2015-ci ilin ilk səkkiz ayı ərzində muxtar respublikada fəaliyyət göstərən bank sektoru özünün müştəri seqmentini artırmaq məqsədilə, ilk növbədə, infrastruktur imkanlarını genişləndirib.
Belə ki, cari ilin yanvar-avqust ayları ərzində banklar tərəfindən müştərilərə təklif olunan ödəniş kartlarının sayında artım müşahidə olunub. Hazırda belə kartların sayı 216 min 37 ədəddir. Bu göstərici ilin əvvəli ilə müqayisədə 8 min 376 ədəd çoxdur. Bu isə muxtar respublika sakinlərindən hər iki nəfərdən birinin kartla təmin edilməsi deməkdir.
Digər artımın müşahidə olunduğu infrastruktur alətlərindən biri də POS-terminal aparatlarıdır ki, cari ilin əvvəli ilə müqayisədə banklar tərəfindən 105 ədəd əlavə POS-terminal aparatı quraşdırılıb. Quraşdırılmış POS-terminalların 489 ədədi Naxçıvan şəhəri, 525 ədədi isə rayon və kənd mərkəzlərinin payına düşməklə, ümumilikdə, muxtar respublika üzrə 1014 ədəd təşkil edib.
Bankomatların da sayında artım olub. İlin əvvəlindən 4 ədəd yeni bankomat aparatı quraşdırılıb. Banklar tərəfindən bu müddət ərzində iki yeni MİLLİ ÖN (ödəniş terminalı) quraşdırılıb ki, bu terminal vasitəsilə sakinlər “Cash to cart” əməliyyatını (başqa bir ödəniş kart hesabına nağd pulun göndərilməsi), mobil telefonlarda balansın artırılması, kommunal ödənişlərin aparılması, bank kreditlərinin ödənilməsi və sair bu kimi əməliyyatları həyata keçirə bilərlər.
Cari ildə bank infrastrukturunun təkmilləşdirilməsi banklara edilən müraciətlərin sayını da artırıb. Bank hesablarının sayında ilin əvvəli ilə müqayisədə 6 min 737 ədəd artım olub. 2015-ci ilin yanvar-avqust ayları ərzində açılmış bank hesablarının sayı 7 min 791 ədəd təşkil edib ki, bunların da 47 ədədi hüquqi, 7 min 744 ədədi isə fiziki şəxslər üçün açılıb. Açılmış bank hesablarından 7 min 737 ədədi aktiv hesab olub. Aktiv hesabların isə 47 ədədi hüquqi, 7 min 690 ədədi fiziki şəxslərə məxsusdur.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası
İdarəsinin mətbuat xidməti