23 Dekabr 2024, Bazar ertəsi

Qədimliklə müasirliyin vəhdət təşkil etdiyi müxtəlif təyinatlı binaların tikintisi və ya bərpa olunaraq yenidən qurulması Naxçıvan şəhərini gözəlləşdirməklə yanaşı, həm də ölkəmizin sosial-iqtisadi inkişafını təcəssüm etdirir. Hazırda Naxçıvan şəhərinin “Əlincə” məhəlləsində hamam kompleksi və yeni avtodayanacaq tikilir.
12000 kavadratmetr ərazidə inşa olunmuş avtodayanacaq üçün tikili zirzəmi ilə birlikdə iki mərtəbədən ibarətdir. Zirzəmi hissədə 304 yerlik avtomobil dayanacağı, yuxarı hissədə isə 8540 kvadratmetr sahədə avtomobil satışı üçün bazar və avtomobillərin ehtiyat hissələrinin satışını həyata keçirəcək 54 mağaza fəaliyyət göstərəcək. Bundan əlavə, burada avtomobillərin yuyulması, elektrik, çilingər xidmətləri təşkil olunacaq, yeməkxana istifadəyə veriləcək. Hazırda obyektdə elektrik xətlərinin çəkilişi aparılır, müxtəlif bölmələrin qapı və pəncərələri salınır, zirzəmi hissədə isə tavan örtüyünün vurulmasına başlanılıb. Yaxın günlərdə avtomobil satışının təşkil olunacağı əraziyə asfalt salınacaq.
Ərazidə inşa olunmuş və Şərq memarlığının nümunələrini özündə əks etdirən hamam kompleksində isə işlər tamamilə yekunlaşıb. 1100 kvadratmetr ərazini əhatə edən kompleksdə qadın və kişilər üçün nəzərdə tutulmuş hər biri 305 kvadratmetr olmaqla, iki hamam zalı, ayrılıqda hər biri üçün 4 ədəd hamam otağı və soyunub-geyinmə otaqları fəaliyyət göstərəcək. Zirzəmi hissədə isə bufet, anbar, qazanxana, hamam aksesuarlarının satılacağı mağaza olacaq.
Tikinti işləri Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən aparılır.

Naxçıvan Muxtar Respublikasında peşə və orta ixtisas təhsilinə göstərilən dövlət qayğısının nəticəsidir ki, digər təhsil ocaqlarının tikintisi və ya yenidən qurulması ilə yanaşı, bu cür təhsil müəssisələrinin yenidən qurulması da diqqət mərkəzində saxlanılır. Hazırda Naxçıvan Dövlət Texniki Kolleci üçün nəzərdə tutulmuş binada təmir və yenidənqurma işləri davam etdirilir. A və B korpuslarından ibarət olan bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Burada işlərə 2015-ci ilin aprel ayından başlanılıb. Ötən müddətdə binanın giriş hissəsi dairəvi formada yenidən qurulub, yeni qazanxana sistemi quraşdırılıb, elektrik xətləri yenilənib. Hazırda sinif otaqlarının qapıları dəyişdirilir, eyni zamanda boya işləri aparılır. Bina istifadəyə tam hazır olduqdan sonra zirzəmi hissədə qazanxana, mətbəx, kimya, biologiya və fizika laboratoriyaları, fənn kabinələri, birinci mərtəbədə elektron lövhəli sinif, kompüter sinfi, fənn kabinələri, ikinci mərtəbədə kompüter sinfi və elektron lövhəli siniflərlə yanaşı, müəllimlər otağı və digər sinif otaqları, üçüncü mərtəbədə isə 234 nəfərlik tədbirlər zalı və müxtəlif sinif otaqları istifadəyə veriləcək.
Ordubad şəhərindəki Texniki-Peşə və Sürücülük Məktəbi üçün binada da yenidənqurma işlərinə cari ilin aprel ayından başlanılıb. Bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Hazırda suvaq və boya işləri aparılır, binanın qarşısında isə sürücülük kursunda oxuyanlar üçün praktik məşğələ meydançası hazırlanır, ətrafda abadlıq işləri görülür. Məktəb binasında 54 sinif otağı, idman zalı, 99 yerlik yataqxana müdavimlərin istifadəsinə veriləcək. Burada xalçaçılıq, dərzi, çilingər, traktor-maşinist, bərbər və sair peşələr üzrə kadrlar hazırlanacaq. Eyni zamanda müasir tələblər səviyyəsində qurulan binada müxtəlif fənn kabinələri, şahmat otağı, kompüter sinifləri də istifadəyə veriləcək.
Hər iki təhsil müəssisəsinin yenidən qurulmasını “Gəmiqaya İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR