Muxtar respublikanın digər bölgələri kimi, dağlıq və dağətəyi zonada yerləşən Culfa rayonunda da yeni quruculuq ünvanlarının sayı artır.
Hazırda Saltaq kəndində kompleks quruculuq işləri aparılır. Belə ki, cari ilin mart ayından burada zirzəmi ilə birlikdə dördmərtəbəli məktəb binasının tikintisinə başlanılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi tərəfindən tikintisi aparılan məktəb binası 215 şagird yerlikdir. Hazırda dördüncü mərtəbədə hörgü işləri, digər mərtəbələrdə isə müxtəlif tikinti tədbirləri yerinə yetirilir. İş icraçısı Ağayar Məhərrəmovun bildirdiyinə görə, müasirtipli layihə əsasında inşa olunan məktəb binasında işlər tamamlandıqdan sonra geniş və işıqlı sinif, kompüter, şahmat otaqları, elektron lövhəli sinif, laboratoriya, idman zalı, hərbi kabinə, kitabxana, həyətdə açıq idman qurğuları müəllim və şagirdlərin ixtiyarına veriləcək.
Kənddə mövcud olan köhnə məktəb binası isə müasir layihə əsasında yenidən qurulur. Burada kənd və xidmət mərkəzləri, eyni zamanda həkim ambulatoriyası fəaliyyət göstərəcək.
Xəbərlər şöbəsi