Muxtar respublikamızda sürətli iqtisadi inkişaf bank xidmətlərinin də həcminin artmasına səbəb olmuşdur. Cari ildə bank xidmətlərindən istifadə üçün edilən müraciətlərdəki artım bunu deməyə əsas verir.
Belə ki, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata əsasən, ötən ilin yanvar-avqust aylarında cəmi bank hesablarının 86,5 faizi işlək hesabların payına düşürdüsə, bu göstərici cari ilin eyni dövründə 91,8 faiz olmuşdur.
1 sentyabr 2015-ci il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 123 milyon 130 min, o cümlədən qısamüddətli kredit qoyuluşu 15 milyon 699 min manat, uzunmüddətli kredit qoyuluşu 107 milyon 430 min manat təşkil etmişdir.
2015-ci ilin ilk 8 ayı ərzində muxtar respublikanın bank və digər kredit təşkilatları tərəfindən 52 milyon 892 min manat kredit verilmişdir ki, bunun da 37 milyon 284 min manatını uzunmüddətli kreditlər təşkil edir. Verilmiş kreditlərin 14 milyon 552 min manatı kənd təsərrüfatının, o cümlədən 1 milyon 532 min manatı bitkiçiliyin, taxılçılığın, kartofçuluğun və bostan-tərəvəz məhsulları istehsalının, 1 milyon 59 min manatı isə arıçılıq və quşçuluğun payına düşür. Ümumilikdə, verilmiş kreditlərin 11 milyon 642 min manatı sənaye, 556 min manatı tikinti, 4 milyon 714 min manatı kommersiya, 5 milyon 921 min manatı nəqliyyat, 4 milyon 976 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditləri və digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilmişdir.
Əhalidən cəlb edilən cəmi əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 sentyabr 2015-ci il tarixə 1 milyon 470 min manat artaraq 7 milyon 659 min manat olmuşdur. Xarici valyuta ilə cəlb olunan əmanətlərin milli valyuta ekvivalenti ilə həcmi isə 3 milyon 736 min manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 190 min manat artım deməkdir.
Xəbərlər şöbəsi