Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı təmin olunmuş, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması və genişləndirilməsi məqsədilə dövlət maliyyə dəstəyi göstərilmiş, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılmış, yeni istehsal və xidmət sahələri yaradılmışdır. Aparılan uğurlu islahatlar nəticəsində sənaye məhsulunun həcmi ilbəil artmış, muxtar respublikada istehsal olunan sənaye məhsulunun 92,6 faizi özəl sektorun payına düşmüşdür.
Əlverişli sahibkarlıq mühitindən bəhrələnərək dövlət maliyyə dəstəyi ilə istehsal sahəsini genişləndirən müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Zümrüd” Kiçik Müəssisəsidir.
“1997-ci ildə 6 nəfərlə fərdi sifarişlərə uyğun kişi və qadın geyimləri tikməklə fəaliyyətə başladıq”, – deyən müəssisənin direktoru Etibar Hacıyev bildirdi ki, ötən müddət ərzində dövlət dəstəyi ilə müasir istehsal sahəsi yaradılmışdır. Müəssisədə istehsal olunan məktəbli formaları alıcılar tərəfindən rəğbətlə qarşılanmışdır. Verilən sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün yeni avadanlıqlar quraşdırılmış, müəssisəyə əlavə işçi qüvvəsi cəlb olunmuşdur. Uyğunlaşdırılmış binada fəaliyyət göstərən müəssisədə yeni istehsal sahələrinin yaradılması və əlavə işçi qüvvəsinin cəlb edilməsi imkanı məhdud olduğundan yeni binanın tikilməsi zərurəti yaranmışdır. Digər sahibkarlar kimi, bu müəssisə də özəl bölməyə, sahibkarlıq fəaliyyətinə yaradılan şəraitdən, göstərilən dövlət qayğısından bəhrələnmiş, 2010-cu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondundan 560 min manat güzəştli kredit verilmişdir. Layihəyə uyğun olaraq, Naxçıvan şəhərində zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət yeni bina inşa olunmuşdur. Binanın birinci mərtəbəsində geyim, kompyuterlə ölçü və biçim otaqları, satış mağazası və iş otaqları yerləşir. İkinci mərtəbədə isə geniş istehsal sahəsi və ütü otağı fəaliyyət göstərir.
Müəssisədə yeni istehsal sahəsinin yaradılmasına və müasir texnoloji avadanlıqların alınmasına 810 min manat vəsait sərf olunmuşdur ki, bunun da 250 min manatı daxili imkanlar hesabına ödənilmişdir.
Ümumi ərazisi 590 kvadratmetr olan müəssisədə yüksək keyfiyyətli məhsul istehsalı üçün Almaniya, Yaponiya və Türkiyə istehsalı olan 70 adda ən müasir biçim, ölçü, ütü və tikiş avadanlıqları quraşdırılmış, istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət təmin edilmişdir.
Yeni istehsal sahəsinin yaradılması daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsalı ilə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynamış, 30 yeni iş yeri açılmışdır. Müasir texnikadan istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanması da diqqət mərkəzində saxlanılmış,Türkiyə Respublikasından təcrübəli mütəxəssislər cəlb olunmuş, eyni zamanda işçilərin 1 ay müddətində Türkiyə Respublikasında ixtisasartırma kursunda iştirakı təmin edilmişdir. Hazırda istehsal prosesi yerli mütəxəssislər tərəfindən həyata keçirilir.
İstehsal prosesi avtomatlaşdırılmış müəssisədə məktəbli forması, ali məktəblərin tələbə və müəllimləri, hüquq-mühafizə orqanları əməkdaşları üçün xüsusi formalar və müxtəlif geyim dəstləri tikilir. İstehsal olunan məhsulun keyfiyyət göstəricilərinə xüsusi diqqət yetirilir, xammalın qəbulundan tutmuş satışa çıxarılmasınadək texnoloji proseslərə ciddi əməl olunur. Xammal anbardan biçim sexinə aparılıb sifarişə uyğun olaraq kəsilir, ümumi istehsal sahəsində isə tikilib ütülənir. Gələcəkdə müəssisənin istehsal etdiyi məhsulların ayrı-ayrı rayonlarda satışını təmin etmək məqsədilə mağazaların yaradılması da nəzərdə tutulmuşdur.
“Zümrüd” Kiçik Müəssisəsinin kostyum istehsalı sahəsi fəaliyyətə başlayanadək bu məhsullara olan tələbatın çox hissəsi idxal hesabına ödənilirdisə, gündəlik istehsal gücü 100 dəst kostyum olan müəssisənin fəaliyyətə başlaması ilə bu məhsullara olan tələbatın daxili imkanlar hesabına ödənilməsi təmin edilmişdir. Hazırda müəssisədə sifarişə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşları üçün xüsusi geyim formaları tikilir, eləcə də ayrı-ayrı vətəndaşların sifarişləri qəbul olunur.
Kollektiv yüksək keyfiyyətli məhsul istehsalı üçün mövcud imkanlardan maksimum səmərəli istifadə etməyə səy göstərir. Sifariş verilən xüsusi geyim formalarının kompleks şəkildə müəssisədə istehsal edilməsi məqsədilə yeni köynək istehsalı sahəsinin yaradılmasına başlanmışdır. Bu məqsədlə biznes-plan hazırlanıb Sahibkarlığa Kömək Fonduna təqdim olunmuşdur. Layihənin reallaşması üçün Sahibkarlığa Kömək Fondundan 165 min manat güzəştli kredit ayrılmışdır. Hazırda Naxçıvan şəhərində ayrılmış yeni binanın istehsal sahəsinə uyğunlaşdırılması üçün təmir-bərpa və yenidənqurma işlərinin aparılmasına hazırlıq görülür. Köynək istehsalı sahəsinin cari ilin sonunadək fəaliyyətə başlaması nəzərdə tutulmuşdur.
Kərəm HƏSƏNOV