Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən avqust ayında su anbarlarından, nasos stansiyalarından, subartezian quyularından verilən suvarma suyundan səmərəli istifadə olunması daim nəzarətdə saxlanılıb, payız əkini sahələrini suvarma suyu ilə təmin etmək üçün bütün kanal, arx, hidrotexniki və digər qurğularda tələb olunan işlər yerinə yetirilib.
Bu dövrdə 1,58 kilometr sahilbərkitmə işləri aparılıb, 8,1 kilometr kanal, 30,6 kilometr ara arxları, 8,9 kilometr kollektor lildən təmizlənib, 350 metr suvarma, 1 kilometr təzyiqli boru xətti təmir olunub. Həmçinin 2,9 kilometr yeni suvarma xətti çəkilməsi suvarma tədbirlərinin səmərəli təşkilinə şərait yaradıb. Ötən ay subartezian quyularının qazıntısı və təmiri işləri də davam etdirilib. Komitənin Subartezian İdarəsi tərəfindən 86 subartezian quyusu təmir olunub, 11 subartezian quyusuna yeni nasos qoyulub. Ay ərzində Araz çayında torpaqların yuyulmasının qarşısını almaq üçün 600 metr sahilbərkitmə işi aparılıb, Vayxır sol sahil kanalının qidalandırdığı yeraltı suvarma şəbəkəsində təzyiqqırıcıların və elektromaqnit sayğacların quraşdırılması işləri davam etdirilib.
Əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində görülən işlər çərçivəsində ötən ay muxtar respublika ərazisində 4 kilometr içməli su, 460 metr kaptaj xətti təmir olunub, 6,22 kilometr yeni içməli su və 1,47 kilometr yeni kaptaj tikilib istifadəyə verilib. Kaptajlarda içməli suyun sərfini artırmaq məqsədilə bulaqlardan 600 metr içməli su xətti çəkilərək əsas xəttə birləşdirilib. Naxçıvan şəhərində, Culfa və Şahbuz rayonlarında çirkab sutəmizləyici qurğuların tikintisi davam etdirilir. Hazırda obyektlərdə avadanlıqların quraşdırılması işləri aparılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti