23 Dekabr 2024, Bazar ertəsi

Son illər dünyanın aparıcı ölkələrinin maliyyə problemləri ilə üzləşməsi, habelə əhali sayının çoxalması və digər bu kimi amillər əsas ərzaq məhsullarının qıtlığına və dünya bazarında qiymət artımına səbəb olmaqdadır. Artıq bəzi ölkələrdə ərzaq qıtlığı problemi real təhlükəyə çevrilmiş və ərzaq ehtiyatları minimum həddə çatmışdır. Etibarlı ərzaq təminatı isə hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanaqlılığının, dövlətin iqtisadi təhlükəsizliyinin qarantıdır.

 

Aparılan araşdırmalar zamanı son illər dünyada ərzaq istehsalının illik artımının azalması tendensiyası müşahidə edilir və bu azalmanın növbəti illərdə də davam edəcəyi proqnozlaşdırılır. Günümüzdə müşahidə olunan qlobal istiləşmə və iqlim dəyişikliyi insanların ərzaq məhsullarına olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynayan kənd təsərrüfatı sektoruna daha çox mənfi təsir göstərməkdədir. Kənd təsərrüfatını iqlim dəyişikliklərinə adaptasiya etmək qlobal ərzaq təhlükəsizliyinin təmin olunması və ekosistemi qorumaq baxımından vacib olmaqla yanaşı, həm də xeyli xərc tələb edir. Bütün bu faktlar onu göstərir ki, hazırda ərzaq təhlükəsizliyi probleminin səmərəli həlli dünyada gedən sürətli qloballaşma prosesi fonunda ən mühüm məsələlərdəndir.
Ümummilli lider Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən böyük uzaqgörənliklə ilk dəfə olaraq muxtar respublikada aqrar islahatların həyata keçirilməsinə başlamışdır. 6 aprel 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında”, eləcə də “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar aqrar sahənin inkişafı ilə yanaşı, etibarlı ərzaq təminatının yaradılmasına da öz təsirini göstərmişdir. Muxtar respublikada torpaq islahatının uğurla başa çatdırılması, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmlərinin formalaşdırılması, yeni emal müəssisələrinin yaradılması və həyata keçirilən digər tədbirlər nəticəsində ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmışdır. İstehsalın stimullaşdırılması və satış üçün məhsulların çeşidinin artırılması istiqamətində görülən tədbirlər yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə imkan vermişdir.
Xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə də ölkənin ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlamış və bu məsələnin gələcək nəsillər üçün olduqca vacib və aktual olduğunu nəzərə alaraq, ərzaq təhlükəsizliyi məsələsini dövlətçilik strategiyasının əsas elementləri sırasına daxil etmişdir.
Ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı məsələsini daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə xüsusi dövlət tədbirləri həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında da ərazi təhlükəsizliyinin təmin olunması sahəsində mühüm işlər görülür.
Əldə olunmuş nailiyyətlərin əsasında muxtar respublikada sahibkarlığın inkişafına geniş meydan verilməsini və bu sahəyə dövlət yardımının ilbəil artırılmasını göstərmək olar. Son illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində genişmiqyaslı layihələr həyata keçirilmişdir. Belə ki, aparılan meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi, taxıl və soyuducu anbarların tutumlarının artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin işə salınması kənd təsərrüfatının sürətli inkişafına əlverişli şərait yaratmışdır. Toxumçuluq və tingçiliklə məşğul olan təsərrüfatlara subsidiyaların ödənilməsi, yanacaq-sürtgü materiallarına görə verilən yardımların 25 faiz artırılaraq 50 manata çatdırılması, istifadə olunan gübrələrin 70 faizinin pulsuz verilməsi, satılan texnikaların dəyərinə 40 faiz güzəşt tətbiq edilməsi kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar üçün əsaslı stimul olmuşdur.
Regionumuzda kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlər ərzaq təhlükəsizliyinin təmin olunmasında, emal müəssisələrinin xammalla təchizatında mühüm rol oynayır. Bu cəhətdən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” mühüm əhəmiyyət kəsb edən dövlət sənədidir.
Aparılan məqsədyönlü iqtisadi siyasət aqrar sektorun inkişafına güclü təkan verməklə istehsalın artmasına, məhsul bolluğunun yaranmasına səbəb olmuşdur. 2015-ci ilin yanvar-avqust ayları ərzində muxtar respublikada 253 milyon 812 min manatdan çox kənd təsərrüfatı məhsulunun istehsal olunması buna sübutdur.
Muxtar respublikada kənd təsərrüfatının aparıcı sahələrindən biri əkinçilikdir. Qədim diyarın torpaq mülkiyyətçiləri bu sahədə zəngin təcrübəyə malikdirlər. Torpaq mülkiyyətçilərinə göstərilən hərtərəfli qayğı, eləcə də iqlim və coğrafi şərait əkinçilikdə uğurlar qazanılmasını təmin etmişdir. Elə bu səbəbdəndir ki, 2015-ci ilin məhsulu üçün 61 min 414 hektar sahədə əkin aparılmışdır. Bu da 2008-ci illə müqayisədə 2505,3 hektar çoxdur.
Aqrar sahədə nəzərdə tutulan xidməti işlərin yerinə yetirilməsini sürətləndirmək, sahibkarların əməyini yüngülləşdirmək, onları lazımi texnika ilə vaxtında və güzəştli şərtlərlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 28 yanvar tarixli Sərəncamı ilə yaradılmış “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti aqrar bölmənin kənd təsərrüfatı texnikaları ilə təchizatını, müxtəlif servis xidmətlərinin göstərilməsini, torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə mineral gübrələrin satışını həyata keçirir.
Əvvəldə də qeyd etdiyimiz kimi, müasir dövrdə əhalinin ərzaqla təminatı bəşəriyyətin ən qlobal problemlərindəndir. Problemin həllində taxılçılığın inkişaf etdirilməsi əsas yerlərdən birini tutur. 2008-ci ildə muxtar respublika üzrə 32441,2 hektar sahədə taxıl əkilmişdirsə, 2015-ci ildə əkin sahələri 36237 hektara çatdırılmışdır ki, bu da həmin illə müqayisədə 2795,8 hektar çoxdur. Bu il zəmilərdən 106 min 282 ton məhsul toplanmışdır. Bu, 2008-ci illə müqayisədə 23 min 718 ton, ötən illə müqayisədə isə 3212 ton çoxdur.
Ərzaq təhlükəsizliyinin başlıca şərtlərindən biri dövlət ərzaq ehtiyatlarının təşkili və onların səmərəli idarə olunması, fövqəladə hallara yüksək səviyyədə hazırlığın təmin edilməsi, təbii fəlakətlərin nəticələrinin qısa zamanda aradan qaldırılmasından ibarətdir. Muxtar respublikada taxıl istehsalının artımı ilə yanaşı, taxıl ehtiyatının yaradılması imkanları da yaxşılaşdırılmış, tutumu 27 min ton olan uzunmüddətli və 43 min 400 ton olan qısamüddətli taxıl ehtiyatı anbarları, 17 taxıl emalı müəssisəsi yaradılmışdır.
Muxtar respublikada iqtisadi fəaliyyətin bütün sahələri ilə yanaşı, kənd təsərrüfatının dinamik inkişafı üçün də səmərəli kredit mexanizmi formalaşdırılmışdır. 2015-ci ilin yanvar-avqust ayları ərzində kənd təsərrüfatının inkişafı üçün torpaq mülkiyyətçilərinə banklar və bank olmayan kredit təşkilatları tərəfindən 14 milyon 552 min manatdan artıq kredit verilmişdir.
Muxtar respublikada taxılçılıqla yanaşı, kartofçuluğun inkişafına da ciddi diqqət yetirilir. Bir zamanlar regionda bu məhsula olan tələbat idxal hesabına ödənilirdi. İkinci çörək sayılan kartofa olan tələbatın ödənilməsi məqsədilə görülən işlər bu cəhətdən diqqətəlayiqdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda torpaqlardan səmərəli istifadə olunması, investisiyaların yatırılması, müxtəlif servis mərkəzlərinin yaradılması, daxili bazarın qorunması, tələbata uyğun keyfiyyətli məhsul istehsalının dəstəklənməsi kimi zəruri tədbirlərin görülməsi məsələləri qarşıya qoyulmuşdur. Stimullaşdırıcı təsirə malik olan bu tədbirlərin nəticəsidir ki, kartof əkini sahələri ildən-ilə genişləndirilir. Daxili bazarın kartofla təminatında idxaldan asılılığın azaldılması, tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etmək məqsədilə muxtar respublikada əlverişli torpaq sahələri ayrılmışdır. Bu il 2967 hektar sahədə kartof əkilmişdir ki, bu da 2008-ci illə müqayisədə 454 hektar, 2012-ci illə müqayisədə isə 136 hektar çoxdur.
Əhalinin qış aylarında faraş tərəvəz məhsulları ilə təmin olunması mühüm məsələlərdən biridir. Bu sahəyə göstərilən qayğı nəticəsində bu gün muxtar respublikada tərəvəz yetişdirilən istixana komplekslərinin ümumi sahəsi 100 min kvadratmetri ötmüşdür. Bu il ümumi sahəsi 2860 kvadratmetr olan 4 istixana kompleksi istifadəyə verilmiş, ümumi sahəsi 5000 kvadratmetr olan 2 istixana kompleksinin qurulması isə davam etdirilməkdədir.
Əhalinin müxtəlif kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində soyuducu anbarların yaradılmasının da böyük rolu vardır. Bu anbarlar bir tərəfdən istehsal olunan məhsulların satışı ilə əlaqədar ortaya çıxan problemləri aradan qaldırmağa kömək edir, digər tərəfdən əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təmin olunmasına imkan verir. Son illər əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının daha dolğun ödənilməsi məqsədilə muxtar respublikada ümumi tutumu 12 min 610 ton olan 21 soyuducu anbar qurularaq istifadəyə verilmişdir.
Meyvə-tərəvəz və digər ərzaq məhsullarının istehsalında artıma nail olunması üçün emal sənayesinin inkişafı ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir. Qeyd olunanlarla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarlarda rəqabətqabiliyyətli məhsul satmaq üçün istehsala və ixraca stimul yaradan digər tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Kənd təsərrüfatında əkinçiliklə yanaşı, heyvandarlıq da sürətlə inkişaf edir. Heyvandarlıqda islahatlar 1992-ci ildən başlamışdır. Bu sahədə islahatların aparılması çox zəruri idi, çünki 1990-cı ildən başlayaraq hər il orta hesabla mal-qaranın sayı 4 min baş, xırdabuynuzlu heyvanların sayı 10 min baş, ət istehsalı 1,5 min ton, süd istehsalı isə 6 min ton azalırdı. İslahatlar nəticəsində mal-qaranın sayında və heyvandarlıq məhsullarının istehsalında ciddi artım olmuşdur. Belə ki, 2008-ci il 1 yan­var tarixə 2001-ci ilin müvafiq dövrü ilə nisbətdə mal-qaranın sayı 20 min baş, xırdabuynuzlu heyvanların sayı isə 138 min baş artmışdır.
1 iyul 2015-ci il tarixə muxtar respublikada 116 min 161 baş iribuynuzlu, 723 min 290 baş xırdabuynuzlu heyvan olmuşdur. 2008-ci illə müqayisədə iribuynuzluların sayında 20 min 129 baş, xırdabuynuzlu heyvanların sayında isə 146 min 353 baş artım olmuşdur.
Mal-qaranın baş sayının artımı məhsul istehsalına da təsirini göstərmişdir. Belə ki, 2015-ci ilin yanvar-avqust ayları ərzində muxtar respublika üzrə diri çəkidə 12,6 min ton ət, 60,7 min ton süd istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,2 faiz, süd istehsalı 1,4 faiz artmışdır.
“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın əsas məqsədi muxtar respublika əhalisinin hər bir nəfərinin sağlam və məhsuldar həyat tərzi üçün onun qəbul edilmiş normalara uyğun ərzaq məhsulları ilə tam təmin edilməsinə nail olmaqdır. Aparılan məqsədyönlü tədbirlər nəticəsində 2014-cü ili uğurla başa vurduq. Lakin əldə olunan nailiyyətlər bizi arxayınlaşdırmır. 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi məsuliyyətimizi daha da artırmışdır. Ötən il dekabr ayının 27-də keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Ali Məclisin Sədri demişdir: “2015-ci ildə muxtar respublikada tarixən formalaşmış təsərrüfatçılıq ənənələri inkişaf etdirilməli, əhalinin ərzaq məhsulları ilə təminatı davamlı xarakter almalı, emal müəssisələri xammalla fasiləsiz təchiz edilməlidir. Muxtar respublikanın ərzaq təhlükəsizliyi və meyvə- tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul olunmuş dövlət pro­qramlarının icrası da kənd təsərrüfatına xüsusi diqqət yetirilməsini tələb edir”.

Ötən illərlə müqayisə bir daha göstərdi ki, muxtar respublikada əhalinin təhlükəsiz ərzaqla davamlı təmin olunması üçün mühüm tədbirlər görülmüş və görülməkdədir. Qarşıda duran vəzifə isə insanların öz işlərinə məsuliyyətlə yanaşması, torpağa daha ürəkdən bağlanmasıdır.

Tural HAQVERDİYEV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR