“Naxçıvanqaz” İstehsalat Birliyi muxtar respublikanın bütün yaşayış məntəqələrinin və istehsalat sahələrinin payız-qış mövsümündə fasiləsiz mavi yanacaqla təmin olunması istiqamətində ardıcıl tədbirlər görür. Bu məqsədlə avqust ayında da qarşıda duran vəzifələr uğurla yerinə yetirilmişdir. Ötən ay 223 yeni obyekt qazlaşdırılmışdır ki, onlardan 218-i əhali abonentləridir. Yeni qaz xətlərinin çəkilişi, korroziyaya uğramış boruların dəyişdirilməsi, habelə tikinti, yenidənqurma və abadlaşdırma tədbirləri ilə əlaqədar yerdəyişmə işlərinin aparılması zamanı, ümumilikdə, 19 min 962 paqonometr müxtəlifölçülü borulardan istifadə edilmişdir.
Qaz nəqlinin normalara uyğun, təhlükəsiz və fasiləsiz yerinə yetirilməsi üçün bütün avtomat qaz paylayıcı stansiyalarda təzyiq tənzimləyicilərinə, ölçü qovşaqlarına, magistral, daşıyıcı, paylayıcı qaz kəmərlərinə, yaşayış məntəqələrində istismar edilən qurğu və məntəqələrə, daxili qaz kəmərlərinə mütəmadi baxış keçirilmiş, müvafiq təmir-bərpa işləri görülmüşdür. Ötən ay qaz xətlərində 2194 sızma aşkarlanaraq aradan qaldırılmışdır. Nəticədə, qazın təsdiq edilmiş texnoloji rejimdə nəqli təmin olunmuşdur.
Yaşayış məntəqələrində istismarda olan yararsız qaz sayğaclarının yeniləri ilə əvəz edilməsi və elektron sayğacların quraşdırılması işləri avqust ayında da davam etdirilmiş, Naxçıvan şəhərində 2632 mənzildə smartkarttipli qaz sayğacı quraşdırılmış, abonentlərə yeni qaz sayğaclarından istifadə qaydaları izah olunmuşdur. Bu məqsədlə birliyin yoxlama-nəzarət komissiyası reyd və maarifləndirici tədbirləri gücləndirmişdir.
Kadr potensialının artırılması, qaz istismarı sahəsində çalışanların ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzindədir. Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər peşəsi üzrə kurslar ötən ay da davam etdirilmiş, şəhər, rayon qaz istismarı idarələrinin bir qrup işçisi kurslara cəlb olunmuşdur.
“Naxçıvanqaz” İstehsalat Birliyinin
mətbuat xidməti