23 Dekabr 2024, Bazar ertəsi

Şəhər mədəniyyəti, şübhəsiz, cəmiyyətin ən böyük nailiyyətlərindəndir. Tarixən əvvəlcə oturaq həyata keçən, sonra bununla bağlı öz mədəni tələbatlarını ödəməyə çalışan insanlar minillər keçdikdən sonra həm maddi, həm də mədəni sərvətlərin bir arada yarandığı şəhər mədəniyyəti formalaşdırmışlar.

Qədim Naxçıvan özünün 5 min ­illik şəhər mədəniyyəti ilə Şərqlə Qərbin qovşağında bəşər sivilizasiyasına bir çox ilklərlə yaddaqalan töhfələr vermişdir. Naxçıvanlılar çətinliklərə baxmayaraq, elə bir mədəniyyət nümunəsi yaratmışlar ki, bu gün qarşılıqsız qonaqpərvərlik, səmimi tolerantlıq, səbir, asayişə hörmət, kiçik bir çatışmazlığa göstərilən yüksək həssaslıq baxımından bütün dünyanın diqqət mərkəzindədirlər. Naxçıvan şəhərində və muxtar respublikanın digər yaşayış məntəqələrində insan amilinə verilən diqqət, hər kiçik tələbatın ödənilməsi üçün həyata keçirilən tədbirlər müasir inkişaf dövründə naxçıvanlıların haqqı olduğu firavan həyatdan zövq alması üçündür.

Şəhər bizim ümumi evimiz, hər gün on minlərlə insanın kollektiv tələbatlardan birgə istifadə edə bildiyi unikal yaşayış məntəqəsidir. Çoxmərtəbəli binalar, müasir məktəblər, geniş universitet auditoriyaları, hər cür tibbi xidmətlərin göstərildiyi səhiyyə müəssisələri, hamının birgə oyun izlədiyi stadion və sair belə mühüm sosial obyektlər anonim şəhər həyatına dəyər qazan­dıran, bir-birini tanımayan insanların, əslində, bir-biri üçün nə qədər qiymətli olduğunu göstərən müasir ictimai məkanlardır. Belə şəraitin yaradılması isə öz-özlüyündə baş verməyib. Bu, şəhərin inkişafı üçün uzaq perspektivləri özündə ehtiva edən uzaqgörən planlaşdırmanın nəticəsidir. İctimai nəqliyyat da şəhər əhalisinin və şəhərə gəlmiş qonaqların elə tələbatlarındandır ki, onun təşkili və tənzimlənməsi yalnız sosial qayğı prinsipləri baxımından mümkündür ki, bunu da yalnız dövlət edə bilər.
İctimai nəqliyyat adından da göründüyü kimi, sosial statusundan asılı olmayaraq, hər kəsin hər yerdə istifadə edə bildiyi bir hərəkətetmə vasitəsidir. Həyatın müasirləşməsi ilə bu nəqliyyat vasitələri də tətbiq olunduğu şəhərin əhali sayı və mədəni tələbat səviyyəsinə uyğun olaraq dəyişir. Burada yol qovşaqları, yaşayış, istehsal, təhsil və ticarət kimi şəhər həyatının mühüm elementləri də öz sözünü deyir. Ancaq istənilən halda ictimai nəqliyyat marşrutları kommersiya prinsiplərindən, yəni qazanc məqsədindən uzaq olub, böyüyən şəhərin əhalisinin tələbatlarının ödənilməsinə yönəldilir.
İnkişaf edən cəmiyyətlərdə ictimai nəqliyyata göstərilən diqqət onun bir çox üstünlüyü ilə əlaqədardır. Təkcə 20-25 minik avtomobilinin əvəzinə rahat bir avtobusun atmosferə buraxdığı zəhərli qazlara görə müqayisə apardıqda şəhərin ən ciddi problemlərindən biri olan ekoloji təmizlik prinsipləri baxımından bu, hər şeyi deyir. Düzdür, hələ Naxçıvan şəhərində çox az rast gəlinsə də, gələcəkdə yol tıxaclarının yaranmaması baxımından rahatlığı və sürətinə görə fərdi nəqliyyat vasitələrindən geri qalmayan avtobus və mikroavtobuslar şəbəkəsinin genişləndirilməsi məsələnin ən yaxşı həlli yoludur. Dünya təcrübəsi belə deməyə əsas verir. Şəhərlər böyüyüb yüz minlik, milyonluq, on milyonluq şəhərlərə çevrildikcə şəhər həyatının ən böyük problemlərindən biri olan yol tıxaclarının qarşısının alınması da son nəticədə, yenə ən sadə şəhər mədəniyyə­tində – kollektiv rifahlardan istifadədə görünür.
Muxtar respublikamızda sərnişin nəqliyyatı xidmətlərinin inkişaf etdirilməsi daim diqqət mərkəzindədir. Hələ 20 il əvvəlki dövrə baxsaq, blokadanın Naxçıvanda yaratdığı ən böyük çətinliklərdən biri məhz sərnişindaşımada hiss olunurdu. O dövr artıq arxada qalmış və indi naxçıvanlılar bütün muxtar respublikanı əhatə edən təhlükəsiz yol infrastrukturuna malik olmaqla, müasir və rahat nəqliyyat vasitələri ilə yola çıxırlar. Düzdür, bəzi kəndlər üzrə işləyən marşrutlar inkişafın tələbi ilə ayaqlaşmaqda geri qalıb, dədə-baba qaydalarından hələ də qurtula bilməsələr də, bu, ümumən, muxtar respublikada sərnişin nəqliyyatının inkişafına xələl gətirəcək səviyyədə deyildir. Naxçıvanda avtobus nəqliyyatı ilə yanaşı, müasir peşəkar tələblərə cavab verən taksi xidmətləri, dəmir yolu və hava nəqliyyatı da sərnişinlərə xidmət göstərir. Hazırda Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən 140-a yaxın marşrutda əhaliyə ictimai nəqliyyat xidməti göstərilir. Təkcə Naxçıvan şəhərində isə hər gün 10 mindən artıq insan nəqliyyat xidmətindən istifadə edir. Bu sahənin artan tələbatları nəzərə alınaraq muxtar respublikada sərnişinlərin rahatlığı üçün qabaqcıl təcrübənin, yeniliklərin tətbiq edilməsi istiqamətində işlər davam etdirilir. Bu yaxınlarda Naxçıvan şəhərində əhaliyə xidmət üçün 7 ədəd yeni avtobus alınaraq Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə verilmiş, bununla da, Naxçıvan şəhərində 8 marşrut üzrə xətlərdə əhaliyə nümunəvi xidmət göstərən avtobusların sayı 58-ə çatmışdır.
Naxçıvanda sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən bu tədbirlər, ümumən, muxtar respublikanın sosial-iqtisadi inkişafı ahəngində baş verir. Bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobusların təqdim olunması münasibətilə keçirilən tədbirdə dediyi kimi: “Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir. Xüsusilə də insan amili ilə bağlı olan məsələlər daim diqqət mərkəzində saxlanılır. Son illər sərnişindaşımalar üzrə xidmətin səviyyəsinin yaxşılaşdırılması da bu tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır”. Yaxın keçmişə dönüb baxdıqda, o dövrdə Naxçıvanda yalnız öz maraqları üçün dağınıq, qayda-qanunsuz işləyən komfortdan uzaq ictimai nəqliyyat vasitələrinin yerinə indi tamamilə təhlükəsiz, rahat və peşəkar sürücülərin idarə etdiyi bir sərnişindaşıma şəbəkəsi görürük. Bütün bunlar isə şübhəsiz, əhalinin rifahı üçün işə göstərilən yaradıcı münasibətin nəticəsidir.

Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR