23 Dekabr 2024, Bazar ertəsi

Əhalinin etibarlı ərzaq təminatı strateji əhəmiyyət daşıdığından Naxçıvanda aqrar sektorun inkişafına ciddi diqqət yetirilir. Statistik rəqəmlər muxtar respublikada aqrar sektorun son 20 ildə daim yüksələn dinamika üzrə inkişaf etdiyini göstərir. Son 20 ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 3 dövlət proqramı qəbul olunmuşdur. Qəbul edilmiş dövlət proqramlarında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı daim diqqət mərkəzində olmuşdur.

Öz tarixi ənənələri və coğrafi mövqeyi ilə daim diqqəti cəlb edən Naxçıvan Muxtar Respublikasında təbii və əmək ehtiyatlarından səmərəli istifadə olunmaqla ardıcıl tədbirlər həyata keçirilmişdir.

2015-ci il Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili” elan edilmişdir. İlin əvvəlindən aqrar sektorda mühüm tədbirlərin həyata keçirilməsinə start verilmişdir. Əsas məqsəd aqrar sektorun infrastrukturunun dünya standartları tələblərinə uyğun uzlaşdırılması, yeni texnologiyanın tətbiqinin genişləndirilməsi və modernləşdirilmənin sürətləndirilməsi, torpaq- iqlim şəraitinə görə aqrar sektorun müxtəlif aparıcı sahələri üzrə regionların ixtisaslaşdırılması, rayonlarda dövlətin inzibati və maliyyə resurslarından səmərəli istifadə olunmaqla çoxşaxəli istehsalçı – emal sənayesi – son məhsulun satışı kimi prioritet sahələrin gələcək inkişafını təmin edən müasir aqroparkların baza əsasının yaradılmasıdır.
Blokada vəziyyətində olan muxtar respublikada kənd təsərrüfatı əhalini ərzaq məhsulları, emal sənayesini xammalla təmin etdiyindən əhalinin əsas məşğulluq sahələrindəndir. Bölgədə çoxlu sayda müasir sənaye müəssisələri yaradılsa da, muxtar respublikanın coğrafi mövqeyi aqrar bölmənin inkişafına uyğun gəldiyindən bu sahəyə daha çox diqqət yetirilir. Aqrar islahatların nəticəsi kimi kənd təsərrüfatında tələbata uyğun strateji istiqamətlərin dəqiq müəyyənləşdirilməsi, meyvəçilik və tərəvəzçilik sahəsində dünya standartlarına cavab verən emal və istehsal müəssisələrinin yaradılması, yerli istehsalın artırılması ilə onların idxalının tədricən azaldılması və digər problemlərin həlli üçün uzunmüddətli proqramların hazırlanmasına ciddi ehtiyac duyulurdu. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci ildə imzaladığı “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqındakı Sərəncam hazırkı dövrdə əhalinin artan tələbatına uyğun olaraq meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişafı üçün qəbul edilmiş mühüm dövlət sənədidir. Bu sərəncamla muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişafında yeni bir mərhələnin əsası qoyulmuşdur.
Dövlət proqramına uyğun olaraq, meliorasiya və irriqasiya tədbirlərinin, lizinq xidmətinin genişləndirilməsi, istixana komplekslərinin, meyvə-tərəvəz emalı müəssisələrinin işə salınması kənd təsərrüfatının inkişafına əlverişli şərait yaratmışdır. Nəticədə, yeni meyvə bağları salınmış, tərəvəz əkini sahələri genişləndirilmişdir.
Qeyd edək ki, muxtar respublikada iqtisadiyyatın bütün sahələri üzrə sürətli inkişaf təmin olunmaqla aqrar sektorun dinamik inkişafı üçün müasir infrastruktur yaradılmışdır. Kənd yerlərində heyvandarlıq təsərrüfatları genişləndirilmiş, meyvə, tərəvəz məhsullarının istehsalı artırılmış, taxılçılıq artan dinamika üzrə inkişaf etdirilmişdir.
Naxçıvan Muxtar Respublikasında meyvəçilik və tərəvəzçilik əhalinin əsas məşğulluq sahələrindən biridir. Regionda torpaq-iqlim şəraiti müxtəlif giləmeyvə, meyvə ağaclarının tez böyüməsi, inkişafı, bol və yüksəkkeyfiyyətli məhsul verməsi üçün olduqca əlverişlidir. Düzən, dağətəyi və dağlıq ərazilərdə alma, armud, ərik, şaftalı, gavalı, alça, badam, cəviz və sair meyvə bağlarının salınması üçün əlverişli ekoloji mühit mövcuddur. Tarixən bu ərazidə müxtəlif genetik xüsusiyyətləri ilə fərqlənən meyvə, tərəvəz və üzümün zəngin genofondu yaradılmışdır. Regionda 100-dən çox meyvə sortları, 150-dən çox üzümün sort və formalarından ibarət meyvə və üzüm kolleksiya bağı salınmışdır. Kolleksiya bağında bu bitkilər qorunub artırılmaqla üzərində elmi-tədqiqat işləri aparılmış, aqrobioloji, biomorfoloji, morfogenetik və biokimyəvi xüsusiyyətləri öyrənilmişdir.
Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində və ərzaq təminatının yaxşılaşdırılmasında anbar və saxlama kameralarının yaradılması strateji əhəmiyyət kəsb edir. Muxtar respublikada 2004-2014-cü illərdə ümumi tutumu 12 min 250 ton olan soyuducu anbarlar, tutumu 27 min ton olan uzunmüddətli və 43 min 400 ton olan qısamüddətli taxıl ehtiyatı anbarları, 17 taxıl emalı müəssisəsi, 222 heyvandarlıq, 64 quşçuluq, 94 arıçılıq, 12 balıqçılıq, 68 bağçılıq və üzümçülük təsərrüfatı istifadəyə verilmişdir.
Aqrar sahənin inkişafına göstərilən qayğı 2015-ci ilin ötən dövründə də davam etdirilmiş, uğurlu nəticələrə nail olunmuşdur. Cari ilin ilk 6 ayının göstəriciləri də bunu sübut edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Aparılmış tədbirlərin nəticəsidir ki, cari ilin birinci yarısında bitkiçilik məhsulları istehsalının həcmi 2008-ci ilin yanvar-iyun aylarına nisbətən 3,5 dəfə artaraq 54 milyon 783 min manata, heyvandarlıq məhsulları istehsalının həcmi isə 91,1 faiz artaraq 56 milyon 88 min manata çatmışdır.
Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 aprel tarixli Sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkmələrin aparılmasında istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımın həcmi 25 faiz artırılaraq 50 manata çatdırılmışdır. Ötən dövr ərzində məhsul istehsalçıları 5939,1 ton mineral gübrə ilə təmin olunmuşlar.
2015-ci ilin məhsulu üçün muxtar respublikada 61 min 414 hektar sahədə əkin aparılmışdır ki, bu da 2014-cü ilin məhsulu üçün əkilmiş sahədən 585 hektar çoxdur.
Ötən dövr ərzində muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılmış və 2015-ci ilin məhsulu üçün 36237 hektar sahədə taxıl əkilmişdir. Bunun da 30166 hektarı payızlıq, 6071 hektarı isə yazlıq taxıldır. Bir il öncəyə nisbətdə taxıl əkini sahələrinin həcmi 487,3 hektar artmışdır. Taxıl zəmilərinin 26746 hektarında buğda, 9491 hektarında isə arpa əkilmiş, sahələrdə bol məhsul yetişdirilmiş, zəmilərdən 106 min 282 ton məhsul toplanmışdır.
Tələbata uyğun olaraq, kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılmış və 2015-ci ildə 2967 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2014-cü ildə əkilmiş sahədən 5 hektar çoxdur.
Muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə 2015-ci ilin ötən dövrü ərzində 4 istixana təsərrüfatı yaradılmışdır.
Cari ilin ilk yarımili ərzində kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 10661,3 min manat məbləğində kreditlərin verilməsi təmin olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 26,9 faiz çoxdur.
2015-ci ilin yanvar-iyun aylarında 2014-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz çox, yəni 110 milyon 870 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.
Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamında Kənd Təsərrüfatı Nazirliyinə fermerlərə informasiya-məsləhət xidmətinin səmərəli təşkili sahəsində müvafiq tədbirlər görülməsi barədə tapşırıqlar verilmişdir. Aqrar sektorun müasir tələblərə cavab verəcək sürətli inkişafı informasiya-məsləhət xidmətlərinin fəaliyyətindən daha çox asılıdır. Bu istiqamətdə muxtar respublikada lazımi tədbirlər həyata keçirilir, fermerlərə müxtəlif informasiya-məsləhət xidmətləri göstərilir. Müasir dövrdə kənd təsərrüfatı üzrə hər bir rayonda ixtisaslaşmanın aparılması, rəqabətədavamlı məhsulların beynəlxalq bazarlara çıxarılması üçün strateji istiqamət müəyyənləşdirilmişdir. Buna müvafiq olaraq ölkə Prezidenti tərəfindən kənd təsərrüfatının innovativ üsullarla inkişaf etdirilməsi və ixrac potensialımızın çoxşaxəli olması barədə tapşırıqlar verilmişdir.
Muxtar respublikada da aqrar sektorun daim yeniləşməsi, kənd təsərrüfatı məhsullarının becərilməsinin, istehsalının və emalının innovativ üsullar əsasında təşkili müasir dövrün tələbidir. Muxtar respublikada əsas kənd təsərrüfatı məhsullarının istehsalı üzrə bölgələrin ixtisaslaşması daha çox işçi qüvvəsindən səmərəli istifadə olunmasına, müxtəlif yerli kənd təsərrüfatı məhsullarının xaricə ixrac edilməsinə zəmin yaradır. Kənd təsərrüfatı üzrə kadr hazırlığı, bitki və heyvan mənşəli məhsulların istehsalında ixtisaslaşmanın aparılması ilə paralel olaraq dünyanın qabaqcıl ölkələrində olduğu kimi, iri təsərrüfatların yaradılması aqrar sektorun daha sürətli inkişafına imkan verəcək.
Regionda aqrar sektorun inkişaf etdirilməsi istiqamətləri “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nda da öz əksini tapmışdır. Dövlət proqramına uyğun olaraq, muxtar respublikada kənd əhalisinin maddi rifahının daha da yüksəldilməsi üçün əsas kənd təsərrüfatı məhsulları üzrə bölgələrin ixtisaslaşdırılması, istehsal olunan ərzaq məhsullarının toplanmasında və satışının təşkilində dövlət dəstəyinin daha da artırılması, müasir aqroparkların yaradılması, məhsulun becərilməsində stimullaşdırıcı tədbirlərin və innovativ texnologiyanın tədqiqi, bir-biri ilə əlaqəli iri, xırda və orta müəssisələr qrupunun, habelə onların fəaliyyəti ilə bağlı olan təşkilatların bölgədə cəmləşməsinin həyata keçirilməsi, fermerlərə müvafiq informasiya-məsləhət xidməti şəbəkəsinin fəaliyyətinin artırılması, nəticədə, daxili və xarici bazarlarda rəqabətədavamlı ərzaq məhsulları istehsalının artırılması strateji istiqamətlər təşkil edir.

Varis QULİYEV
AMEA Naxçıvan Bölməsi Bioresurslar
İnstitutunun əməkdaşı, aqrar elmləri doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR