Bu gün muxtar respublikamızda, eləcə də Şərur rayonunda təhsilə göstərilən qayğı, bu sahədə həyata keçirilən islahatlar çərçivəsində aparılan quruculuq tədbirləri nümunə gücündədir. Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən yaradılan Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyi üçün ayrılan binada yenidənqurma işləri aparılır, lisey üçün yataqxana binası inşa edilir. Zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan lisey binasının yenidən qurulması “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçılarına həvalə edilib. Burada yenidənqurma işlərinə başlanılmasından ötən müddət ərzində binanın fasadında üzləmə işləri aparılıb, interyer müasir tələblər səviyyəsində dizayn edilib, kommunikasiya xətləri yenilənib. Artıq obyektdə son tamamlama işləri görülür. Elektron lövhəli siniflərin, laboratoriyaların, fənn kabinələrinin, kitabxananın yaradılacağı binada yenidənqurma işlərinin sürətlə aparılması onu deməyə əsas verir ki, bina qısa vaxtda müəllim və şagirdlərin istifadəsinə veriləcək.
İş icraçısı Umud İsayevin bildirdiyinə görə, yaxınlıqda inşa olunan yataqxana binasında da işlər sürətlə gedir. Binanın zirzəmi hissəsində və birinci mərtəbəsində divarların və arakəsmələrin hörgüsü yekunlaşmaq üzrədir. 240 şagird yerlik yataqxana binasında hazırda son mərtəbədə qəlib-beton işləri aparılır.
Məlumat üçün bildirək ki, Şərur şəhərində təhsil sahəsində aparılan quruculuq işləri bununla məhdudlaşmayıb. Belə ki, şəhər 2 nömrəli tam orta məktəbin əvvəlki ikimərtəbəli binası müasir tələblərə cavab vermədiyindən bu məktəb üçün yeni binanın inşasına başlanılıb. Bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq. Hazırda son mərtəbədə qəlib-beton işləri aparılır. Təhsil ocağında elektron lövhəli siniflər, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter, şahmat və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı yaradılacaq. Kitabxanada internet vasitəsilə digər elektron kitabxanalara da müraciət etmək mümkün olacaq. Kompüter otağında hər biri internetə qoşulmuş kompüter dəstləri quraşdırılacaq. Məktəbdə yaradılacaq fənn laboratoriyaları da müasir tədris-təcrübə avadanlıqları ilə təmin ediləcək. Fizika laboratoriyasında quraşdırılacaq elektron lövhə dərslərin və təcrübə məşğələlərinin müasir metodlar səviyyəsində keçilməsinə şərait yaradacaq.
Xəbərlər şöbəsi