Son illər iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən uğurlu islahatlar ölkəmizi regionda aparıcı dövlətə çevirmişdir. İqtisadi və siyasi sahədə baş verən bu inkişaf dünya ölkələrinin Azərbaycana olan marağını daha da artırmışdır. Təbii ki, bu uğurlu inkişaf həyatın bütün sahələrinə müsbət təsir göstərməklə yanaşı, qiymətli kağızlar bazarına da təsirsiz ötüşməmişdir. Müasir beynəlxalq bazarın tərkib hissəsi olan qiymətli kağızlar bazarına diqqət günbəgün artır. Bu baxımdan dünya iqtisadiyyatının alternativsiz alətlərindən birini də məhz qiymətli kağızlar, qiymətli kağızlar bazarı və bu bazarda aparılan əməliyyatlar təşkil edir.
Azərbaycan Respublikasında aparılan iqtisadi islahatlar əmtəə və xidmət bazarının təkmilləşdirilməsi ilə yanaşı, maliyyə bazarının da inkişafını zəruri edir. Adətən, maliyyə bazarı dedikdə qiymətli kağızlar bazarı nəzərdə tutulur. Dünyada baş verən iqtisadi böhran, ilk növbədə, qiymətli kağızlar bazarına təsir göstərir. Qiymətli kağızlar bazarı müasir iqtisadi bazarda bir sıra mühüm məsələləri həll edir. Belə ki, effektli sahələrə sərmayə axınını təmin edir, iqtisadiyyata çeviklik xüsusiyyəti verir ki, bu da, öz növbəsində, pul ehtiyatlarının tez bir zamanda bir sahədən digər sahəyə yönəltməklə iqtisadiyyatda struktur dəyişiklikləri apararaq iqtisadi inkişaf tempinin artırılmasına imkan verir. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin və Milli Depozit Mərkəzinin yaradılması ölkəmizdə qiymətli kağızlar bazarının inkişafına təkan vermişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 22 sentyabr tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi və Milli Depozit Mərkəzinin Naxçıvan Filialı yaradılmışdır.
Bu gün idarənin yaradılmasından 10 il ötür. İdarə tərəfindən bir sıra tədbirlər həyata keçirilmiş, maarifləndirmə işi aparılmış və nəticədə, vətəndaşlar “qiymətli kağızlar bazarı” haqqında kifayət qədər məlumatlara yiyələnmişlər. Bu dövrdə idarə tərəfindən 37 səhmdar cəmiyyətin səhm buraxılışı dövlət qeydiyyatına alınmışdır. Hazırda Naxçıvan Muxtar Respublikasının qiymətli kağızlar bazarında 41 açıq səhmdar cəmiyyət qeydiyyatdadır. Bu cəmiyyətlər öz fəaliyyətini günün tələbləri səviyyəsində quraraq istehsal, emal və xidmət sahələri üzrə fəaliyyət göstərirlər ki, bu da əhalinin iş yerləri ilə təmin olunması və maddi rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Muxtar respublikada quruculuq və abadlıq işlərinin sürətləndirilməsi, yaşayış binalarının müasir dizaynla tikilərək əhalinin istifadəsinə verilməsi davamlı xarakter almışdır. Gənc ailələrin mənzillə təmin olunması ipoteka kreditlərinin və ipoteka şəhadətnamələrinin istifadəsini və qeydiyyatını zəruri edir. Bu baxımdan idarə tərəfindən 2010-cu ildən başlayaraq bu günə qədər 190 ədəd ipoteka şəhadətnaməsinin qeydiyyatı və paralel olaraq 186 ədəd ipoteka şəhadətnaməsinin əlavə dövlət qeydiyyatı aparılmışdır.
Daxili istehsalı stimullaşdırmaq, istehlakçıların tələbatının yerli məhsullarla təmin olunması məqsədilə markalanmalı məhsulların istehsalçılarına daxili istehsal aksiz markalarının verilməsi də mühüm əhəmiyyət kəsb edir. İdarənin fəaliyyət göstərdiyi 10 il müddətində 9 milyon 500 min daxili istehsal tütün məmulatlarına tətbiq olunan, 3 milyon 650 min daxili istehsal pivə məmulatlarına tətbiq olunan və 8 milyon 300 min daxili istehsal alkoqollu içkilərə tətbiq olunan, ümumilikdə, 21 milyon 450 min aksiz markası istehsalçılara verilmişdir. Bundan başqa, muxtar respublika səhmdarlarını maraqlandıran məsələlər, onların hüquqlarının qorunması, qiymətli kağızlar bazarında yaranmış mübahisəli məsələlər idarənin aidiyyəti sektorları tərəfindən vaxtında araşdırılaraq qanunun tələbləri çərçivəsində öz həllini tapır.
Qiymətli kağızlar bazarının vacib atributlarından biri də peşəkar fəaliyyət növlərinin yaradılması və işinin təşkilidir. Belə ki, qiymətli kağızlar bazarında aparılan bütün əməliyyatlar, bağlanılan əqdlər, səhmlərin və səhmdarların reyestrinin aparılması peşəkar fəaliyyət növləri tərəfindən həyata keçirilir. Milli Depozit Mərkəzinin Naxçıvan Filialı tərəfindən muxtar respublikanın qiymətli kağızlar bazarında səhmdar cəmiyyətlərin qiymətli kağızlarının və səhmdarlarının reyestrinin aparılması təmin olunmuş, ötürücü sərəncamlar, depo hesabından çıxarışlar, reyestrdən çıxarışlar cəmiyyətlərə və səhmdarlara onların tələbləri əsasında təqdim olunmuşdur. Milli Depozit Mərkəzinin Naxçıvan Filialı tərəfindən bu günə qədər 35 min manat xidməthaqqı toplanılaraq dövlət büdcəsinə ödənilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi və Milli Depozit Mərkəzi Naxçıvan Filialının kollektivləri bundan sonra da öz işlərini günün tələbləri səviyyəsində quracaq, yaradılmış şəraitdən istifadə edərək daha səmərəli fəaliyyət göstərəcəklər.
“Şərq qapısı”