Əkin sahələrinin münbitliyinin qorunmasında, məhsul istehsalının artırılmasında növbəli əkinin əhəmiyyəti böyükdür. Növbəli əkin dedikdə torpağın münbitliyini artırmaqla bitkilərin xəstəlik və zərərvericilərinə, habelə alaqlara qarşı mübarizə aparma əsasında bütün əkin sahələrindən yüksək və keyfiyyətli məhsul götürmək üçün bitkilərin sahə və vaxt üzrə növbə ilə əkilməsi, bununla əlaqədar görülən tədbirlər sistemi başa düşülür.
Bitkiçilikdə növbəli əkinlərin tətbiqi çox böyük əhəmiyyətə malikdir. Çünki növbəli əkin zamanı bitkilərin bioloji xüsusiyyətlərindən asılı olaraq aparılan aqrotexniki tədbirlərin, hər bitkinin özündən sonra torpaqda müəyyən miqdar üzvi maddə (bitki qalıqları) saxlaması bu bitkidən sonra əkilmiş başqa bitkinin boy və inkişafına xeyli dərəcədə təsir göstərmiş olur.
Muxtar respublikamızda iqlim şəraitinə uyğun olaraq daha çox taxıl və dənli-paxlalı, kartof, tərəvəz və bostan bitkiləri əkilib-becərilir. Bu bitkiləri eyni yerdə bir neçə il təkrar əkib-becərdikdə məhsuldarlıq aşağı düşür.
Əkinlərin növbələşməsinin zəruri səbəbləri vardır. Dənli bitkilər inkişaf zamanı azot və fosfordan daha çox istifadə edir. Kartofa, şəkər çuğunduruna isə xeyli miqdarda kalium sərf olunur. Dənli bitkilərdə kök sistemi saçaqlıdır, köklər, əsasən, şum qatında yerləşir. Paxlalılarda, kökümeyvəlilərdə kök oxşəkillidir, torpağın dərin qatlarına gedir. Buna görə də dənli bitkilər qida maddələrini torpağın üst qatından, kökümeyvəlilər isə torpağın alt qatından alırlar. Əkinlərin düzgün növbələşməsi qida maddələrindən səmərəli istifadəyə təminat yaradır.
Bəzi təsərrüfatlarda ardıcıl olaraq bir çox illər tərəvəz bitkiləri, kartof və qarğıdalı eyni sahədə becərilir. Belə dövriyyəsiz əkinlərdən yüksək məhsul almağın səbəbi bir çox torpaq sahələrinin yüksək münbitli olması, düzgün suvarma tətbiq edilməsi, güclü gübrələmə, xəstəlik və zərərvericilərə qarşı ciddi mübarizə aparmaqdır. Bununla belə, əksər hallarda bir bitkini bir neçə il eyni yerdə əkdikdə, xüsusilə gübrə verilmədikdə ilbəil məhsuldarlıq azalır, xəstəlik və zərərvericilər şiddətli dərəcədə çoxalır, torpaq həmin bitki üçün zəhərli hala düşür. Çünki həmin bitki hər il ona lazım olan maddələri torpaqdan alır, yerində isə ona lazım olmayan maddələr qalır.
Əkinlərin düzgün növbələşməsi bitkilərə torpaqda olan və gübrələrlə verilən qida maddələrindən yaxşı istifadə etmək imkanı yaradır. Paxlalı bitkilər, xüsusən acıpaxla torpaqda olan bəzi mineral birləşmələrdəki və fosforit unundakı fosforu taxıl bitkilərinə nisbətən xeyli yaxşı mənimsəyirlər. Meyvəköklülər torpaqdakı udulmuş kaliumu tamamilə mənimsəyə bilərlər. Cərgəaraları becərilən bitkilər başqa bitkilərə nisbətən üzvi gübrələrə daha çox həssas olurlar və cərgəaraları becəriləndə torpaq yaxşı havalandığı üçün onlar üzvi gübrələrdən tam surətdə istifadə edirlər. Növbəli əkinə paxlalı bitkilərin daxil edilməsi torpağın azotla zənginləşməsinə səbəb olur. Bunun isə yoxsul podzol torpaqlarda çox böyük əhəmiyyəti vardır. Cərgəaraları becərilən bitkilər bir də ona görə bütün bitkilər üçün gözəl sələfdirlər ki, yüksək məhsul götürmək üçün onlara üzvi və mineral gübrələrin böyük dozaları verilir və gübrələr sonradan o yerdə əkilən bitkilərə də müsbət təsir göstərir.
Paxlalılar bütün bitkilər üçün çox gözəl sələf bitkiləridir. Onlar çoxlu yarpaq əmələ gətirdikləri üçün yazlıq alaqları boğur, qalan alaqların böyüməsini zəiflədir və eləcə də torpağın strukturunu yağışın dağıdıcı təsirindən yaxşı qoruyurlar. Paxlalı bitkilərin ən əsas qiymətli cəhəti odur ki, həzm olunan proteinlə zəngin məhsul verir və torpağı azotla zənginləşdirirlər.
Tərəvəzçilik üzrə açıq sahədə tətbiq olunan növbəli əkinlər zonalardan asılı olaraq müxtəlif tərəvəz-bostan bitkilərini əhatə edir. Təsərrüfatlarda faraş pomidor, badımcan, bibər, yazlıq və payızlıq kələm, kartof, xiyar, gül kələm və səbzə-tərəvəz bitkiləri əkində əsas yeri tutur.
Növbəli əkin zamanı müxtəlif vaxtlarda əkilən bitkilər torpağı quraqlıqdan qoruyur və məhsuldarlığı artırır. Qarğıdalı bütün mədəni bitkilərə nisbətən az su buxarlandırır və buna görə də yüksək məhsul verəndə belə, torpağı çox qurutmur. Qarğıdalı altında rütubət yaxşı qalır, çünki küləyin qüvvəsi və torpaqda suyun buxarlanması azalır.
Bol məhsulun əldə edilməsində növbəli əkinlə yanaşı, gübrələrin vaxtında verilməsi də mühüm əhəmiyyət daşıyır. Torpağa lazımi gübrələr verildikdə qida elementləri çox olur. Bitkinin həyat prosesi aktivləşir, torpaq münbitləşir. Gübrələr bitkilərin bioloji xüsusiyyətlərinə uyğun olaraq verilir. Bitkilərin qida maddələrinə tələbatı vegetasiyanın əvvəlində və fəal boyatma müddətində xüsusilə yüksək olur. Gübrə verilən il bitki ondan tam istifadə etmir, gübrənin müəyyən hissəsi ikinci və üçüncü ildə bitki tərəfindən mənimsənilir.
Gübrələr yüngül torpaqlara tez-tez və az miqdar ilə, az münbit torpaqlara üzvi gübrələr daha çox verilməlidir.
Gübrələr üç dəfə: səpinqabağı, səpin vaxtı və səpindən sonra verilir. Gübrələr səpinqabağı şum altına, torpağın dərin qatına verilir. Vegetasiyanın bütün dövrlərində üzvi gübrə, kompostlar və fosfordan geniş istifadə olunur. Səpin vaxtı verilən gübrələrdən bitkilər, əsasən, vegetasiyanın ilk dövründə bəhrələnir.
Səpindən sonrakı, yəni əlavə yemləmə gübrəsi bitkinin boyatma dövründə verilir. Bu zaman bitkilər daha çox ehtiyac duyduqları elementlərlə təchiz olunur. Payızlıq taxıllara ilk yazda əlavə gübrə kimi azot, fosfor və kaliumun verilməsi məhsuldarlığı artırmaqla bərabər, məhsulun keyfiyyətini də yaxşılaşdırır. Su ehtiyatı az olan quraqlıq şəraitində yandırıcı təsirə malik azot və kalium gübrələrindən az istifadə olunmalıdır.
Mədəni bitkilər əkilən torpaqlarda fosfor çatışmazlığı olur. Buna görə də fosfor gübrələrinin verilməsi torpağı münbitləşdirir və məhsuldarlığı yüksəldir. Məhz buna görədir ki, fosfor gübrələrinə el arasında “məhsul və bar” gübrəsi də deyilir. Fosfor gübrəsi bitkilərin xəstəliklərə davamlılığını artırır və ziyanvericiləri məhv edir.
Təsərrüfatçılarımız növbəli əkindən və gübrələrdən düzgün istifadə edərlərsə, məhsuldarlığı artırar və torpağın münbitliyinə təminat yaradarlar.
Elmira Əliyeva
Naxçıvan Muxtar Respublikası Toxumçuluq və Bitkilərin
Mühafizəsi İdarəsinin baş aqronomu