23 Dekabr 2024, Bazar ertəsi

Müasir dünyada texnoloji və mədəni inkişaf elə bir səviyyəyə çatmışdır ki, neft və qaz həm yanacaq-enerji kompleksində, həm də milyonlarla adda məhsul istehsal edən kimya sənayesində əsas xammal, zəruri istehsal və iqtisadi-maliyyə resursu olmuşdur. Tarixən neftin təsiri ilə iri şəhərlər, limanlar salınmış, kəmərlər çəkilmiş, cəmlənmiş iqtisadi potensial sosial gücə və siyasi dividendə çevrilmiş, mədəni mərkəzlər yaranmışdır. 

Azərbaycan torpağı da bu qiymətli sərvətlə zəngindir. Odlar yurdu kimi də tanınan Azərbaycanın nefti qədim dövrlərdən bu yerlərin şöhrətini dünyaya yaymışdır. Hələ yüz il öncəsindən dünyanın neft akademiyası kimi tanınan Bakı şəhəri sənayeləşən dünya iqtisadiyyatının əsas enerji mərkəzlərindən biri idi. Bununla yanaşı, uzun illər neft ölkəsi Azərbaycanın bu qiymətli sərvəti onun xalqının rifahına xidmət etməmiş, neftin bölgüsü onun əlində olmamışdır.
Ötən əsrin sonlarında Azərbaycanın dövlət müstəqilliyinın bərpa edilməsi ilə neft-qaz sərvətlərinin də xalqımıza məxsusluğu tam təmin olunmuş və onların milli mənafelər baxımından istifadəsi üçün əlverişli şərait yaranmışdı. Lakin o dövrdə cərəyan edən hadisələr, yaranmış mürəkkəb geosiyasi vəziyyət bir çox hallarda ölkəmizin xeyrinə olma­mışdı. Bu mərhələdə Azərbaycan Respublikasının sahib olduğu zəngin karbohidrogen ehtiyatlarından necə istifadə olunması məsələsi çox əhəmiyyətli idi. Dünyanın iri enerji şirkətləri ilə qarşılıqlı əməkdaşlığın qurulması problemləri müstəqil iqtisadi siyasət yeritmək baxımından əsl imtahan mərhələsi idi. Heç də hamar görünməyən yolda bu elə bir mərhələ idi ki, təkcə təbii sərvətlərə sahib olmağın kifayət etmədiyi, bundan daha çox ağıl və zəkaya, cəsarət və iradəyə sahib olan liderin qətiyyətinə ehtiyac olduğu aydın görünürdü. Çünki həmin dövrdə Azərbaycanda ictimai-siyasi sabitlik pozulmuşdu. Qərbin iri neft şirkətlərini ölkədə qısa zaman ərzində ictimai-siyasi sabitliyin təmin olunacağına inandırmaq çox çətin məsələ idi. Bunu yalnız dünya şöhrətli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyev edə bilərdi.

1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın müstəqil dövlət kimi öz sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmində olduğunu təsdiqləyən tarixi sənəddir. 400 səhifə həcmində və 4 dildə tərtib olunmuş böyük neft sazişində dünyanın 8 ölkəsinin 13 ən məşhur neft şirkəti iştirak etmişdir. “Əsrin müqaviləsi” 1994-cü ilin deka­brında Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya olunaraq qüvvəyə minmişdir. Bununla da, yeni neft strategiyası və dok­trinasının uğurla həyata keçirilməsinə start verilmişdir. Dərin bir inam və uzaqgörənliklə hər bir kiçik detalına qədər təfərrüatı ilə işlənib hazırlanan bu böyük layihə özünü tamamilə doğrultmuş, təkcə iqtisadi nəticələrinə görə deyil, həm siyasi, həm də sosial rifah mülahizələri baxımından əsl təməl rolunu oynamışdır. Məhz “Əsrin müqaviləsi”nin uğuru ilə qısa bir müddətdə hasil olunan nefti Qərbin enerji bazarlarına çatdıran Bakı-Tbilisi-Ceyhan kəməri inşa olunmuşdur. Zaman keçdikcə ard-arda belə uğurlu layihələrin sayı da artmışdır. Azərbaycanın artıq böyük pay sahibi olduğu TAP, TANAP kimi layihələr bir vaxtlar atılmış müdrik addımın məntiqi davamına çevrilmişdir.
Ümummilli liderimiz Heydər Əliyev “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətinə toxunaraq demişdir: “Əsrin müqaviləsi” məhz Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasından irəli gəlmiş tarixi hadisədir. Biz sübut etdik ki, Azərbaycan etibarlı tərəfdaşdır. Biz sübut etdik ki, Azərbaycana xarici sərmayənin gəlməsi və istifadə olunması üçün burada bütün imkanlar yaradılıbdır. Biz sübut etdik ki, Azərbaycana gələn hər bir iş adamı, şirkət, vətəndaş burada azad, sərbəst, rahat işləyə və yaşaya bilər. Biz bu müqaviləni imzaladıq və sübut etdik ki, Azərbaycan xalqının milli mənafeləri üçün çalışırıq və ona görə də bu cür nailiyyətləri əldə etməyə qadirik”.
“Əsrin müqaviləsi” düzgün siyasətin, gərgin əməyin bəhrəsi idi. Uzun sürən danışıqların müvəffəqiyyətlə yekunlaşmasında o zaman Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin misilsiz xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Həmin dövrdə bəzi transmilli neft şirkətləri Azərbaycanın düşdüyü çətin durumdan istifadə edərək neft kon­traktlarını öz mənafelərinə uyğun qaydada imzalamağa çalışır, ölkə üçün qəbul­edilməz şərtlər irəli sürür, neft istehsalına Xəzərin statusu müəyyənləşdikdən sonra başlanılması şərtini qoyurdular. Lakin bu, Azərbaycanın siyasi və iqtisadi maraqlarına uyğun deyildi. Həmin vaxt Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi cənab İlham Əliyev iri neft korporasiyalarının rəhbərləri ilə çoxsaylı görüşlər keçirmiş, xalqımızın milli maraqlarına uyğun müqavilənin imzalanması üçün gərgin əmək sərf etmişdir.
Ötən illər ərzində Azərbaycanın sahib olduğu enerji resurslarının yeni texnologiya ilə hasil olunaraq dünya bazarına çıxarılması ilə qısa müddət ərzində ölkə iqtisadiyyatının sürətli inkişafı təmin olunmuşdur. “Əsrin müqaviləsi”nin imzalanması müstəqil Azərbaycanın həyatında çox əlamətdar və son dərəcə həll­edici hadisədir”, – deyən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu konsepsiya uğurla davam etdirilir. Son 10 ildə Azərbaycan özünün iqtisadi artım sürəti ilə bütün dünya ölkələrini geridə qoymuşdur.
Möhkəm maliyyə-iqtisadi baza qeyri-neft sektorunun dinamik inkişafına da təkan vermişdir. Regionların tarazlı inkişafı, insan kapitalının formalaşdırılması, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına inteqrasiya son nəticədə, ölkəmizin iqtisadi yüksəlişində və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamışdır. Bu gün Azərbaycanın enerji siyasəti regional müstəvidən çıxaraq qlobal müstəviyə yüksəlmişdir. Azərbaycan neft-qaz ixrac edən ölkə kimi dünya birliyi üçün etibarlı tərəfdaşa, enerji təhlükəsizliyi məsələlərində isə fəal subyektə çevrilmişdir. Bütün bunların nəticəsidir ki, son illər dünya ölkələrini bürümüş iqtisadi böhran Azərbaycana təsir göstərə bilməmişdir.
Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən ardıcıl islahatlar bu qədim diyarın sosial-iqtisadi mənzərəsini kökündən dəyişmiş, iqtisadi və sosial sahələrdə baş verən dəyişiklikləri xarakterizə edən makroiqtisadi göstəricilər ilbəil yüksəlmişdir. Son illər muxtar respublikada müasir infrastruktur qurulmuş, yeni müəssisələr yaradılmış, iş yerləri açılmış, iqtisadi potensial gücləndirilmiş, quruculuq işləri geniş vüsət almışdır. Muxtar respublikada ərzaq və enerji təhlükəsizliyi tam təmin olunmuşdur. Bir zamanlar qonşu ölkələrdən enerji alan muxtar respublika artıq elektrik enerjisinin ixracatçısına çevrilmişdir. Yeni elektrik stansiyalarının istifadəyə verilməsi, təbii qazla təminat insanların rahatlığına xidmət etməklə yanaşı, həm də iqtisadiyyatın kompleks inkişafına səbəb olmuşdur. Təbii ki, əldə olunan bu sosial-iqtisadi yüksəliş düzgün idarəetmənin nəticəsi olmaqla yanaşı, həm də “Əsrin müqaviləsi”ndən başlanan inkişaf yolunun bəhrələridir.
“Əsrin müqaviləsi” vətənə sevgi və zəngin siyasi təcrübədən qaynaqlanan bir dühanın Azərbaycan xalqına töhfəsidir. Bu müqavilənin imzalanmasından ötən dövr bir daha təsdiq etdi ki, ölkədə həyata keçirilən siyasi xətt davamlı inkişaf və tərəqqi prosesini sürətləndirməklə Azərbaycanın iqtisadi cəhətdən daha güclü dövlətə çevrilməsini bundan sonra da təmin edəcəkdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR