23 Dekabr 2024, Bazar ertəsi

Avtomatik identifikasiya sistemlərinin yaranması informasiyanın toplanması və işlənilməsinin effektivliyini və sürətini kifayət qədər artırdı. Avtomatik identifikasiya sistemləri içərisində ən geniş yayılanı ştrixkodlaşdırmadır. Demək olar ki, bu gün ştrixkodlaşdırma bütün dünyada malların markalanmasının ayrılmaz hissəsinə çevrilmiş və minlərlə müəssisə uçot məqsədləri üçün ştrixkodlardan istifadə edir. Əgər ştrixkodların ilkin tətbiqi pərakəndə ticarət məntəqələri idisə, ancaq indi onların tətbiq sahəsi daha genişdir.
Bu gün ştrixkodlaşdırma texnologiyaları insan fəaliyyətinin bir çox sahələrinə tətbiq olunur. Ştrixkodlu etiketlər praktik olaraq istənilən səthə asanlıqla yapışdırılır, həmçinin birbaşa olaraq identifikasiya ehtiyacı olan zərflərə, qutulara, butulkalara, kitablara, mebellərə və bir çox başqa predmetlərə vurula bilər.

Ştrixkod istifadəçiləri sırasına daxil olan istənilən şirkət öz fəaliyyətinin effektliyini əhəmiyyətli dərəcədə artırır. Çox müəssisələr avtomatik identifikasiya sistemlərinin tətbiqində iqtisadi səmərəni real hiss edirlər. Belə ki, onlar öz partnyorları ilə iş zamanı eyni üsullardan faydalanırlar.
Müasir ştrixkodlaşdırma sistemi ilk dəfə ABŞ və Kanadada yaradılıb. 1972-ci ildə hər iki ölkənin 100 istehsal firması və 84 ticarət şirkəti unikal əmtəə nömrələrinin verilməsi və onların ştrixli kodlar şəklində malların üzərinə vurulması üçün birgə şura yaratdılar. 1974-cü ildə isə birgə şuranın əsasında Ümumamerika Vahid Kod Şurası yaradıldı.
Naxçıvan Muxtar Respublikasında da artıq müasir ştrixkodlaşdırma sistemi tətbiq edilməkdədir. Muxtar respublikada fəaliyyət göstərən şirkətlərin istehsal etdikləri məhsullara ştrixkod almağı asanlaşdırmaq məqsədilə 2013-cü ilin yanvar ayında “Qlobal Standart 1” MMC ilə “Naxçıvan Biznes Mərkəzi” MMC arasında müqavilə imzalanmışdır.
Naxçıvan Biznes Mərkəzi ilə “Qlobal Standart 1” MMC arasında bağlanan müqavilə əsasında 2015-ci ilin ötən dövrü ərzində 7 yerli istehsalçı şirkət beynəlxalq GS 1 sisteminə daxil edilmiş, 180 yeni ştrixkod verilmişdir. Ümumilikdə, ştrixkodla bağlı GS1 sisteminə daxil edilmiş yeni şirkətlərin sayı 47-yə, ştrixkod verilən məhsulların sayı 3360-a çatdırılmışdır.
Naxçıvan Biznes Mərkəzi tərəfindən bu istiqamətdə sahibkarlarla görüşlər keçirilir və beynəlxalq GS 1 sistemi haqqında məlumatlar verilir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar uzaq məsafə getmədən Naxçıvan Biznes Mərkəzinə müraciət edərək istehsal etdikləri məhsullara görə ştrixkod ala bilərlər.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR