Gözəl geyinməyi hər kəs sevir. Əgər söhbət uşaqlara geyim seçməkdən gedirsə, burada müxtəlif tələblər ortaya çıxır. Şübhəsiz, uşaqların gözəl libasda görünməsi təkcə onların valideynlərinin deyil, elə hamımızın arzusudur. Xüsusən müasir təhsil ocaqlarımızda oxuyan gözoxşayan formalarda məktəbli və tələbələrimizi görmək insanı daha da fərəhləndirir.
Geyim mədəniyyəti haqqında çox danışılır. İnsanı lap uşaq yaşından təmiz və səliqəli geyimə alışdırmaq, onu cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, həm özünə, həm də ətrafdakılara hörmət ruhunda tərbiyə etmək çox vacibdir. Başqa sözlə, insanlar bəzən öz geyimi ilə sosial statusunu nümayiş etdirməyə çalışsalar da, amma, əslində, bu onların cəmiyyətdə həm özlərinə, həm də başqalarına olan hörmətinin sadə dillə bir ifadəsidir.
Ona görə də cəmiyyətdə, xüsusən də nizam-intizam tələb olunan yerlərdə, o cümlədən təhsil və təlim-tərbiyə müəssisələrində, uşaq və gənclərin formalaşdığı hər bir məkanda geyimlə bağlı münasibətlər tənzimləndikdə bu, əksər hallarda sonrakı sosial probemlərin də həllinə imkan yaradır. Bu baxımdan tələbə və şagirdlərimiz üçün vahid geyim formalarının tətbiq olunması ölkəmizdə bu sahədəki ilk təcrübə kimi muxtar respublikamızın uğurlarındandır.
Bu istiqamətdə atılan ilk addımlardan biri digər rəsmi geyim formaları ilə bərabər, məktəbli geyim formalarının da tikilişi üzrə muxtar respublikamızda istehsal müəssisələrinin qurulmasıdır. Yeni texnologiyanın tətbiq olunduğu belə müəssisələrin sayının artırılması və onların iş həcminin genişləndirilməsi ilə artıq mühüm irəliləyişlər əldə olunmuşdur. İdxaldan asılılığı tamamilə aradan qaldırmağa imkan verən belə müəssisələrimizdə indi keyfiyyətli parçalardan gözəl paltarlar tikməyi bacaran usta dərzilərimiz vardır.
Belə müəssisələrdən biri olan “Zümrüd” Kiçik Müəssisəsi istehsal etdiyi məhsullarla muxtar respublikamızda bu vacib sahənin inkişafına öz töhfəsini verməyə çalışır. Müəssisəyə baş çəkdiyimizdə gördüyümüz işgüzarlıq da bunu deməyə əsas verir. Sahibkar Etibar Hacıyevlə söhbətimizdə bildirdi ki, müəssisə 1997-ci ildə yaradılıb. Sahibkarlığa göstərilən dövlət qayğısı ilə bu müəssisə 2011-ci ildə yeni binaya köçürülüb. Hazırda istehsal gücü gün ərzində 150 dəst kostyum olan “Zümrüd” Kiçik Müəssisəsində Türkiyə, Yaponiya və Almaniya mənşəli son model rəqəmsal avadanlıqlar qurulmuşdur. Türkiyədən gətirilən yüksəkkeyfiyyətli parçalardan həm məktəblilər, həm də müxtəlif təşkilatların əməkdaşları üçün uniformalar tikilir. Yeni dərs ili ərəfəsində məktəbli formalarına yüksək tələbat olub. Buna görə də satış işini asanlaşdırmaq, vaxt itkisini azaltmaq üçün bazarlarla yanaşı, formaların Naxçıvan şəhərində və bütün rayonlarımızdakı məktəbli yarmarkalarında da satışı təşkil edilib. Malların satış qiyməti isə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin təyin etdiyi qiymətlər əsasında tənzimlənib.
Hazırda müəssisədə, əsasən, qadınlardan ibarət olmaqla, 30 nəfər daimi işlə təmin olunmuşdur. Etibar Hacıyevin dediyinə görə, müəssisədə çalışan usta və işçilərdən Roza Mustafayeva, Nəcibə Əliyeva, Nazilə Bayramova və digərləri alıcıları razı salmaq üçün məktəblilərin zövqünü oxşayan geyimlər tikməyə ciddi diqqət göstərirlər. Qoy gözəl geyimlərlə təmin olunan məktəblilərimiz daha yaxşı oxusunlar.
Əli Cabbarov