23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvandakı yolların tarixi çox qədimdir. Yolları insanların hərəkət trayektoriyası rolunu oynayan vasitə kimi qəbul etsək, Naxçıvan yolları keçmişdən bu günümüzədək hərəkətli və strateji əhəmiyyətli yollar olmuşdur. Çünki insanların məskunlaşdıqları ən qədim yerlərdən biri olan Naxçıvan tarixən mühüm ticarət yolları üzərində yerləşən coğrafi ərazidir. Dünyanın mühüm yollarından biri hesab edilən qədim İpək Yolunun əsas qollarından biri Naxçıvan ərazisindən keçmişdir.

Təsadüfi deyil ki, orta əsrlərdə Naxçıvan uğrunda gedən mübarizənin əsas səbəblərindən biri də ticarət baxımından əlverişli olan bu yollara nəzarətin ələ keçirilməsi idi. Sonrakı dövrlərdə də bu yollar öz əhəmiyyətini qoruyub saxlamışdır. Ötən əsrin 70-80-ci illərində ölkənin bir çox yerlərində olduğu kimi, Naxçıvan ərazisində də yol infrastrukturunun inkişafına ciddi diqqət yetirilmişdir. XX əsrin 90-cı illərinin əvvəllərində yaranmış böhranlı vəziyyət, eyni zamanda Ermənistan tərəfindən Azərbaycana qarşı başladılmış ədalətsiz müharibə nəticəsində muxtar respublikanın yol infrastrukturuna da ciddi ziyan dəymiş, yeni yolların çəkilməsi, təmiri işləri, demək olar ki, tamamilə dayandırılmışdı.

Ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikanın blokadaya salınmasının, regionun sosial-iqtisadi tənəzzülə yuvarlanmasının əsas səbəblərdən biri də yolların bağlanması idi. Naxçıvanın paytaxtla əlaqəsini təmin edən avtomobil və dəmir yollarındakı hərəkətin qarşısının alınmasının hansı çətinliklər yaratdığını muxtar respublika sakinləri yaxşı xatırlayırlar.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf ölkə iqtisadiyyatının tərəqqisində mühüm rol oynayan avtomobil yollarının bərpası və yenidən qurulmasına da əlverişli şərait yaratmışdır. Xüsusilə Naxçıvanla Türkiyə və İran İslam Respublikası arasında çoxtərəfli əlaqələrin inkişafında mühüm rol oynayan körpülərin salınması, həmin körpüləri birləşdirən daxili yolların, eyni zamanda muxtar respublikanın əsas yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının təmiri və yenidən qurulması yol infrastrukturunun formalaşdırılmasında atılan ilk və mühüm addımlar idi.
Doğrudur, blokada vəziyyəti indiyədək davam etsə də, alternativ yollardan istifadə imkanları, eyni zamanda muxtar respublikanın daxili yol infrastrukturunun təkmilləşdirilməsi bu qədim diyarın hərtərəfli inkişafında öz sözünü demiş, nəticədə, Naxçıvanın bütün yaşayış məntəqələrini birləşdirən yolların, demək olar ki, çox böyük bir hissəsi yenidən qurulmuşdur. Naxçıvanda yol çəkilişlərini, avtomobil yollarının yenidən qurulmasını regionun inkişaf göstəricisi kimi qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Yol tikintisi inkişaf, insanların normal, rahat yaşaması üçün əsasdır. Harada ki, yol tikilir, orada inkişaf vardır. Ona görə bu gün yol tikintisi Azərbaycanın bütün bölgələrində sürətlə gedir. O cümlədən Naxçıvanda bu proses sürətlə gedir və həll olunur”.
“Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı” Azərbaycanda, eləcə də muxtar respublikada yol-nəqliyyat kompleksinin yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks yanaşmanı ortaya qoydu. Naxçıvan ərazisindən keçməklə Qərb və Şərq sivilizasiyalarını birləşdirən Böyük İpək Yolunun bərpası istiqamətində görülən işlər bu yanaşmanın təzahürü olmaqla, həm də ölkəmizdə uğurla həyata keçirilən irimiqyaslı layihələrdən sayılır. Ötən illər ərzində bu yol üzərində yerləşən 88 kilometrlik Naxçıvan-Sədərək magistralının, 8 kilometrdən artıq uzunluğa malik Naxçıvan dairəvi avtomobil yolunun, 32 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil yolunun inşası uğurla başa çatdırılmışdır. 2012-ci ilin may ayında muxtar respublikaya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Böyük İpək Yolunun bir hissəsi olan Naxçıvan-Culfa magistral avtomobil yolunun açılışında iştirak edərək muxtar respublikada yol infrastrukturunun yeniləşməsi istiqamətində görülən işləri yüksək qiymətləndirmiş, Naxçıvanın tranzit mərkəzə çevrilməsinin əsas hədəflərdən biri olduğunu diqqətə çatdırmışdır: “Bu yolun açılması Naxçıvanda böyük yol-nəqliyyat layihələrinin icrasının təzahürüdür. Biz iki il bundan əvvəl Naxçıvan-Sədərək avtomobil yolunun açılışını qeyd etmişik. Gözəl, dördzolaqlı, rahat yoldur. İndi Naxçıvan-Culfa magistral yolunun açılışını qeyd edirik. ...Beləliklə, Naxçıvan tranzit mərkəzə çevrilməkdədir”.
Xatırlatmaq lazımdır ki, dövlət başçısının müvafiq sərəncamları ilə uzunluğu 39 kilometr olan Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi və uzunluğu 57 kilometr olan Çeşməbasar-Boyəhməd avtomobil yollarının yenidən qurulması həmin istiqamətlərdə olan yaşayış məntəqələrinə gediş-gəlişi asanlaşdırmışdır. Bundan əlavə, tikintisinə 2012-ci ildən başlanılmış və ötən il istifadəyə verilmiş Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun yenidən qurulması da muxtar respublikanın əsas avtomobil yolları şəbəkəsini özündə birləşdirən kompleks quruculuq tədbirlərindəndir. Adıçəkilən avtomobil yolunun yenidən qurulması digər tərəfləri ilə yanaşı, muxtar respublikanın turizm potensialından səmərəli istifadə üçün də hərtərəfli şərait yaratdı. Muxtar respublikada yol quruculuğu sahəsində görülən işlərin növbəti ünvanı yenə də ölkə başçısının müvafiq sərəncamı ilə yenidən qurulan və 13 kənd yaşayış məntəqəsini birləşdirən Hacıvar-Sirab-Vayxır avtomobil yolu oldu. Bu avtomobil yolu Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun Vayxır kəndi ərazisindən Babək rayonunun Hacıvar kəndinədək olan 26 kilometr məsafəni özündə birləşdirməklə avtomobillərin Naxçıvan şəhərinə daxil olmadan Şahbuz-Culfa-Ordubad və əks istiqamətdə 12 kilometr məsafəyə qənaət etməklə rahat hərəkət etməsinə şərait yaratmışdır.
Yol tikintisi sahəsində həyata keçirilən tədbirlər bu gün də davam etdirilir. Hazırda Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2014-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, adıçəkilən marşrutlar üzrə avtomobil yolu yenidən qurulur. Yenidən quru­lan yol 31 min nəfər sakinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir. Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun uzunluğu 35 kilometrdir. İlkin olaraq burada yolun genişləndirilməsi həyata keçirilmiş, torpaqbərkitmə işləri aparılmış, ehtiyac duyulan yerlərdə su keçidləri qoyulmuşdur. Hazırda inşaatçılar dairəvi yolun ayrı-ayrı hissələrinə asfalt salınması ilə məşğuldurlar.
Muxtar respublikada magistral yollarla yanaşı, yerli əhəmiyyətli yolların yenidən qurulması da diqqət mərkəzində saxlanılır. Xüsusilə son illər ən ucqar dağ və sərhəd kənd­lərinin yol infrastrukturunun tamamilə müasirləşdirilməsi yaşayış məntəqələri arasında avtomobillərin təhlükəsiz və rahat hərəkətinin təmin edilməsinə, eləcə də kəndlərin turizm potensialının artmasına və iqtisadiyyatın inkişafına səbəb olmuşdur. Hazırda muxtar respublikanın müxtəlif kənd yaşayış məntəqələrindəki avtomobil yollarının təmiri və ya yenidən qurulması işləri davam etdirilir.
Yol tikintisi mürəkkəb prosesdir. Bunun üçün, ilk növbədə, xammal ehtiyatı, müasir emal müəssisələri və güclü maddi-texniki baza tələb olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı nəticəsində muxtar respublikada bu sahədə ardıcıl tədbirlər görülmüş, müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodları, qum-çınqıl karxanaları və bitum anbarları istifadəyə verilmiş, yol təsərrüfatının yenidən qurulmasında əsas amil olan keyfiyyətli asfalt istehsalına nail olunmuşdur. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti və onun tabeliyində olan idarələrin maddi-texniki bazası da xeyli möhkəmləndirilmiş, müxtəliftəyinatlı tikinti texnikaları alınaraq muxtar respublikaya gətirilmişdir. Bu sahədə həyata keçirilən tədbirlər yol tikintisinin səmərəli təşkilinə şərait yaratmış, müasir mühəndis-texniki tələblərə cavab verən avtomobil yolları inşa olunmuşdur. Yol-nəqliyyat infrastrukturunun inkişafına göstərilən diqqətin nəticəsidir ki, 1995-2014-cü illər ərzində muxtar respublikada 2592,4 kilometr uzunluğunda yol yenidən qurulmuş, avtomobil yollarında 100-dən artıq körpü tikilmişdir.
Bəli, müasir yol mənzil başına çatmaq üçün bir vasitə sayılsa da, təkcə fiziki məna kəsb etmir. Rahat və yaraşıqlı yollar həm də sosial, iqtisadi, mədəni, strateji tərəfləri özündə əks etdirir. Buna görə də keçmiş zamanlardan yol çəkdirmək, körpü saldırmaq savab işlərdən sayılmışdır. Bu təşəbbüsdə olanlara hər zaman hörmət və ehtiramla yanaşılmışdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyev yolu iqtisadiyyat, mədəniyyət, həyat amili kimi dəyərləndirərək onu yüksək qiymətləndirirdi. Ulu öndər Azərbaycana rəhbərliyinin hər iki dövründə yol infrastrukturunun yenilənməsinə böyük töhfələr vermiş, ölkədə yeni yollar və körpülər salınmasını diqqətdə saxlamışdır. Bu sahədə görülən işlər muxtar respublikada da uğurla icra olunmuş, nəticədə, rahat və müasir yollar Naxçıvanın hərtərəfli inkişafının göstəricisinə çevrilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Yol tikintisi Azərbaycan dövlətinin iqtisadi qüdrətinin və vətəndaşlarına göstərdiyi qayğının təzahürüdür”.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR