq sortları üçün əlverişli təbii şərait vardır. Balıq sərvətlərimizin ciddi şəkildə qorunması üçün görülən tədbirlər də bu qiymətli sərvətin çoxaldılmasına imkan yaradıb. Məqsəd əhalinin keyfiyyətli ərzaq məhsullarına olan tələbatının davamlı şəkildə ödənilməsinə nail olmaqdır.
Bu baxımdan “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatına şərait yaradıb. Son illər bu sahədə görülən işlər balıqçılıq təsərrüfatının inkişafı üçün də geniş imkanlar açıb. Bu il sentyabrın 10-da Naxçıvan “Balıqçılıq Təsərrüfatı” üçün yeni kompleksin istifadəyə verilməsi də bu sahənin inkişafına göstərilən qayğının daha bir ifadəsidir. Muxtar respublikada əhalinin keyfiyyətli balıq məhsulları ilə təminatı və balıqçılığın inkişafı üçün görülən bu tədbirlər, son nəticədə, ərzaq təhlükəsizliyinin təmin olunmasında digər sahələrlə yanaşı, balıqçılıq təsərrüfatlarının da rolunun artırılması məqsədi daşıyır.
Artıq balıq ovu mövsümü başlamışdır və bu sahədə görülən işlərlə tanış olmaq üçün Naxçıvan “Balıqçılıq Təsərrüfatı”na yollandıq. Naxçıvan şəhərində, Araz çayına yaxın bir ərazidə yerləşən kompleksdə bildirildi ki, əvvəllər köhnə binada yerləşən təsərrüfatda işlərin yeni tələblər əsasında qurulmasına imkan yox idi. Yeni kompleksdə yaradılmış müasir iş şəraiti isə muxtar respublikada balıqçılığın inkişaf etdirilməsi üçün əlverişli imkan yaradır. İndi kompleksdə balıq yetişdirilməsi və gələcəkdə təsərrüfatın nəzdində balıq məhsulları istehsalı sahəsinin də qurulması mümkün olacaqdır. Öyrəndik ki, Naxçıvanın su hövzələrindən tutulan çəki, suf, xəşəm, naxa, qalınalın, dabanbalığı kimi balıq sortlarına mövsüm ərzində böyük tələbat vardır. Bazardakı tələbatı ödəyə bilmək üçün mövcud hava şəraitindən istifadə edərək gün ərzində lazım olan həcmdə balıq ovlanır. Gündəlik ovlanan təzə balıq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində laboratoriya analizindən keçdikdən sonra satışa göndərilir.
Naxçıvan “Balıqçılıq Təsərrüfatı”nda idarəetmə heyəti ilə birlikdə 35 nəfər işlə təmin olunub. Balıq ovu mövsümündə iqlim şəraitinə görə işçilər lazımi avadanlıq və xüsusi geyimlərlə təmin olunur, işçilərin təhlükəsizliyi diqqət mərkəzində saxlanılır. Təzə balığın satış məntəqələrinə çatdırılması üçün “Hyundai” markalı avtomobil və 2 ton tutumlu soyuducu kamera vardır. Yeri gəlmişkən oxucularımıza təzə Araz balığının Naxçıvan şəhərindəki “Cahan” ticarət mərkəzində firma mağazada satıldığını da xatırlatmaq yerinə düşər.
Yuxarıda qeyd etdiyimiz kimi, Naxçıvan “Balıqçılıq Təsərrüfatı”nın əsas vəzifələrindən biri də balıq ovlanması ilə yanaşı, balıq yetişdirilməsidir. Bunun üçün kompleksdə 40 qapalı hovuzun hər birində 25 min olmaqla, il ərzində 1 milyon balıq yetişdirilməsi nəzərdə tutulub. Hovuzlar balıqların çoxalıb böyüməsi üçün zəruri mikrobioloji mühitlə təmin olunub, bunun üçün avadanlıqlar quraşdırılıb. Bu da imkan verəcəkdir ki, muxtar respublikanın su hövzələrində balıq artırılması mövcud su hövzələrimizin bioloji xüsusiyyətlərinə və əhalinin tələbatına uyğun şəkildə öz imkanlarımız hesabına mümkün olsun. Muxtar respublikamızın Heydər Əliyev, Araz, Arpaçay və Uzunoba Su anbarları kimi iri su hövzələrində öz fəaliyyətini genişləndirən Naxçıvan “Balıqçılıq Təsərrüfatı” qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün yaradılmış şəraitdən lazımınca istifadə etməyə çalışır.
Əli Cabbarov